ANARIN FACİƏLİ HƏYAT SONLUĞU
İnsan elədir ki, Allahın qədər-qismətindən yayına bilməz. İstər ağılla otur-dur, istər qorxulu olaylardan uzaqlaş, istərsə də lap ölü-mün bir addımlığında dayan, qismətində nə varsa o da olmalıdır. Bunun ən çox 44 günlük Vətən müharibəsində şahidi olduq Qa-rabağ müharibəsində təkcə əlinə silah alıb düşmənlə üz-üzə dayanan hərbiçilərimiz deyil, silahsız dinc insanlarımız da şəhid oldular, yaralandılar. Mənfur düşmənin atəşindən neçə-neçə ailələrə ölüm xəbəri gəldi…
Sentyabrın 27-də başlanan ikinci Qarabağ müharibəsində Tərtərə 17 minə yaxın mərmi, 21 raket düş-müş, 17 mülkü şəxs şəhid olmuş, xeyli binalar və obyektlər darmadağın edilmiş, insanların şəxsi mülklərinə və təsərrüfatlarına ziyan dəymişdir. Şəhid olmuş mülkü şəxslərdən biri də Tərtər şəhərinin sakini Quliyev Anar Tofiq oğludur. Anar Tərtərə dolu kimi yağan mərmi və raketlərə baxmayaraq boya-başa çatdığı öz doğma şəhərini tərk edə bilmirdi. Hərdən heyfslənirdi ki, kaş hərbidə xidmət etdiyim illərimi bir az da uzatdırmış olaydım. Axı, Anar hərbi xidmətini başa vurduqdan sonra 2005-ci il-dən 2017-ci ilin iyulun 15-ə kimi Orduda müqavilə ilə müddətdən artıq xidmət etmişdir. Bu müddət ərzində nümunəvi xidmətinə görə komandanlıq tərəfindən dəfələrlə mükafatlandırılmışdır.
Müasir texnikaların dilini də yaxşı bilirdi. Anar müqavilə müddəti bitdikdə ailəsinin, övladlarının qayğısını da yaxından çəkmək, ehtiyaclarını vaxtında təmin etmək məqsədilə öz ərizəsinə əsasən ordudan tərxis olunmuşdu.
Artıq 20 gündən çox idi ki, arası kəsilmədən döyüşlər gedirdi. Anar yenə də adəti üzrə oktyabrın 20-də Tərtərin Cəmilli kəndində qaynanasıgilə baş çəkib qayıdırdı. Yol kənarında da-yanıb şəhərə gələn avtomobil gözləyirdi. Onunla bə-rabər başqa bir nəfər də hərbiçi dayanmışdı. Qəfləti yanlarına düşən top mərmi-si. Anarın dünyasını qaraltdı. Ermənilərin qəddarlığının qurbanı daha bir dinc sakinimiz oldu. Daha bir ailə başsız , övladları atasız, valideynlər oğul itkisi ilə üz-üzə qaldı. Bu hadisə ilə əlaqədar Anarın atası Tofiq Quliyevlə görüşüb söhbət etdik. Böyük bir dərdlə, oğul həsrəti ilə qol-boyun olan ata dedi:
–Anar ailəsini taksi xidməti ilə dolandırırdı. Hadisə olanda mənə xəbər verdilər, getdim. Anarın yaralanmayan bir yeri yox idi, bədəninin hər tərəfindən qan axırdı. Onu o vəziyyətdə görəndə dəhşətə gəldim. Allah heç bir ata-anaya övlad itkisi göstərməsin, özü də bu cür al-qan içərisində! Anar düşmənə güllə atmadan onunla üz-üzə gəlmədən erməni məkrinin qurbanına çevrilərək şəhid olmuşdu. Onu Tərtər şəhərindəki təzə qəbristanlıqda dəfn etdilər.
Ata danışdıqca kövrəlirdi. Sözarası Anarın həyat yoldaşının, övladlarının vəziyyəti ilə maraqlandım. Bildirdi ki, öz evlərində ya-şayırlar. Böyük oğlu Elnar 7-ci , Seymurla Mələk isə 3-cü sinifdə oxuyurlar. Hər üç uşağa bu gündən sonra ata daha çox gərəkdir. Həyat yoldaşı Esmira xanım övladlarına həm ata, həm ana olsa da, baba və nənələri qayğı nəvaziş göstərsələr də uşaqları ovundurmaq çətin-dir. Bu yeniyetmələrin xati-rində ermənilərin qəddar düşmən olması və atalarının düşmənin xəyanəti nəticə-sindən şəhid olduğu qalacaqdır.
Bu faciə Anar Quliyevin bir alın yazısı qədər, qismətiydi.
Elfuzə VƏLİYEVA