Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 26Fev

    Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin statistik işlər haqqında proqramına uyğun olaraq 2021-ci il yanvarın 1-i vəziyyətinə rayon ərazisində heyvanların, quşların və arı ailələrinin tam uçotu aparılmışdır.
    Uçotla rayonun bütün kənd təsərrüfatı müəssisə və təşkilatları, eləcə də kənd yerlərində yaşayan fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarının hamısı, şəhər və qəsəbələrdə isə yalnız mal-qarası olan ev təsərrüfatları əhatə edilmişdir. Beləliklə, rayon üzrə müxtəlif təşkilati-hüquqi formalı 13772 uçot vahidi sorğuya cəlb olunmuşdur.
    Ayrı-ayrı mal-qara növləri üzrə heyvandarlığın baş sayının əvvəlki illə müqayisədə dəyişilməsi aşağıdakı kimi olmuşdur:
    İribuynuzlu mal-qara. 2021-ci il yanvarın 1-i vəziyyətinə rayonda 29400 baş iribuynuzlu mal-qara, o cümlədən 12439 baş inək və camış olmuş və onların sayı il ərzində müvafiq olaraq 0.9 və 0.8 faiz azalmışdır. Iribuynuzlu mal-qaranın sayı 2017-ci il yanvarın 1-nə nisbətən 2623 baş və ya 9.8 faiz, 2019-cu il yanvarın 1-nə 880 baş və ya 3.1 faiz artmış, 2020-ci il yanvarın 1-nə nisbətən 267 baş və ya 0.9 faiz azalmışdır.
    Sürü dövriyyəsinin təhlili göstərir ki, süd istehsalını artırmaq məqsədilə təsərrüfatlar ana malın sayının artırılmasına daha çox meyllidirlər. Belə ki, son 5 il (2016-2020-ci illər) ərzində inək və camışların sayı 11946 başdan 12439 başa çatmaqla 4.1 faiz artmış, mövcud iribuynuzlu mal-qaranın 42.3 faizini inək və camışlar, 1823 başı və ya 6.2 faizini düyələr təşkil etmişdir.
    Mövcud iribuynuzlu mal-qaranın 29245 baş və ya 99.5 faizini inək naxırı, 155 baş və ya 0.5 faizini camış naxırı təşkil edir.
    Rayonda mövcud olan iri-buynuzlu mal-qaranın 99.3 faizi və ya 29203 başı ailə kəndli və ev təsərrüfatlarına, ümumilikdə isə kənd təsərrüfatı müəssisələri də daxil olmaqla 99.9 faizi və ya 29360 başı qeyri-dövlət bölməsinə məxsus olmuşdur.
    Hazırda dövlət kənd təsərrüfatı müəssisələrində cəmi 40 baş iribuynuzlu mal-qara saxlanılır.
    Qoyun və keçilər. Qoyunçuluq heyvandarlığın mühüm ənənəvi sahələrindəndir. 2021-ci il 1 yanvar vəziyyətinə rayonda bütün təsərrüfat kateqoriyaları üzrə 49554 baş qoyun və keçi (o cümlədən 48002 baş qoyun, 1552 baş keçi) mövcud olmuşdur. İl ərzində qoyun və keçilərin sayı 2729 baş və ya 5.2 faiz azalmışdır.
    Qoyun sürüsünün tərkibində ana qoyunların, 1 yaşda və böyük şişəklərin xüsusi çəkisi 54.7 faiz, keçi sürüsünün tərkibində isə anoloji göstərici 53.4 faiz təşkil etmişdir.
    Rayonda mövcud olan qoyun və keçilərin 95.5 faizi və ya 47319 başı ailə kəndli və ev təsərrüfatlarına, 99.9 faizi və ya 49514 başı qeyri-dövlət bölməsinə məxsus olmuşdur.
    Hazırda dövlət kənd təsərrüfatı müəssisələrində cəmi 40 baş xırdabuynuzlu mal-qara saxlanılır.
    Atlar. 2021-ci il yanvarın 1-i vəziyyətinə atların ümumi sayı rayon üzrə 602 baş təşkil etmişdir. Atların ümumi sayının 98.3 faizi və ya 592 başı ailə kəndli və ev təsərrüfatlarına məxsus olmüşdur. Onların baş sayı 2020-ci il yanvarın 1-i ilə müqayisədə 2.1 faiz və yaxud 13 baş azalmışdır.
    2021-ci ilin əvvəlinə rayonda 110 baş eşşək mövcud olmuşdur.
    Quşlar. Uçot məlumatlarına görə cari ildə yanvarın əvvəlinə quşların sayı 253086 baş təşkil etmişdir ki, ötən illə müqayisədə 4.5 faiz və yaxud 12028 baş azalmışdır. Mövcud olan quşların hamısı ailə kəndli və ev təsərrüfatlarına məxsus olmuşdur.
    Arı ailələri. Respublikada aparılan uğurlu aqrar siyasət nəticəsində son illər arıçılıq sahəsində də inkişaf müşahidə edilməkdədir. Belə ki, cari il yanvarın əvvəlinə rayonda 6903 arı ailəsi qeydə alınmışdır. Onların sayı 2020-ci ilin yanvarın 1-i ilə müqayisədə 0.2 faiz artmışdır. Hazırda rayonda 474 təsərrüfat arıçılıqla məşğul olur.
    Mal-qara və quşların mövcudluğuna görə kənd yerlərində yaşayan fərdi sahibkar, ailə kəndli ev təsərrüfatlarının qruplaşması məlumatlarına əsasən cari ilin əvvəlinə onların 45.1 faizində iribuynuzlu mal-qara, o cümlədən 44 faizində inək və camış, 7.6 faizində qoyun, 1.1 faizində keçi, 79.4 faizində quş saxlanılır. Bir təsərrüfata düşən qaramalın sayı 4.8 baş, o cümlədən inək və camışların sayı 2.1 baş, qoyunların sayı 44.3 baş, keçilərin sayı 10.6 baş, quşların sayı 23.2 baş təşkil etmişdir.
    2021-ci il yanvarın 1-i vəziyyətinə kənd yerlərində iribuynuzlu mal-qarası olan fərdi sahibkar, ailə kəndli ev təsərrüfatlarının 517-də (8.5 faizində) qaramalın sayı 10 başdan, qoyun saxlayan təsərrüfatların 311-də (30.3 faizində) qoyunların sayı 50 başdan, ondan 12-də (1.2 faizində) isə 200 başdan yuxarı olmuşdur.

                                                                                                       Tərtər Rayon Statistika İdarəsi

    Müəllif: Redaktor, 08:35

İsmarıclar bağlıdır.