Azərbaycan Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün geniş mətbuat konfransı keçirmişdir. Ölkə rəhbəri bir çox məsələıərlə yanaşı Rusiya Rürkiyə Monitorinq Mərkəzinin fəaliyyərindən də bəhs etmişdir. Göstərmişdir ki, Rusiya-Türkiyə Monitorinq Mərkəzi bölgədə təhlükəsizliyə nəzarət edir. Orada dəqiq göstərilmirdi ki, bu Rusiya-Türkiyə Monitorinq Mərkəzi olacaq. Amma Bəyanat razılaşdırılanda bu müəyyən edilmişdi. Azərbaycan öz vəsaiti hesabına bu monitorinq mərkəzini Ağdam rayonunun Mərzili kəndinin yaxınlığında yaratdı. Bütün şərait yaradıldı. Artıq monitorinq mərkəzi fəaliyyət göstərir və bunun əsas məqsədi post-müharibə dövründə nəzarət etmək, pilotsuz uçuş aparatlarından da istifadə edərək monitorinq aparmaqdır ki, bu münaqişə zonasında hər hansı bir qarşıdurma olmasın.
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması çox önəmli addımdır. Bu, bölgəmizin sabitliyini qorumaq üçün önəmli amildir;
Sonra Prezident qeyd etmişdi ki, Monitorinq mərkəzi post-müharibə dövrü üçün çox önəmli bir alət olaraq fəaliyyət göstərəcək.Türkiyə ilk günlərdən Azərbaycanın haqq işinə dəstək vermişdir. Türkiyə müharibənin ilk günlərindən çox müsbət davranış göstərib. Sülhə, sabitliyə hesablanmış davranış.
Müharibə dövründə ilk günlərdən Türkiyə Prezidenti açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bir çoxları üçün mesaj oldu ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın.
Türkiyənin müdafiə naziri, xarici işlər naziri, digər yüksək vəzifəli rəsmilər birmənalı olaraq Azərbaycana dəstək verdilər. Bu, Azərbaycana çox böyük siyasi və mənəvi dəstək oldu.
Türkiyə Müdafiə Nazirliyindən 100-dən çox mütəxəssis Azərbaycana ezam edilib;
Türkiyə, İran, gələcəkdə belə bir istək olarsa, Gürcüstan ümumi platformaya qoşula bilər;
Keçən il 10 noyabr tarixli Bəyanatın bir bəndi Ermənistan ərazisində Azərbaycanı onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirən, həmçinin Azərbaycanı Türkiyə ilə və eyni zamanda, Rusiyanı Türkiyə ilə birləşdirən dəhliz açılması barədə idi. Buna görə də böyük planlar var və onlar reallaşacaq.
Ölkə rəhbəri Türkiyə ilə Azərbaycan əlaqələrinə böyük önəm verərək, qeyd etdi ki, Türkiyə ilə maddi-texniki əməkdaşlığımız davam edir. Türkiyədən müasir texnika alınıb, o artıq gətirilib. Bu texnika mina təmizləmə işini xeyli asanlaşdıracaq. Regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı arada fikir ayrılığı yoxdur. Postmüharibə dövrü doğrudan da yeni imkanlar açır, əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox nadir imkanlar yaradır. Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər.
Azərbaycan Prezidentinin Türkiyə, Rusiya, İran dövlət başçıları ilə görüşləri və fikir mübadiləsi onu deməyə əsas verir ki, onlar ortaq mövqedədirlər. Ermənistanda da əgər bu məsələ ilə bağlı eyni yanaşma olarsa, onda əlbəttə ki, Ermənistan da proseslərin tərkib hissəsi ola bilər.
Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməzsə, vəziyyəti daha da çətinləşəcək. Onlar hər tərəfdən sıxılmış vəziyyətdə necə yaşayırdılarsa, elə də yaşayacaqlar. Ona görə də Ermənistan burada hər hansı bir mənfi addım atmağa cəhd etməməlidir. Onların siyasi, hərbi və iqtisadi konfiqurasiyasının asılı vəziyyətdə olması bunu şərtləndirir. Azərbaycan bu regionun tərkib hissəsi olmuşdur, hər zaman uğurlu əməkdaşlığın nümunəsi olmuşdur.
Dövlət başcısı diqqət mərkəzinə çatdırmışdır ki, Türk şirkətləri Qarabağın yenidənqurma işlərində iştirak edir. İlk kontraktlar Türkiyə şirkətləri ilə imzalanıb. Görüləcək işlərin həcmi çox böyükdür.
Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı türk şirkətləri artıq fəaliyyətdədirlər. Eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə çəkilən yolda da türk şirkətləri fəaliyyət göstərirlər və o da çox mürəkkəb, çətin bir ərazidən keçir, orada tunellər qazılmalıdır. Artıq ilkin razılaşmalar əldə edilib.
