HÜMANİST MÜTƏFƏKKİR
2021-ci il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Söz və fikir ustadının zəngin yaradıcılığının müstəsna əhəmiyyətini nəzərə alaraq: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci ili Azərbaycan Respublikasında “Nizami Gəncəvi ili” elan etmişdir.
Nizami Gəncəvi irsi sonsuz bir ümmanı xatırladır. Adı dünya ədəbiyyatı xəzinəsinə qızıl hərflərlə yazılmış beş qüdrətli sənətkardan biri olan Nizaminin “Xəmsə”si Şərqi və Qərbi əsrlər boyu məftun etmişdir. Hələ sağlığında “Şeyx Nizami” kimi tanınan, intibah dövrünün ən qüdrətli sənətkarı sayılan şairin zəngin yaradıcılığı qədim tarixə malik Azərbaycan mədəniyyətinin inkişafında yeni parlaq mərhələdir. Nizami elə bir könül şairidir ki, heç bir xələfi onun mütəfəkkir zirvəsinə yüksələ bilməmişdir. Onu 880 ildən bəri dünya xalqlarına sevdirən əsərlərində təbliğ olunan mütərəqqi ideyalardır. Şairin əsərlərində insanın duyğu və düşüncələri, gördüyü əməllər əsas yer tutur. Nizami Gəncəviyə görə insan yer kürəsini öz əməlləri ilə bəzəmək, xeyrxahlıq etmək üçün yaranmışdır.
Onun əsərlərindən “həmişə türk qoxusu gəlsə də” (H.Araslı) bütün başqa xalqlara da hörmət və məhəbbətlə yanaşmışdır.
Hümanist və beynəlmiləlçi olmaqla yanaşı, Nizami eyni zamanda böyük vətənpərvərdir. Vətəni müqəddəs bir anlayış kimi qəbul edən şairin fikrincə, Vətəni sevməyən onu qorumayanın insan adı daşımaqda haqqı yoxdur. Nizami işğal və qarət məqsədilə aparılan müharibələrin əleyhinə çıxır, dünya ağalığı iddiasında olanları tənqid edir. Nizami Gəncəvi əməksevər, müdrik, gozütox, həqiqəti cəsarətlə söyləyən zəhmət adamlarına məhəbbətlə yanaşır, onları alqışlayır.
İlk müsbət qadın obrazı yaradan şair onlara hümanist münasibət bəsləmiş və qadınlarda mənəvi gözəlliyi, ağlı, sədaqəti ilahi bir yüksəkliyə qaldırmışdır.
Qərinələr ötür, yüzilliklər bir-birini əvəz edir, nəsillər dəyişir. Ancaq dəyişməyən bir şey var. O da dünənin, bu günün və gələcəyin şairi olan Nizami və onun “Xəmsə”sidir.
Fazilə Kərimova
Əməkdar müəllim,
Ə. Məmmədov adına Tərtər şəhər 1 nömrəli
tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi