Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Noy

     

    Изображение 026İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycanın adını ucaldırlar. Müstəqil Azərbaycanın himni çalınır, müstəqil Azərbaycanın bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur.

    Heydər Əliyev

    Biz bu gün fəxr edirik ki, Azərbaycan idmanı dövlət tərəfindən daim dəstəklənərək sürətlə inkişaf etmiş bir sahəyə çevrilib. İdmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edərək qələbələr qazanırlar və müstəqil Azərbaycanın adını ucaldırlar. Dünyanın hər yerində idmançılarımızın uğurları nəticəsində Azərbaycanın bayrağı qaldırılır, Azərbaycanın himni səsləndirilir. Bu günlərdə ölkəmizə və eləcə də rayonumuza qürur gətirən idmançılarımızdan biri ilə tanış olduq. Onu rayon xalq təhsil şöbəsinin metodisti Kifayət Mürsəlova redaksiyamıza gətirmişdi. Bu gənc Azadqaraqoyunlu kənd tam orta məktəbinin yetirməsi, hazırda İdman Akademiyasının üçüncü kurs tələbəsi İsmayıllı Emin Məhərrəm oğludur.

    Eminlə tanışlıqdan əvvəl yarışlarda qazandığı uğurların nəticəsi olan prizlər, bürünc, gümüş, qızıl medallar, çoxlu sayda diplom, fəxri fərmanlar diqqəti cəlb edir. Bütün bunlara nəzər yetirəndə düşünürsən ki, nə qədər gərgin anlar yaşanılıb, zəhmətli və həyəcanlı günlər yola salınıb. Lakin, nəticə uğurlu olanda qürur verir. İllah da ki düşməninə qalib gələndə. Eminlə söhbətimdən:
    –Hələ ilk yarışlara qatılan zaman düşünürdüm ki, əgər mənfur qonşularımızın nümayəndəsi ilə qarşılaşsam mütləq onu məğlub etməliyəm. İlk yarışmadan bir neçə il ötüb. Xəyallarım gerçəkləşib. Çempionluğa gedən yolda–2014-cü ildə Litvanın Kaunas şəhərində keçirilən Avropa çempionatında erməni idmançısı ilə üz-üzə gəldim. Yaş və çəkidə məndən fərqli idi. Tatamiyə qalxan zaman düşündüm ki, o, mənim xalqımın düşmənidir və mən bizim xalqın gücünü ona göstərməliyəm. Belə də oldu. İlk dəqiqələrdə onu məğlub etdim. Bayrağımız qaldırılanda, himni miz səslənəndə qələbə kürsüsündə keçirdiyim sevinc hisslərini heç nə ilə ifadə edə bilmirəm. Finalda 1-ci yerin və qızıl medalın sahibi oldum.
    Söhbətimiz zamanı məlum oldu ki, gənc idmançı Rumıniyada, Litvada, Polşada, Gürcüstanda yarışlarda iştirak edərək qələbələrlə doğma vətəninə qayıdıb. “Kyokşin” karate növünü Azərbaycana ilk gətirən həmyerlimiz Ələddin Mirzəyevin davamçısı adlandırırlar Emin İsmayıllını. Onu qarşıda daha böyük yarışlar gözləyir. Polşada keçirilən Avropa çempionatında uğurlar qazanmaq üçün gərgin məşqlər edir. Eloğlumuz Azərbaycan “Kyokşin” Federasiyasının milli komandasının üzvü, 1-ci dərəcəli kəmər sahibidir. “Qara kəmər” uğrunda imtahana hazırlaşır. Gənc karateçi böyük arzularla yaşayır. İlk yarışlarına Azərbaycan çempionatı ilə başlayan həmyerlimiz dünya birinciliklərində uğurlar qazanmaq arzusundadır. İnanır ki, bu arzusuna da çatacaq, dünya birinciliyində qələbə qazanacaqdır. Bu yolda gənc idmançımıza uğurlar arzulayırıq.

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 11:22

    Teqlər:

İsmarıclar bağlıdır.