Cari ilin mart ayının 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş giriş və yekun nitqi söyləmişdir. Dövlət başçısının nitqində ölkəmizin sosial-iqtisadi inkişafında və beynəlxalq siyasi arenada qazandığı uğurlarda YAP-ın oynadığı əsas roldan və digər məsələlərdən ətraflı bəhs edilmişdir. Həmçinin qeyd olunmuşdur ki, 1990-cı illərin əvvəllərindəki gənc müstəqil Azərbaycanla bugünkü Ermənistanda baş verənlər arasında oxşarlıqlar var – ümidsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depressiya, heç bir siyasi qüvvəyə inamın olmaması, iqtidara inamın olmaması, müxalifətə inamın olmaması.
O vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü ancaq öz maraqlarını güdürdü. Hakimiyyətə təsadüfi adamlar gəlmişdi, eynən Ermənistanda 2018-ci ildə hakimiyyətə gələn insanlar kimi – təcrübəsiz, biliksiz, mədəniyyətsiz, səriştəsiz, qorxaq, fərari.
Ölkə tamamilə idarəolunmaz vəziyyətdə idi. Köhnə partnomenklatura demək olar ki, tamamilə iflic vəziyyətə düşmüşdü, hakimiyyətə qanunsuz yollarla gəlmiş AXC-Müsavat cütlüyü ölkəni talayırdı, dağıdırdı, müharibə gedə-gedə Ermənistana benzin satırdı.
Guya demokratik olan Xalq Cəbhəsi tərəfindən senzura tətbiq edilmişdi.
O vaxt onlara qarşı söz deyəni tutub əzirdilər, döyürdülər, öldürürdülər.
Xalq Cəbhəsi-Müsavat bütün ölkələrlə münasibətləri yerə vurmuşdu. Bəzi ölkələrə qarşı iddialar irəli sürdülər, bizi bəzi qonşularımızla düşmən etdilər.
Özlərini əlaltı kimi aparmaqla hesab edirdilər ki, özləri üçün bir sığınacaq yeri tapa bilərlər.
Beləliklə, Xalq Cəbhəsi-Müsavat cütlüyü Azərbaycanı yerləşdiyi bölgədə təcrid etmişdi.
Amma YAP-ın – iqtidarın düzgün siyasəti nəticəsində Ermənistan təcrid edilmiş vəziyyətdədir, Azərbaycan isə bütün qonşularla çox səmərəli dostluq, mehriban qonşuluq əsasında münasibətlər qurub.
Əgər bu sahədə hazırlıq işləri aparılmasaydı, İkinci Qarabağ müharibəsində çətinliklər ola bilərdi.
İlham Əliyev sonra göstərdi ki, hərbi məğlubiyyət daxili böhranla tamamlanır. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdu. AXC-Müsavat hakimiyyətinin ifrat səriştəsizliyi, ölkənin təcrid olunmuş vəziyyətə düşməsi, daxildə vətəndaş müharibəsi təhlükəsi YAP-ın yaranmasını tarixi zərurətə çevirmişdi.
Yeni Azərbaycan Partiyasının yaranması zəruriliyindən danışan partiyanın sədri İlham Əliyev söylədi ki, YAP Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi.
O vaxt cəsarət və milli düşüncə göstərmiş vətənpərvər insanlar – məşhur “91-lər” Ulu Öndərə müraciət ediblər.
YAP-ın təsis qurultayının Naxçıvanda keçirilməsi səbəbi odur ki, Bakıda imkan verilməmişdi. Heydər Əliyev fenomenindən o qədər qorxurdular, öz cılız mahiyyətlərini özləri o qədər dərk edirdilər, bilirdilər ki, əgər bu qurultay Bakıda keçirilsə, bunların hakimiyyətinə son qoyulacaq.
1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı.
Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Ulu Öndər xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı.
Dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın.
Bizim əsl müstəqillik tariximiz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi.
