DİN VƏ YALAN
Düz danışmaq və yalanla mübarizə çox böyük əhəmiyyətə malik olan mövzulardandır. İslam dini yalanı şərabdan da çirkin hesab edir. Ancaq bəzi hallarda yalan danışmaq caiz hesab edilir: günahız insanın qətl edilməsi, ölkəyə düşmənin hücum etməsi, möminlər arasında düşmənçilik və nifaq zamanı və s.
Yalançı insan qarşısında-kını aldatmaq üçün ona yalan deyər. Bu, İslam dinində ən böyük günahlardan hesab edilir. Məsumlardan (ə) gələn hədislərdə başqa böyük günahlar olan oğurluq və zinanın adı çəkilir ki, bəzən mömin ona düçar ola bilir. Əgər tövbə etsə bağışlanar. Lakin yalan möminə yaraşmır və ardınca daha böyük bəlalar gətirir.
Yalanın növləri:
– Ciddi deyilən yalan haramdır.
– Zarafatla deyilən yalan iki halda olur: onun zarafat olduğu məlumdursa, haram deyildir. Ancaq elə həddə olmalıdır ki, yalana adət edilməsin. İkinci halda zarafat olduğu məlum deyildirsə, haramdır. Sadəlövh bir insana yalan demək kimi.
İmam Sadiq (ə) buyurur: “İnsanların uzun səcdə və rükusuna baxmayın, çünki ola bilər ki, adətləri olsun. Belə ki, əgər onu tərk etsələr, narahat olarlar. Onların düz danışmağına və əmanətdarlığına nəzər salın”. Yəni, düz danışmaq və əmanətdarlıq imanın meyarıdır.
İmam Baqir (ə) buyurur: “Allah Təala hər bir şər və pislik üçün qıfıl qərar vermişdir ki, o qıfılın açarı – şərabdır. Yalan şərabdan da pisdir”.
Yalanın vurduğu ən böyük zərbə odur ki, insanların etimadını aradan aparar. Ancaq bəzən insan təhlükə qarşısında qalanda və ya möminlərin arasını düzəltmək istəyən zaman, ya da ölkəsinə düşmənlərin hücumunun qarşısını almaq üçün yalan danışa bilər. Çünki bu yalan böyük ziyanların qarşısını alacaqdır. Və ya bir insanı ölümdən xilas edəcəkdir. Ya möminlərin arasını düzəldəcəkdir. Lakin bu, o zaman ola bilər ki, başqa yol olmaz. Əgər başqa yol varsa, yalan danışmaq bəyənilməyən əməllərdən olar.
İmam Rza (ə) buyurur: “Həqiqətən əgər bir şəxs mömin qardaşı barəsində düzünü desə və bu sözü ilə onu giriftar etsə, Allah yanında yalançılardan olar. Həqiqətən əgər bir şəxs mömin qardaşı barəsində yalan deyər və bu yalanı ilə ziyanı ondan dəf edərsə, Allah yanında düz danışandır”.
İmam Sadiq (ə) buyurur: “Qiyamət günü hər bir yalan hesaba çəkilər. Məgər üç haldan başqa: biri odur ki, şəxs döyüş zamanı (düşməni) aldadar. Bu yalan ondan götürülər…”.
Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) vəsiyyət edir: “Həqiqətən Allah məsləhət və xeyir olan yalanı sevir. Ardınca fəsad olan düz danışmaqdan nifrət edir”.
Allah Təala bizləri düzdanışanlardan qərar versin.