Bütün Şərqin böyük dühası İlyas Yusif oğlu Nizami Gəncə şəhərində dünyaya göz açmışdır. O, həm vətəni Azərbaycanda, həm də bütün dünyada böyük bir mütəfəkkir kimi şöhrət tapmışdır.
İqtisadi cəhətdən sürətlə inkişaf edən Gəncə şəhəri həmin dövrdə “Azərbaycan Atabəyləri” adlanan Eldənizlər tərəfindən idarə olu-nurdu. İpək yolunun bu şəhərdən keçməsi Gəncənin daha da inkişaf etməkdə, mədəni mərkəzə çevrilməsində mühüm rol oynamış və Nizami bunu öz əsərlərində aşkar surətdə əks etdirmişdir. Gəncədə Qərb və Şərq mədəniyyəti birləşirdi. Nizaminin əsərlə-rindən məlum olur ki, o hər iki mədəniyyətə dərindən bələd olmuşdur. Dahi şairin həyatı haqqında daha dolğun və dürüst məlumatı elə onun öz əsərlərindən almaq mümkündür.
Əsərlərindən öyrənirik ki, Nizami dövrünün əsas dini və dünyəvi elmlərini dərindən bilən alim olmuş, “həkim Nizami” adlandırılmışdır. Ömrü boyu Gəncədə yaşamış Nizami öz doğma dili ilə yanaşı fars, ərəb eləcə də bir sıra digər dilləri dərindən öyrənmiş, ömrünün sonuna qədər tarixi, fəlsəfi, coğrafi, ədəbi əsərlər mütaliə etmişdir. Aldığı təhsil dilinə uyğun olaraq Nizami Gəncəvi bütün əsərlərini fars dilində yazmışdır.
Saraylarda hökmdarların himayəsində yaşamaqdan imtina edən şair bir çox hökmdarlarla əlaqə saxlamışdır. Poemalarını, bəzi şeirlərini dövrünün ayrı-ayrı hökmdarlarına yazmış, onlara hədiyyə kimi göndərmişdir.
Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlamışdır. Ənənəyə uyğun olaraq, şeirlərinin əsas mövzusunu insanı ucaldan, mənən saflaşdıran təmiz məhəbbətin tərənnumu təşkil edir. Şairin lirikasında diqqəti cəlb edən əsas cəhət insana dərin məhəbbət, insanın qüdrətinə inam hissinin olmasıdır. Qaynaxlarda Nizami Gəncəvinin çoxlu lirik şeirlərinin olduğu göstərilir. Tədqiqatçılara isə həmin zəngin lirik irsdən 120 qəzəl, 30 rübai, 6 qəsidə məlumdur. Nizami Gəncəvi ömrü boyu lirik şeirlər yazsa da, onun sənətkarlıq qüdrəti poema janrında daha parlaq cizgilərlə aşkara çıxmışdır.
Dahi şair otuz il ərzində (1174-1203) ona dünya şöhrəti qazandıran beş poema yazmışdır. Sonralar “Xəmsə”(beşlik) adlandırılan bu əsərlərdə mühüm həyati problemlər qoyulmuş və onların bədii həlli verilmişdir. Poemalar fərqli mövzularda yazılsa da, onları birləşdirən cəhətlər az deyildi. Dövlətin ədalətlə idarə olunması, xalq və hökmdar, insanın kamilləşməsində məhəbbətin rolu kimi məsələlər poemalarının hər birində öz əksini tapmışdır.
Yaşadığı dövrdən yüzilliklər keçməsinə baxmayaraq dahi şairin yazdığı əsərlərə olan maraq və dəyər itməmişdir. Hələ sağlığında müasirləri tərəfindən böyuk düha, dahi insan hesab olunan Nizami Gəncəvi dövrünə sığmayan bir şəxsiyyət idi. Əsərlərində qaldırılan məsələlər məhz dövrümüzlə səsləşir. Onun “İskəndərnamə” poemasında yaratdığı utopik “Xoşbəxtlər ölkəsi” anlayışı dövrümüzün demokratik fikirləri ilə üst-üstə düşür, insan hüquq və azad-lıqlarını təcəssüm etdirir.
Nizami dühası hər zaman dünya şərqşunaslığının diqqət mərkəzində olub. Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilmiş-dir.
Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilib. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Nizami yaradıcılığının tədqiqi və təbliği geniş vüsət almışdır. Ölməz sənətkarın 1981-ci ildə Ümummilli liderin bilavasitə iştirakı ilə keçirilən 840 illik yubiley mərasimlə-ri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilib.
2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur.
Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti nəzərə alınaraq, 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilib.
İnanırıq ki, dahi şairə verilən bu böyük dəyər onun ədəbi irsinin və şəxsiyyətinin Azərbaycanda və bütün dünyada maraqla izlənməsinə böyük töhfə verəcəkdir.
Valeh Əbilov,
Kəngərli kənd tam orta məktəbin dilədəbiyyat müəllimi
-
28Yan
Müəllif: Redaktor, 09:06