Hazırda rayonumuzda kənd təsərrüfatı sahəsində aparılan işlər günü-gündən sürətlənir. Tarlalarda payız mövsümündə görülən işlər başa çatmışdır. Bu günə qədər rayonumuzda 8790.2 ha ərazidə taxıl əkinlərinin səpin işləri aparılıb. Ondan buğda 5285 ha, arpa isə 3505.2 ha ərazini əhatə edir. Bununla yanaşı, fermerlərimiz öz təsərrüfatlarında payız mövsümündə 892 ha təzə yonca bitkisi və qışlama dövrü keçirilən əkinlər də daxil olmaqla 23 ha soğan, 5 ha sarımsaq bitkisinin səpin işlərini görüblər. Rayonda taxıl əkinləri səpini başlayan kimi təsərrüfatlarda dərhal səp-suvarma işləri də görülübdür. Havaların əlverişli keçməsindən istifadə edilərək, təsərrüfat sahibləri ərazilərdə olan artezianların köməyi ilə və həm də Tərtər çayından gələn su ilə 8640 ha ərazidə taxıl əkinlərinin bitiş suvarmasını yeri-nə yetiriblər. Bununla yanaşı pambıq, çuğundur, günəbaxan və həmçinin yazlıq bitkilərin səpilməsi üçün aparılan işlər heç də geridə qalmır. Hazırda səriştəli və qabaqcıl fermerlər tərəfindən pambıq əkini sahəsi üzrə MKT şirkəti ilə 1312 ha, Azər Pambıq şirkəti ilə 1102 ha ərazi üzrə müqavilələr bağlanıbdır. Hər il Yevlax Pambıq Aqro tərəfindən rayonda olan 2 idarənin pambıq əkilməsinə dair müqavilə bağlanması bu il də nəzərdə tutulubdur. Çuğundur bitkisinin əkilməsi üçün İmişli Şəkər Zavodu ilə fermerlərimiz tərəfindən müqavilələr bağlanıbdır. Və bu işlər üzrə müqavilələrin bağlanması davam edir. Əgər hər hansı bitkini əkib becərmək və ondan yüksək məhsul almaq istəyiriksə mütləq hər işi vaxtlı-vaxtında yerinə yetirmək lazımdır. Ona görə də səriştəli fermerlərimiz qış mövsümündə bu işləri vaxtında görməyə çalışırlar. Torpaq sahələrində dərin şumun aparılması, sahələrdən bitki qalıqlarının təmiz-lənməsi, şumaltı gübrələrin verilməsi, xüsusən də üzvi gübrənin müasir texnikanın gücünə güvənib sahələrə səpilməsi, tarlalarda qış aratının aparılması işləri görülür.
Xurma, ərik, şaftalı, nar, qoz, alça, alma və bəzi meyvə bağlarında fermerlər əkin sa-hələrində apardığı işlərlə yanaşı, qış mövsümündə aqrotexniki qulluq qaydalarını davam etdirirlər. Meyvə bağlarında ağacların budanması, cərgə aralarının şumlanması, alaq otlarının və bitki qalıqlarının təmizlənməsi, mineral, üzvi gübrələrin ağacların diblərinə verilməsi, ziyanverici və xəstəliklərə qarşı mübarizə tədbirlərinin aparılması təsərrüfat sahibləri tərəfindən yerinə yetirilir. Hazırda Köçərli və Hüsənli kəndlərində kök yığımı aparılır.
Beləliklə, hazırda tarlalarda qış mövsümündə aparılan işlər davam etməkdədir.
Arif Behbudov,
Tərtər DAİM-in Bitkiçilik Sektorunun Müdri