Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə lV qrant müsabiqəsində qalib gəlmiş layihələrdən biri də “Uşaq kimi düşün” layihəsidir. Tərtər rayonu üzrə bu müsabiqədə ilk qalib layihədir. Müasir dövrdə elm və texnologiyanın inkişafı həyatımızda olan bir çox prosesləri sürətləndirməklə yanaşı ünsiyyəti zəiflədir. Bilirik ki, insan psixologiyası ətraf mühitin təsiri ilə formalaşır, odur ki, övladlarımızın düzgün psixoloji inkişafını təmin etmək üçün onlara düzgün inkişafetdirici mühit yaratmalıyıq. Bəzən məktəblilər arasında davraniş pozuntuları, aqressiya, özü-nüifadədə zəiflik, iradəsizlik və s. hallarla rastlaşırıq. Bunları doğuran müxtəlif səbəblər var, ən vacibi isə ünsiyyətsizlikdir. Belə ki, uşaq valideynlərinə, digər yaxınlarına və ya müəlliminə hansısa problemi haqqında danışmaqda çətinlik çəkir. Bunu necə edəcəyini, necə söhbətə başlayacağını bilmir və qarşı tərəfin verəcəyi reaksiyadan çəkinir. Nəticədə uşaq özünə qapanır, hiss və düşüncələrini içində boğur, basdırır. Bu hisslər və emosiyalar gələcəkdə stresə, davranış pozuntularına və s. mənfi hallara səbəb olur. Bu məsələlərin həllində “Uşaq kimi düşün” layihəsi müəllim və valideynlərə dəstəkdir.
Layihənin əsas məqsədi:
Təhsilalanlarla ünsiyyətin və onlara psixoloji dəstəyin düzgün göstərilməsi üçün müəllim və valideynlərə köməklik göstərmək;
Şagirdlərdə olan aqressiya, özünüifadə çətinliyi, şəxsiyyət kimi formalaşa bilməmə və s. neqativ halların azaldılması;
Məktəb daxilində bullinqin müəyyənləşdirməsi və aradan qaldırılması yollarını tapmaq.
Layihənin vəzifələri:
●Müəllimlərlə psixoloqun iştirakı ilə təlimlər təşkil etmək;
●Valideynlərlə psixoloqun iştirakı ilə təlimlər təşkil etmək;
●Təlimlər vasitəsi ilə layihənin məqsədi və prioritetləri olan məsələlərin həllində səmərə əldə etmək.
Layihə hazırkı vəziyyətlə əlaqədar olaraq onlayn şəkildə həyata keçirilib. Layihədə müəllim və valideynlər üçün təlimlərin təşkili nəzərdə tutulmuş və təlimlər uğurla başa çatmışdır. Təlimlərdə layihənin rəhbəri olaraq mən, psixoloq Şirin Ələsgərova, müəllimlər və psixoloqlar, valideynlər iştirak etmişdirlər. Ümumilikdə təlimlərə 60-dan çox müəllim, 4 məktəb psixoloqu və 100-dən çox valideyn cəlb olunmuşlar.
İştirak edənlər təlimlərdə xüsusi fəallıq göstərmiş, təkliflər irəli sürmüşlər, təlimlərdən əldə olunmuş nəticələr müzakirə edilmişdir.
Layihə üzrə dəvətnamələr və broşürlər çap edilərək paylanmış, məlumatlandırıcı lövhə və facebook səhifəsi yaradılmışdır. https://www.facebook.com/Uşaq-kimi-düşün-112539067270519/
Layihə nəticəsində iştirakçılar öyrəndiklərini tətbiq et-məyə, uşaqlarla ünsiyyətdə fəal olmağa, onlar üçün daha səmərəli mühit yaratmağa çalışmışlar.
Bildiyimiz kimi təhsilin səmərəliliyini təmin etmək üçün şagird, müəllim və valideyn münasibətləri düzgün şəkildə qurulmalıdır. Lakin bunu da unutmamaq lazımdır ki məktəb sadəcə təhsil, təlim ocağı deyil həm də tərbiyə ocağıdır. Tərbiyənin kökü isə ailəyə dayanır. Bu səbəbdən cəmiyyətə yararlı şəxsiyyətlər yetişdirmək üçün müəllimlər və valideynlər birlikdə fəaliyyət göstərməlidir. Təəssüf ki, bəzən bizim fərqində olmadan müxtəlif səbəblərlə etdiyimiz şeylər, bəzən “əşi uşaqdır”, “O nə bilir?”, “Onun üçün yaxşısını mən bilirəm” deyə düşündüyümüz ən xırda hadisələr belə onlarda ağır travmalara yol açır. Bu isə özünü istər ailədə, istər məktəbdə, istərsə də cəmiyyətdə olan münasibətlərində mənfi şəkildə göstərir. Məsələn, məktəbdə, ailədə, cəmiyyətdə bullinq, təhsildən yayınma halları, kobud davranışlar, aqressiya və özünəqapanma kimi özünü büruzə verir. Müasir dövrdə bu kimi halların qarşısını almaq üçün uşaqları anlamaq, hər bir məsələyə, ümumilikdə həyata və dünyaya onlar kimi baxmağı bacarmaq lazımdır, ünsiyyətdə onlara psixoloji cəhətdən düzgün yanaşmalıyıq. Gəlin, “Uşaq kimi düşün”məyə çalışıb onları anlayaq.
Təhsil Nazirliyinə, layihədə iştirak edən və əziyyət çəkən hər kəsə təşəkkür edirik.
Nigar Hüseynzadə,
Tərtər şəhər İsmayıl Məmmədov adına 2 saylı məktəb-liseyin
ibtidai sinif müəllimi, layihənin rəhbəri