Nəriman Nərimanzadə Tərtər rayonunda Yeni Azərbaycan Partiyasının ilk fəallarından biri olan Kərrar Bayramovun oğ-ludur. O Vətənə, partiyaya sevgini elə ailəsindən öyrənib, doğulduğu ocaqda formalaşıb cəmiyyət arasına çıxıb. Hələ orta məktəbdə təhsil aldığı zaman valideynlər bu oğulları ilə fərəhlənirdilər. İnanırdılar ki, Nəriman gələcəkdə onların zəhmətini itirməyəcək, layiqli bir övlad olacaqdır. Bu inam – Nəriman Bakı şəhərində Təfəkkür Universitetinin İqtisadiyyat fakültəsində oxuduğu, ədliyyə nazirliyi Pentensial Xidməti Mühafizə Alayında əsgəri xidmətini çəkdiyi vaxtlarda özünü doğrultmuşdu. Hərbidən qayıtdıqdan sonra ixtisasına uyğun fəaliyyətə başlamışdır. Bərdə “KredAqro” MMC-də kredit mütəxəssisi, sonra isə Tərtərdə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edərək operator vəzifəsində çalışıb. Üç ildən sonra müqavilə müddəti bitdikdə gənclər və idman idarəsində aparıcı məsləhətçi işləyib. 2020-ci ilin martından isə hal-hazıra kimi Borsunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə baş mühasib vəzifəsində işləyir. Məqsədim onun çalışdığı sahələri sadalamaq deyil. Nəriman işlədiyi sahədən asılı olmayaraq məsuliyyətini dərk edərək, üzərinə düşən vəzifənin öhdəsindən gəlməyə çalışıb.
Xalqımızın erməni separatçılarına qarşı müharibəyə Nəriman da qoşulub. 2020-ci il sentyabr ayında qismən səfərbərlik zamanı Vətənin müdafiəsinə qalxıb, könüllü olaraq sentyabrın 21-dən “Ballı qaya”da hərbi toplanış keçib. Bu barədə özü deyir:
–Sentyabrın 26-dan artıq bizi böldülər hərbi bölmələrə. Mən Goranboy rayon “N” saylı hərbi hissənin maddi-texniki təchizat bölməsinə düşdüm. “MAZ” avtomaşınına atıcı-sürücü təyin olundum. İşimiz maddi və texniki təchizatın qəbulu və daşınması oldu. Bəlkə də bu adi görünə bilər. Lakin, ağır sursat dolu yeşikləri əl ilə müəyyən yüksəkliyə daşımaq adamda güc və cəsarət tələb edir. “Allah saxlayanda saxlayır” kəlamı doğrudur. Elə anlarımız olub ki, sağ-solumuza mərmi yağış kimi tökülüb. Müharibədə olan bütün zabit və əskərlərimiz kimi bizim bölüyün üzvləri də döyüşlər zamanı şəhid olanların, yaralıların şahidi olurdular. Talış kəndi azad olduqdan sonra bi-zim sursat anbarı Tapqaraqo-yunlu istiqamətində “Cay postu” deyilən yerdə dağlıq ərazilərdə və yeraltı sığınacaqlarda yerləşdirildi. Bizim bölmədən fiziki zəhmət daha çox tələb olunurdu. Bölməmizin üzvlərindən Abdulla Dibirov, Məhəmmədəli Əzizov və başqaları hərbi hissələri maddi-texniki vasitələrlə vaxtında təchiz etməyə çalışırdılar.
44 günlük döyüşdə hər bir vətəndaş kimi biz də üzərimizə düşən işi layiqincə görməyə çalışmışıq.
Ali baş komandan İlham Əliyevin medalla təltif etdiyi əskər və zabitlər arasında bizim bölüyün üzvləri də vardır. Hər birimiz fəxr edirik ki, torpaqlarımızın azad olunmasında biz də iştirak etmişik və bizim də bu qələbədə payımız var.
Nəriman onu da bildirdi ki, 26 dekabr 2020-ci il tarixdən Ordudan təxris olunub. Lakin müharibə günlərini unuda bilmir. Ordumuzun şücaəti sayəsində əsir torpaqlarımızın işğaldan azad olunmasına görə qürur duyur. Dövlətimizin və Ordumuzun başında Prezident İlham Əliyevin dayanması ilə fəxr edir.
Elfuzə Vəliyeva
-
18Mar
Müəllif: Redaktor, 08:14