Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 14Yan

    Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib.

    Görüşün məqsədi 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli Bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək olub.

    10 noyabr üçtərəfli Bəyanatının videoformat şəklində imzalandığını və bununla bağlı təmasların telefon danışıqları ilə baş tutduğunu nəzərə alsaq, bu, Vətən Müharibəsində Azərbaycanın tarixi zəfəri və Ermənistanın hərbi kapitulyasiyasından sonra üç ölkə liderinin ilk birbaşa danışıqları idi.

    Azərbaycan Rusiyanın tərəfdaşlıq və mehriban qonşuluq jestlərini qiymətləndirərək görüşdə iştiraka razılıq verib.

    Rusiya tərəfi üçtərəfli razılaşmalara əməl olunmasına görə Azərbaycan tərəfinə minnətdarlıq ifadə edib.

    Görüşün yekunu olaraq bölgədəki vəziyyətin inkişafına dair birgə Bəyanat imzalanıb.

    Tərəflər 10 noyabr Bəyanatının regiondakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9-cu bəndinin həyata keçirilməsinə dair  üçtərəfli İşçi qrupun yaradılması barədə razılıq əldə ediblər.

    Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir müavinlərinin rəhbərlik edəcəyi İşçi qrup yanvarın 30-dək ilk iclasını keçirəcək, fəaliyyət istiqamətləri üzrə ekspert alt qrupları yaradacaqlar.

    Dövlət orqanlarının səlahiyyətli nümayəndələrindən təyin olunacaq ekspert alt qrupları bir ay ərzində layihələri, eləcə də onların icrası üçün lazımi resurs və tədbirlərin siyahılarını təqdim edəcəklər.

    İmzalanan Bəyanatdan da görünür ki, görüş Azərbaycanın maraqları çərçivəsindən kənara çıxmayıb.

    Azərbaycan hərb meydanında olduğu kimi diplomatik arenada da, müzakirələrdə də üstün mövqedədir və bu qalibiyyəti güzəştə getmək niyyəti yoxdur.

    Prezidentin görüşdən sonra verdiyi Bəyanatda səsləndirdiyi əsas müddəlar:

    • Kommunikasiyaların bərpası Azərbaycan, Ermənistan, Rusiya və digər region dövlətlərinin maraqlarına cavab verir;
    • Beynəlxalq kommunikasiyaların bərpası regionun inkişafında dinamizm yaratmaqla bərabər, həm də etibarlı təhlükəsizliyə xidmət edəcək;
    • Dağlıq Qarabağ konflikti keçmişdə qalıb və indi gələcək haqqında düşünmək lazımdır.

    Prezident İlham Əliyev: “Regionun bundan sonrakı davamlı və təhlükəsiz inkişafını təmin etmək üçün görüş çox vacib idi”.

    Prezident İlham Əliyev: “Biz nəticə əldə etmək, sentyabrda – noyabrda baş vermiş hadisələrə yekun vurmaq əzmindəyik”.
    Prezident İlham Əliyev: “Qonşu ölkələr də regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar”.

    Prezident İlham Əliyev: “Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb”.

    Azərbaycan  tərəfi  qapalı görüşdə istədiyinə nail olub. Ortaq Bəyanatın mətni – humanitar və kommunikasiya məsələləri ilə bağlı üçtərəfli İşçi qrupunun yaradılması da bunu təsdiqləyir: Bakının şərtləri qəbul edilməsəydi, üçtərəfli əməkdaşlıq formatı olmayacaqdı.

    Azərbaycan tərəfinin görüşdən əvvəl irəli sürdüyü və yeni Bəyanatla təsbit olunmuş tələblər regional sabitliyi və təhlükəsizliyi möhkəmlətməyə xidmət edir.

    Bu, faktiki olaraq “Mehri dəhlizi” – Naxçıvana, daha sonra Türkiyəyə dəmir yolunun açılması üzrə işlərin başlaması deməkdir.

