Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə ümumrayon tədbiri keçirilib.
Heydər Əliyev prospektindən başlanan yürüş Dövlət Bayrağı Meydanına qədər davam edib.
Əvvəlcə hərbiçilər əllərində Dövlət Bayrağı musiqi sədaları altında meydana daxil oldular, onların ardınca isə “Şahinlər” və “Cəsurlar” komandaları öz yerlərini tutdular. “Bayraq” şeiri söylənildi. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi. Rayon rəhbəri Azərbaycan Bayrağının keçdiyi şanlı tarixi yoldan danışdı. Qeyd etdi ki, Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı üç dəfə, Azərbaycan Sovet Respublikasının bayrağı isə 9 dəfə müxtəlif şəkillərdə tərtib edilib. Nəhayət, 1991-ci ilin fevralın 5-də müstəqil Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı qəbul edilib.Azərbaycanın üçrəngli bayrağı 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Ali Sovetinin qərarı əsasında bərpa olundu.
Rayon rəhbəri sonra qeyd etdi ki, Respublika Prezidenti cənab İl-ham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu ilin noyabrında isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalayıb. Son sərəncama əsasən hər il noyabrın 9-u Respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
2007-ci ilin dekabrında Bakının Bayıl qəsəbəsində Dövlət Bayrağı Meydanının təməli qoyulub. Dünyanın ən əzəmətli bayrağının məhz Azərbaycanda ucaldılması biz azərbaycanlıların bayraq eşqinin, bayrağa sədaqətinin manifesti kimi qəbul olunur. Bu gün Azərbaycanın mərkəzi Bakıda 162 metr hündürlüyündəki bayrağımızın yerləşdiyi meydan hər birimizin, böyüyümüzün, kiçiyimizin and yeri, müqəddəs məkanı, Vətən məbədidir.
Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Bu dövlət rəmzləri Bayraq Meydanının möhtəşəmliyini daha da artırıb, onun görünüşünə əlavə çalar qatıb. Ölkə rəhbəri cənab İlham Əliyevin təşəbbüsü ilə meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
Rayonumuzda da tikilmiş Bayraq Meydanı qəhrəman tərtərlilərin and yeri, qürur mənbəyidir. 65 metr hündürlükdə, üzdəniraq qonşularımızın bir addımlığında dalğalanan Azərbaycan Bayrağı cəbhə bölgəsində yerləşən rayonumuzun sakinlərinin qəlbini fərəh, qürur hissi ilə doldurur. İki hektar ərazidə yaradılmış əsrarəngiz gözəlliklər göz oxşayır. Bayraq Meydanında rayon sakinlərinin istirahəti üçün hər cür şərait yaradılıb. Müstəqil Azərbaycanımızın bu gün başımızın üzərində dalğalanan üçrəngli bayrağı altında işləmək də, istirahət etmək də gözəldir.
Sonra tədbir özfəaliyyət kollektivinin hazırladığı rəngarəng konsert proqramı ilə davam etdi.
-
19Noy
Müəllif: Redaktor, 10:07
Teqlər: Xəbərlər