Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Fev

    Həyatda insanlar olur çeşid-çeşid, yadda qalanı, unudulanı, gərəklisi-gərəksizi. Hər biri də bu həyatın şirinini-acısını fərqli çəkir. Kimisi günlərini ehtiyacsız, kimisi zəhmətlə, alın təri ilə yaşayır. Alın təri ilə yaşanan ömür halal ömürdür. Bu halallıq insanı həmişə başı uca, gözü kölgəsiz edər. Belə insanlardan biri də rayonumuzda camaat arasında öz sadə peşəsi ilə tanınan, həmişə zəhməti ilə gərəkli olan, evlərimi-zi, küçələrimizi ürəyinin istisi və əməyinin nuru ilə işıqlandıran elektrik montyoru bacarığı və işgüzarlığı ilə tanınan İkram Qəribovdur.
    Bu günlərdə baş redaktorun tapşırığı ilə onunla redaksiyada görüşüb söhbət etdik. Suallarıma cavab olaraq özündən və peşəsindən söz saldı. Bildirdi ki, Dəmirçilər kənində anadan olub, o kəndə də boya başa çatıb. Sadə kolxozçu ailəsinin 10 övladından 7-cisi olub. Uşaqlıq illərindən ata-anasının zəhmətkeş insanlar olduqlarını görüb. Ailənin digər övladları kimi o da atası Usubdan, anası Mülküdən öz halal zəhməti ilə çörək qazanmağı öyrənib. Hələ gənclik dövründə Mingəçevir şəhərində tikinti idarəsində və su-elektrik stansiyasında müxtəlif işlərdə çalışmış, 1982-ci ildən doğma Tərtər rayonuna qayıtmış və əmək fəaliyyətini davam etdirmişdir. On ilə qədər subartezian quyularının istismarı idarəsində çilingər kimi çalışmışdır. 1992-ci ildən isə Tərtər rayon Elektrik Şəbəkəsində montyor peşəsində işləyir.
    İkram Qəribov işinin vurğunudur. O harada çalışmasına baxmayaraq, işinə məsuliyyətlə yanaşıb, necə deyərlər üz ağardıb. Amma elektrik montyoru kimi daha lazımlı olduğunu bilərək bu peşədə daha yaxşı çalışmağa başlayıb. Bu günə kimi də şəhərimizin küçələrinin və evlərinin işıqlandırılmasında yaranmış nasaz-lıqların vaxtında aradan qaldırılmasında xüsusi rolu olub. Baş redaktor Tofiq Yusif də bu sadə zəhmət adamının haqqında xoş sözlər söylədi. Dedi ki, İkram çox yaxşı insandır və çox yaxşı da işçidir. O həmişə ehtiyac olan yerə özünü tez çatdırar. Heç bir küçənin və evin qaranlıqda qalmasını istəməz. Tofiq Yusif həm də bildirdi ki, uzun illər öncə bir “Montyor” şeirini yazanda sanki onu İkram Qəribova həsr etmişəm.

                                                                                  MONTYOR

    Ulduz dünyasımı yaratdın yerdə?–

    Gecə ulduz-ulduz alışar, yanar.

    Gəlin gətirməyə gedənlər kimi

    Şəhər də şamlanar, kənd də şamlanar.

     

     

    Sənin arzuların işıqlarındı,

    Gör neçə məkana paylanıb onlar?

    Bir yerdə balaca qüsurun olsa,

    Gecənin qoynunda sevinc dayanar.

     

    Əlinin zəhməti nura çevrilər,

    Könlünün sevinci axar evlərə.

    İşıqlı küçələr dil açıb sanki

    Alqışlar söyləyir sənə min kərə.

     

     

    Narahat ürəyin dincəlməz bir an

    Güclü yağış yağsa, bərk külək əssə

    Sıxar qucağında bir ağrı səni,

    İldırım şığıyıb bir məftil kəssə.

    Dörd yana uzanıb yüklü naqillər

    Yorulmaq bilməyən qolların kimi.

    Yolları Günəş tək işıqlandıran

    İşıqdan yoğrulmuş gözlərindimi?

    Kim deyir adidir bu peşə, qardaş?

    Şərəfli vəzifə daşıyırsan sən.

    Narahat həyatın gözəl həyatdır,

    İşıqlı bir ömür yaşayırsan sən.

     

    Hətta 44 günlük Vətən müharibəsi dövründə aramsız atəş altında elektrik şəbəkəsinin digər üzvüləri ilə raketlərdən və mərmilərdən yararsız hala düşmüş xətlərin bərpasında birgə çalışıb.
    Söhbət zamanı İkram özü də bildirdi ki müharibə zamanı raket və topların şəhərimizə töküldüyü anlarda işığın sönməsinə yol vermədik. Hazırda isə Suqovuşanda təmir-bərpa işləri aparırıq. Bilirik ki, həyatımızın hər anında işığa ehtiyac var. Mən də çalışıram ki, öz sadə peşəmlə insanlara xidmət edəm, heç kəsi və heç yeri işıqsız qoymayam. Zəhmətimin nəticəsində kiminsə alqış dolu sözlərini eşidəndə qürur duyuram. Fəal işimə görə idarə tərəfindən dəfələrlə pul və hədiyyələrlə mükafatlandırılmışam. Ona görə də həmişə işimə məsuliyyətlə yanaşmışam, sönmüş işıqları yandıranda işimdən zövq almışam.
    İkram Qəribov həm də gözəl ailə başcısıdır. Həyat yoldaşı Zabilə ilə birlikdə 2 oğul böyüdüblər. Hazırda oğlanların ikisi də ailəlidir. Amid rayonumuzun qaz istismar idarəsində çalışır. Rahil isə hərbiçidir, Dəniz Sərhəd xidmətində çalışır. Bakı şəhərində yaşayır.
    İkram iki gül nəvənin babasıdır.
    Söhbətimizin başa çatmasını narahatlıqla gözləyən İkram yenicə ermənilərin tapdağından azad olunmuş Suqovuşana tələsirdi. Axı, Suqovuşana yeni həyat qayıdır, ora işıq verilməlidir ki, insanların həyatı işıqlı olsun. Mən də söhbəti tez tamamladım ki, peşəsinin vurğunu olan elektrik montyoru İkram Qəribov işinə gecikməsin.
                                                                                                                                         Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 09:31

İsmarıclar bağlıdır.