1992-ci il 26 fevral hadisələrinin 29-cu il dönümü tamam olur.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri mühasirəyə alındı və düşmən saysız-hesabsız texnika ilə hücuma keçdi. Mərmilərin partlayışından topların gurultusundan yer-göy titrəyir, qulaq tutulurdu. Hər tərəf od içində idi. Erməni vəhşiliklərindən yaxa qurtarmaq məqsədilə dağlara qaçan onlarla insan donaraq öldü, bir çoxları müxtəlif əzalarını itirərək ömürlük şikəst qaldı. Onların arasında qadın da vardı, qoca da, körpə uşaq da.
Qəhrəman oğullarımız bu qeyri-bərabər döyüşdə qalib gəlməyin mümkün olmadığını yaxşı başa düşsələrdə, bir an olsun belə tərəddüd etmədən döyüşə atılır, qəhrəmancasına həlak olurdular. Şəhidlik-vətənpərvərliyin ən uca zirvəsidir.
Qəhrəman oğullarımızın mübarizəsinə baxmayaraq, Xocalı düşmən əlinə keçdi. Nəticədə, 613 nəfər öldürüldü,8 ailə tamamilə məhv edildi, 25 uşaq valideynlərinin hər ikisini, 120 uşaq valideynlərinin birini itirdi, 1275 nəfər əsir götürüldü və hal-hazırda da ən qəddar üsullarla işgəncələrə məruz qalmaqdadırlar.
Əhalinin bir hissəsi isə birtəhər qaçıb canını qurtarmağa nail oldu.
Xocalılar didərgin düşərkən Tərtər rayonuna da pənah gətirənlər oldu. Tərtər onlara qucaq acdı, qayğılarına qaldı.
Son 29 ildə Tərtərdə hər Xocalı soyqırımı günü böyük hüznlə qeyd olunur. “Şəhidlər abidəsi” ziyarət olunur yürüşlər təşkil edilir, xocalılara rayon icra hakimiyyəti tərəfindən maddi və mənəvi yardımlar göstərilir. Xocalılar öz torpaqlarına yenidən qayıdacaqları günü böyük səbirsizliklə gözləyirlər.
-
26Fev
Müəllif: Redaktor, 09:45