1993-2003-cü illər Azərbaycan üçün həlledici illər olmuş, dövlətçiliyin əsasları qoyulmuşdur.
Prezident İlham Əliyev ölkədə qazanılmış son 17 ilin uğurlarından da bəhs etdi. Göstərdi ki, son 17 il gənc ölkəmiz üçün əvvəlki dövrə, o möhkəm təmələ əsaslanmış yeni dövrdür.
2003-2020-ci illər “Vətən müharibəsi” modelinin tətbiqi üçün hazırlıq dövrü olmuşdur.
Prezident İlham Əliyev öz nitqində həm də müharibədən danışaraq dedi: “Mən deyirdim ki, sülh yolu ilə məsələ həll olunmasa, müharibə yolu ilə bunu həll edəcəyik”.
Buna görə Azərbaycan və Azərbaycan rəhbərliyinə böyük ölkələr tərəfindən davamlı təzyiqlər edilmişdir.
Azərbaycanda yetişən yeni gənc nəsil də bu amal uğrunda tərbiyə olunmuşdur.
Gənc nəsil Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişdi və torpaqlarımızı işğalçılardan azad etdi. Onlar vətənpərvərlik və fədakarlıq göstərərək canlarından keçdilər, şəhid oldular, qazi oldular, qəhrəmanlıq göstərdilər və tarixi ədaləti bərpa etdilər.
Sonra partiya sədri qeyd etmişdir ki, iqtisadi müstəqilliyin təmin edilməsi qarşıya hədəf olaraq qoyulmuş və bu hədəfə nail olunmuşdur. Bu gün istənilən meyar üzrə, istənilən parametr üzrə heç kimdən asılı deyilik, iqtisadi sahədə ən qabaqcıl yerlərdəyik.
Çox mötəbər təşkilat tərəfindən dünyanın 60-dan artıq suveren fondlarının təhlili aparılıb və Azərbaycan Dövlət Neft Fondu bütün parametrlər, bütün meyarlar üzrə beşinci yerdədir.
Davos İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan iqtisadi inkişaf baxımından, infrastruktur layihələri baxımından inkişaf etmiş ölkələri qabaqlayıb.
Əraziləri işğal olunmuş, çox çətin geosiyasi vəziyyətdə olan Azərbaycan bu nailiyyətləri öz zəhməti hesabına qazanıb.
Bu il təkcə bərpaolunan enerji növlərinə təqribən 400-500 milyon dollarlıq xarici investisiyalar qoyulub.
Azərbaycanda daxili sabitlik əsas amildir.
Ermənistana indi xaricdən yardım olmasa, birdəfəlik batacaq. İnkişaf üçün, daxili sabitlik üçün heç bir əsas yoxdur. Heç dövlət çevrilişi də edə bilmirlər.
Azərbaycanda yürüdülən müdrik siyasət, sosial ədalətə riayət edilməsi hesabına xalq-iqtidar birliyi təmin olunub.
Azərbaycan Ermənistanı regional layihələrdən, neft-qaz layihələrindən təcrid etdi, onların iqtisadiyyatını çökdürdü.
Azərbaycan bölgədə vəziyyəti köklü surətdə dəyişdirə bilib.
Bu gün elə bir ölkə yoxdur ki, o ölkə ilə hansısa problemimiz olsun.
“Şərq tərəfdaşlığı” ölkələrindən yalnız Azərbaycan Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb.
Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyir və sazişin 90 faizi razılaşdırılıb.
Azərbaycanın digər ölkələrlə xarici siyasəti çoxşaxəlidir. Beynəlxalq təşkilatlarda fəal iş aparılaraq İkinci Qarabağ müharibəsi üçün hüquqi bazanı daha da möhkəmləndirilmişdir. Qurultayda ona da önəm verildi ki, AŞPA, İƏT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, NATO, BMT Baş Assambleyası Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən çoxsaylı sənədlər qəbul etmişlər.
