Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 08Yan

                                                                                    QIŞ FƏSLİNİN XƏSTƏLİKLƏRİ

    Havaların kəskin soyuması özü ilə bərabər bəzi mövsümi xəstəlikləri də gətirir. Bu zaman xroniki xəstəliklər daha da kəskinləşməyə başlayır. Soyuq hava şəraiti angina, bronxial-astma və digər xəstəliklərin yayılmasına münbit şərait yaradır. Bəzən bir çoxumuz yaranan xəstəliklərə etinasız yanaşırıq. Amma unutmayaq ki, bu xəstəliklər insanların normal əmək fəaliyyətinə mane olan əsas amillər sırasında birinci yerdə dayanır.
    Payızın son günlərində havaların soyuması immuniteti zəif olan orqanizmlər üçün daha təhlükəli hesab edilir. Ümumiyyətlə, fəsi l dəyişkənliyinə hər orqanizm fərqli reaksiya verir.
    Əgər insan tam sağlamdırsa, bunun ona hər hansı təsiri olmur. Amma sağlamlığında problem yaşanan, immun sistemi zəif olanlar tez bir zamanda bu dəyişkənliyə reaksiya verirlər. Bəs soyuq qış aylarında xəstəliklərdən necə qorunmaq olar?
    Qış aylarında daha çox yayılan xəstəliklərdən biri də qripdir. Qrip daha əvvəllər də mövcud olmasına baxmayaraq, əslində, 1918-ci ildə baş verən böyük epidemiya ilə gündəmə gəlmiş bir xəstəlikdir. “İspan qripi”ndən 1918-ci ildə, təxminən, 20 milyon insan ölüb. Sonrakı illərdə də epidemiyalar yayılıb. 1957-1985-ci illərdə ortaya çıxan 16 epidemiyanın hər birində ABŞ-da 10-40 min arasında insan vəfat edib. Müasir dövrümüzdə belə bir təhlükə olmasa da, “quş qripi”, “donuz qripi” kimi viruslar dünya ölkələrinin iqtisadiyyatına milyonlarla dollar ziyan vurub, yüzlərlə insanın ölümünə səbəb olub.
    Həkim deyir ki, qrip yüksək hərarət, əzələ, oynaq, baş, boğaz ağrıları, iştahasızlıq, gözlərdə qızartı, quru öskürək və halsızlıqla müşahidə edilən yuxarı tənəffüs yolları infeksiyasıdır. Bəzən, xüsusilə uşaqlarda ürəkbulanması, qusma və ishalla müşahidə edilir. Xəstəliyin ömrü böyüklərdə 3-5, uşaqlarda 7 günədək olur. Qripə yoluxan insan 5-7 gün ərzində sağalsa da, bəzi hallarda bu, qulaq və ağciyər infeksiyalarına yol aça bilər. Buna görə də sonradan orqanizmdə müxtəlif problemlərin yaranmasının qarşısını almaq üçün əvvəlcədən profilaktik tədbirlər görmək vacibdir. Əgər orqanizmdə qripdən başqa digər xəstəlik də varsa, bu zaman həmin xəstəliyin kəskinləşməsi baş verə bilər. Ona görə də qripə bütün “xəstəliklərin açarı” deyirlər. Həmin xəstəliyin yayılması, adətən, payızın ilk aylarında başlayır, noyabr, dekabr aylarında artır. Bəzən aprel və may aylarınadək davam edir.
    Onu da vurğulayaq ki, qrip xəstəliyi bütün mövsümlərdə yayıla bilər. Amma qış aylarında geniş yayılmasının səbəbi insanların qapalı məkanlarda daha çox olmasıdır. İçəridəki quru hava virusların uzun müddət yaşamasına səbəb olan amillərdəndir. Qripə yoluxan adamın istifadə etdiyi qapı, telefon dəstəkləri də infeksiya mənbəyi ola bilər. Hətta təyyarə səfərləri ilə virus bir ölkə-dən digərinə asanlıqla ötürülməkdədir.