    Açılacaq kommunikasiya xətləri “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəi olacaq.

    Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası ilə, həmçinin Tükiyə ilə  əlaqələri güclənəcək, ölkəmizin geoiqtsadi əhəmiyəti artacaq.

    Prezident açılacaq kommunikasiya xətlərinin region ölkələrinin hamısı üçün əhəmiyyətini vurğulamaqla irəli sürdüyü altıtərəfli əməkdaşlıq formatı təklifinin qüvvədə olduğunu xatırlatmış oldu.

    Xüsusi qeyd etmək gərəkdir ki,  Ermənistan  müxalifəti və Rusiyadakı erməni lobbisi görüşün pozulmasına çalışır, Paşinyanı görüşə gəlməməyə çağırırdı.

    Paşinyan hökuməti də erməni cəmiyyətinin itmiş nüfuzunu bərpa etmək üçün Moskva danışıqlarında maksimum nəticə əldə etmək, bu, mümkün olmadıqda danışıqları pozmaq istəyirdi.

    Erməni diplomatiyası Minsk qrupu formatında danışıqların bərpasında maraqlıdır, bu məqsədlə görüş barədə Fransa prezidenti Makrona xəbər sızdırılmış, görüşün Rusiyanın yarıməxfi şəkildə keçirmək cəhdləri əngəllənmişdi.

    Paşinyan administrasiyası kommunikasiya xətləri ilə bağlı Azərbaycanın təşəbbüsünün qarşısını almağa can atır, bunun əvəzinə 10 noyabrdan sonra ələ keçirilmiş erməni diversantlarının-terrorçularının azad olunması məsələsini qabardırdı.

    Lakin bu cəhdlər heç bir səmərə vermədi, Azərbaycan diplomatik danışıqlarda da bir daha üstünlük qazandı, danışıqların məcrasını öz istədiyi istiqamətə yönəltdi.

    Azərbaycan hərb meydanında qazandığı zəfəri diplomatik masada, danışıqlar prosesində davam etdirir.

    Paşinyanın iddiaları fonunda Moskva görüşünü Ermənistan üçün növbəti fiasko saymaq olar. O, mətbuata açıqlamasında erməni diversantlarını-terrorçularını azad etmək mümkün olmadığından görüşün nəticələrindən məyus olduğunu gizlətməyib.

    İkinci Qarabağ müharibəsinədək 30 il ərzində aparılan danışıqlar Azərbaycan üçün nəticəsiz diplomatik prosedur idi. Qarabağ problemi hərbi yolla həllini tapdıqdan sonra artıq rollar dəyişib – Ermənistan özü üçün uğursuz və nəticəsiz danışıqlarda iştirak etməyə məcburdur.

    Danışıqların gedişində və mətbuat konfransı zamanı Azərbaycan Prezidenti özünü qalib dövlətin rəhbəri kimi aparır, “bədən dili” ilə də qalibiyyət mesajları verirdi.

    Paşinyan isə öz məğlub ampluasında, gərgin psixoloji vəziyyətdə idi.

    Azərbaycanın radikal müxalifətinin görüş ətrafında qaldırdığı ajiotaj da diqqət çəkdi.

    Paşinyan da Minsk qrupu formatının bərpasına çalışır, Azərbaycan müxalifəti də. Radikal müxalifət iddia edirdi ki, Azərbaycana yeni güzəştlər qəbul etdiriləcək, Rusiya hərbi mövcudluğunu gücləndirəcək.

    Halbuki rus mediası Azərbaycan tərəfinin öz milli maraqlarını sonacan müdafiə etdiyini, 10 noyabr razılşamasının ruhuna zidd heç bir şərti qəbul etmədiyini təsdiqlədi.

    Görüşün yekunları bir qrup antimilli elementin qazanılmış qələbənin əhəmiyyətini kiçiltmək cəhdlərinin puçluğunu bir daha ortaya qoydu.

    Müəllif: Redaktor, 09:06

İsmarıclar bağlıdır.