Türkiyə şirkətləri Azərbaycanda təqribən 10 milyard dollardan çox dəyəri olan layihələrdə, müxtəlif inşaat layihələrində iştirak ediblər.
Prezident onu da qeyd erdi ki, Azərbaycan-Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir. Müharibə dövründə bütün dünya Türkiyə müdafiə sənayesinin keyfiyyətini gördü. Bu, artıq dünya üçün sirr deyil. Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan məharətlə istifadə edib və müharibədə bu, böyük üstünlük təmin etmişdir;
Türkiyə tərəfi ilə Türkiyədə istehsal olunan ən müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilib. Bu, hərbi gücümüzü böyük dərəcədə gücləndirəcək.
Türkiyə və Azərbaycan iki qardaş ölkə, dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir.
Azərbaycan-Türkiyə ortaq hərbi təlimlərimiz daha çox keçiriləcək. Türkiyə-Azərbaycan birgə hərbi təlimləri müntəzəm olaraq keçirilir. 2019-cu ildə 10 dəfədən çox hərbi təlim keçirilmişdir. Keçən il pandemiyaya görə az keçirildi. Builki Qars şəhərində keçirilmişdir. Bu sahədə də işlər aparılacaq.
Azərbaycanda Türk Ordusunun kiçik modelini yaratmaq əzmindəyik. Türkiyə Ordusu dünya miqyasında ən güclü ordular sırasındadır, NATO-da güc baxımından ikinci ordudur.
Türkiyə ilə Azərbaycan arasında çox geniş qanunvericilik bazası var. Bir çox sənədlər, müqavilələr imzalanıb. Onların arasında elə sənədlər var ki, orada qarşılıqlı hərbi yardım məsələləri də təsbit edilib.
Prezident Türkiyə dövlətinə göstərdiyi bütün dəstəyə görə bir daha təşəkkür etmişdir. Ölkə başcısı göstərdi ki, Türkiyənin Ermənistan ilə sərhədlərinin bağlı olması, əlbəttə ki, qardaşlıq rəmzi idi, qardaşlıq addımı idi. Türkiyə Ermənistanla sərhədlərini 1993-cü ildə Kəlbəcər işğal edildikdən sonra bağlamışdır.
İndi münaqişə başa çatdı. İndi Azərbaycan öz torpaq bütövlüyünü bərpa etdi və əlbəttə ki, bölgədə yeni vəziyyət yaranmışdır.
Əfsuslar olsun ki, Ermənistanda anti-Türkiyə təbliğatı həddindən artıq güclü idi və bu gün də bu, davam edir. Türkiyəfobiya orada rəsmi ideologiyaya çevrilib. Onlar Türkiyə və Azərbaycanı hər zaman düşmən sayıblar.
Ermənistanın Türkiyəyə qarşı iddiaları hələ də qüvvədədir. Müharibədən əvvəl Ermənistan Prezidenti Sevr müqaviləsinə yenidən baxılmalıdır deyirdi. Yəni, Türkiyəyə ərazi iddiası var. Ermənistanın konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası var. Onlar bundan əl çəkməlidirlər.
– Bütün dünyada Türkiyəyə qarşı çirkin kampaniya aparırlar. Qondarma dırnaqarası “soyqırımı”nı müxtəlif ölkələrin parlamentində qəbul etdirirlər. Ermənilər ağıllarını başlarına yığmalıdırlar. Türkiyə kimi böyük ölkəyə ərazi iddiaları irəli sürmək özünəqəsddir, axmaqlıqdır.
Türkiyə özü müəyyən edəcək ki, Ermənistan ilə sərhədlər nə zaman açıla bilər, nə zaman əlaqələr normallaşa bilər.
Bölgənin sabitliyi, uzunmüddətli sülh üçün bütün ölkələr arasında münasibətlər normal olmalıdır. Ermənistan-Azərbaycan sərhədi açılırsa, Türkiyə-Ermənistan sərhədinin bağlı qalmasına da təbii ki, ehtiyac qalmır. Əgər koridorlardan söhbət gedirsə, Zəngəzur koridoru gerçəkləşdiriləcəksə, təbii ki, Türkiyə-Ermənistan sərhədi də açılacaq. Bu, Türkiyənin öz qərarıdır. Ermənistan ilə sərhədlərin açılması Türkiyənin xeyrinə olacaqsa, bu, Azərbaycanın da xeyrinədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə-Azərbaycan ölkələrinin və xalqlarının çox qədimə gedən tarixi dostıuğunu bu gündən sonra da çox sıx və səmimi şəkildə davam edəcəyini, yeni qardaşlıq əlaqələri yaranacağını inamla söyləmişdir. Bu dostluq və qardaşlığın regiona sülh və əminamanlıq, tərəqqi gətirəcəyi şəksizdir.