Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Fev

    Novruz bayramına qədər dörd çərşənbə qeyd edilir: su, od, yel və torpaq çərşənbələri. Bu çərşənbələr bürcləri özündə birləşdirən ünsürləri bildirir, insanın 4 ünsürdən yaradılışını simvollaşdırır.

                                                                                          Su çərşənbəsi:
    İlk çərşənbə olan su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Xalqın inamına görə Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir. Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər var. İlk çərşənbənin gəlişi ilə evlərdə təmizlik işləri aparılır. Qızlar bulaqlardan sərin, şirin su gətirərlər, evin ətrafına çiləyər, üzlərini yuyarlar.
                                                                                            Od çərşənbəsi:
    İlin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə adlı çərşənbə kimi tanınan Od çərşənbədir. Od çərşənbəsi qədim insanların günəşə, oda olan inamından qaynaqlanıb. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən atlanmaqla daxildəki bütün çirkabı və azar-bezarı yandırırlar.
                                                                                          Yel çərşənbəsi:
    Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. İnama görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. İnanclara görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovurulmamış buğdagötürənin oğlu ölər. Yeli əsdirəni söyməzlər. Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər. Yel çərşənbəsində qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qızgəinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır. Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür.
                                                                                               İlaxır çərşənbə:
    Son çərşənbə xalq arasında “Yer çərşənbəsi”, “İlaxır Çərşənbə” və ya “Torpaq çərşənbəsi” adlanır. İnama görə Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. Axır çərşənbədə heyva çubuğundan gözmuncuğu düzəldərlər. Axır çərşənbədə uşağa beşik düzəldərlər. Axır çərşənbədə qorxanla-rın başından su töküb qorxunu götürərlər. Axır çərşənbədə qonşuya ələk, kibrit, neft verməzlər. Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırırlar. Axır çərşənbə axşamı subay oğlan və qızlar duzlu kökə yeyib yatırlar, su içmirlər. Gecə yuxuda (susuzluqdan) su görünür: içməyə kimsə su verir. Guya həmin su verən adam yuxu görənin qismətidir. İlin axır çərşənbə axşamı gecəsi cavan qızlar bir yerə yığışırlar. Bir qaba su tökürlər. Əllərindəki üzükləri çıxarıb saçlarına salırlar. Niyyət tutub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Üzük neçə dəfə qaba dəyirsə, demək o yaşda da qız gəlin köçəcək. Novruz bayramında hər evdə səməni cücərdilməlidi. Və cücərdərkən niyyət tutmaq lazımdır. Əgər səməni göyərərsə, niyyətin çin olacaq deməkdir.

    Müəllif: Redaktor, 09:49

İsmarıclar bağlıdır.