Azərbaycan əleyhinə müharibə dövründə BMT Təhlükəsizlik Şurasında qətnamə hazırlanarkən Qoşulmama Hərəkatına üzv ölkələr bu təşəbbüsün qarşısını almışlar.
Prezident İlham Əliyev xüsusi olaraq qeyd etdi ki, “Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir.”
Əsrlərboyu Azərbaycan xalqı bu Qələbəni öz ürəyində, qəlbində yaşadacaq. Çoxəsrlik Azərbaycan tarixində buna oxşar parlaq Qələbə və mütləq Qələbə olmamışdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu. Azərbaycan mütləq qələbəni qazandı, düşməni darmadağın etdi.
Prezident İlham Əliyev diqqətə çatdırdı ki, bütün partiyalar, özünü siyasi qurum adlandıran antimilli şura istisna olmaqla, bütün siyasi qüvvələr dialoqa meyl göstərib, təşəbbüsü alqışlayıb və artıq bu dialoq baş tutub.
Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir, siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir.
Antimilli qüvvələr Paşinyanı bizə nümunə gətirirdilər, onu təmiz adam adlandırırdılar, onu demokrat adlandırırdılar. Ermənistanda müharibədən əvvəl sonra aparılmış həbslərə Qərb heç bir reaksiya vermir. Qərb artıq bu demokratiya məsələləri ilə bağlı özünü tam ifşa edib. Bu durumda vaxtilə Paşinyanı nümunə gətirən “Milli Şura” üzvlərinin susması da ikiüzlülük kimi qınanmalıdır.
Antimilli ünsürlərin məqsədi Azərbaycanı qarışdırmaq, Azərbaycanı çökdürmək, Azərbaycan rəhbərliyini hörmətdən salmaq, ölkəni daxili çəkişmələrə sürükləməklə əsas milli hədəfdən – Qarabağın azad olunması hədəfindən yayındırmaq olub.
Bizim şanlı Ordumuzun Qələbəsinə kölgə salmaq istəyənlər də bu məqsədi güdür. Azərbaycan tarixində bəlkə də onlar kimi iyrənc insanlar olmayıb.
Prezident öz nitqində söylədi ki, xarici siyasətlə bağlı kurs dəyişməz olaraq qalır. Müharibə dövrü və müharibədən sonrakı dövr bir də onu göstərdi ki, bu, çox düzgün kurs idi.
Ermənistan ərazi bütövlüyümüzü qəbul edəcəyi, regional əməkdaşlıq təşəbbüslərinə adekvat reaksiya verəcəyi təqdirdə, Azərbaycan Ermənistanla keçmiş düşmənçiliyi aradan qaldırmağa, bu səhifəni bağlamağa da hazırdır.
Prezident, həmçinin bildirib ki, biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq. Heç vaxt şəhidlərimizin qəhrəmanlığını unutmayacağıq. Amma biz şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanını aldıq. Düşməndən qisasımızı aldıq döyüş meydanında. Əldə edilmiş qələbə bizi tam qane edir. Biz bundan sonra belə yaşamalıyıq. Biz şəhidlərimizin qanını yerdə qoymadıq, qisasımızı aldıq, düşməni cəzalandırdıq. Bütün dünyanın gözü qarşısında onlar bizim qabağımızda diz çöküblər, təslim olublar, ağ bayraq qaldırıblar və bundan sonra bu məğlub edilmiş ölkə damğası ilə əbədi yaşayacaqlar. Biz isə bundan sonra qürurlu xalq kimi və mübariz dövlət kimi yaşayacağıq.
Döyüş meydanında da, siyasi meydanda da qələbə qazandıq.
Qeyd olunmuşdur ki, YAP-ın VI qurultayından üç il ötür.
YAP-ın Nizamnaməsinin qəbul olunmasından xeyli müddət keçmişdi, bu müddət ərzində YAP ciddi irəliləyişlər əldə etmişdi.
Bu illər Azərbaycanın və bölgənin həyatında həlledici, mühüm hadisələr baş verib. Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, Vətən müharibəsində parlaq Qələbə qazanılıb.
Ötən 3 il ərzində Prezident və parlament seçkiləri keçirilib. Bu seçkilərlə ölkəmizdə gedən islahatlar daha bir mərhələyə qədəm qoyub.
Azərbaycan genişmiqyaslı islahatlar aparır, bu islahatların nəticələri gündəlik həyatda, ölkənin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə əksini tapır.
İctimai-siyasi iqlim sağlamlaşdırılır.
Eyni zamanda, siyasi, iqtisadi, sosial və başqa sahələrdə xoşagəlməz hallara qarşı mübarizədə də qarşıya açıq-aydın hədəflər qoyuldu.
Azərbaycanın uğurlu enerji siyasəti, nəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatları yaradıb.
İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları yaradıb. Azərbaycanda həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişaf təmin edilib, beynəlxalq aləmdə çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrilib.
YAP-ın fəaliyyətinin tənzimlənməsinin yeni, çevik mexanizminin yaradılması aktual idi. Bu məsələlər partiyanın qurultayı tərəfindən təsdiq edilən yeni Nizamnaməsində öz əksini tapıb.
YAP-ın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir.
YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır.
Qurultayda YAP-ın idarə heyəti, təftiş komissiyası və veteranlar şurası seçilmişdir.
YAP-a aşağıdakı partiyalar birləşmişdir:
Azərbaycan Xalq Demokratik Partiyası – 1992-ci ildə təsis edilib, Azərbaycan Kəndli Partiyası – 1992-ci ildə təsis edilib, Milli Qurtuluş Partiyası – 1993-cü ildə təsis edilib, Azərbaycan Yurddaş Partiyası – 1993-cü ildə təsis edilib, Azərbaycan Milli Hərəkat Partiyası – 1994-cü ildə təsis edilib, Azərbaycan Demokrat Sahibkarlar Partiyası – 1994-cü ildə təsis edilib.
Qurultayda göstərilmişdir ki, Azərbaycan yeni dövrə qədəm qoydu. Bölgədə və ölkəmizdə tamamilə yeni geosiyasi vəziyyətdir. Ona görə biz bütün addımlarımızı düzgün atmalıyıq ki, daim qələbə qazanaq, Azərbaycan bayrağı daim yüksəklərdə olsun.
Azərbaycan İkinci Qarabağ müharibəsinin təcrübələrindən istifadə edərək zəif yerləri aradan qaldıracaq, daha modern, daha üstün ordu quracaq.
Biz elə planlaşdırmalıyıq ki, bəlkə də əlli ildən sonra XXII əsrin müharibəsinə də hazır olaq. Çünki beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər.
İndi Qarabağın bərpası ilə bağlı bizim əsas rəqibimiz zamandır.
Prezident qarşıda duran vəzifələrdən danışarkən söylədi ki, ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti artsın, təsir imkanlarımız artsın və daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın.
Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir ailə kimi yaşayırlar və bundan sonra da bir ailə kimi yaşayacaqlar.
Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, tam müstəqil şəkildə öz daxili, xarici siyasətini aparır, öz dostlarını özü seçir, heç kimin qabağında baş əymir, heç kimə hesabat vermir. 30 ildən sonra biz müstəqillik gününü qürur hissi ilə qarşılayırıq. 30 ildən sonra Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş ölkə kimi, Ermənistanı məğlub etmiş ölkə kimi bu yubileyi qarşılayır.
Zəngəzur dəhlizi tarixi nailiyyətimizdir. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim böyük siyasi qələbəmizdir. İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır. İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir. Lakin onları məcbur edəcəyik. Necə ki, qovmuşuq torpaqlarımızdan, bütün istədiyimizə nail olacağıq.
Qurultayda YAP-ın strukturu tamamilə yeniləndi. Yenilənmiş YAP xalqımızın həyatında daha çevik və daha səmərəli fəaliyyət göstərəcəkdir.