    Həkim onu da bildirdi ki, qripdən qorunmaq üçün insanlar mütləq A, C və E vitaminləri, minerallarla zəngin olan qidaları daim qəbul etməlidirlər. Bu baxımdan balıq, qırmızı ət, süd, qatıq, kök, düyü, şüyüd, cəfəri, brokoli, ispanaq kimi qidalar A vitamini ilə, yaşıl bibər, sitrus bitkiləri, soğan, kərəviz, kivi C vitamini ilə zəngindir. Unutmayaq ki, C vitamini müqaviməti artırır, immuniteti gücləndirir və orqanizmi xəstəliklərdən qoruyur. Bitki mənşəli yağlar, tərəvəzlər, yumurta kimi qidalarda isə antioksidan xüsusiyyətlərə malik olan E vitamini var. E vitamini də immunitet sistemini gücləndirir. Turp, göbələk, sarımsaq kimi bitkilərdə, həmçinin balıq və digər dəniz məhsullarında da müqaviməti artıran selenium var. Ət, pendir, yumurta, quru paxlalılar, kəpəkli taxıl məhsulları orqanizmə faydalı olan sinklə zəngindir. Düzgün qidalanmaq üçün vitaminlərlə zəngin olan ərzaqların nizamlı şəkildə qəbul edilməsi çox əhəmiyyətlidir.
    Orqanizmin zülal, yağ, şəkər, vitamin ehtiyacı yetərincə təmin olunmazsa, bədənin müqaviməti aşağı düşər və tənəffüs orqanları virusların təsiri ilə zədələnə bilər. Xüsusilə qida dəyəri aşağı olan, yağlı yeməklərin (hamburger, dönər, cızbız, hazır şorbalar) həddindən artıq qəbul edilməsi qrip kimi infeksion xəstəliklərə yoluxma riskini artırır.
    İnsanlar belə xəstəliklərdən sadə bir yolla özlərini qoruya bilərlər. Küçəyə çıxmazdan əvvəl adi sabundan kiçik bir hissə kəsib qısa müddətə buruna qoymaq faydalıdır. Çünki burun sabundan qıcıqlanır və qripə qarşı təbii dərman olan interferon ifraz etməyə başlayır.
    Unutmaq olmaz ki, istənilən xəstəlik zamanı antibiotiklər ancaq həkimin göstərişi ilə qəbul edilə bilər. Yetərincə su içmək tənəffüs orqanları hüceyrələrinin virusa bulaşan damlacıqlara qarşı müqavimət göstərməsini təmin edir. Buna görə də qış fəslində də hər gün 10-12 stəkan maye qəbul edilməlidir.
    Nizamlı şəkildə idman etmək də müqavimətin artırılması üçün çox əhəmiyyətlidir. Hər səhər soyuq duş, xüsusilə burun-qırtlaq hissəsində qan dövranını nizamlayır və viruslara qarşı yaxşı “müdafiə səddi” yaradır. Bu üsula vərdiş edənlər xəstəliklərdən rahatlıqla qorunurlar.
    Maraqlı görünsə də, qripə yoluxmamaq üçün öncə stresdən uzaq olmaq vacibdir. Çünki stress müqaviməti azaldaraq xəstəliklərə yol açan əhəmiyyətli amillərdən biridir. Qrip xəstəliyinə tutulmuş adamın əşyalarından istifadə etmək xəstəliyə yoluxmaq riskini artırır. Bu səbəbdən təmizliyə fikir vermək, şəxsi gigiyenanı qorumaq əhəmiyyətlidir. Yuxu rejiminə də diqqət et-mək lazımdır. İnsan yuxusuz qalanda bədən hüceyrələri zəifləyir və onların virusla mübarizə qabiliyyəti yarıbayarı azalır.
    Qrip xəstəsinin olduğu otağın normal temperaturda saxlanılması və tez-tez havalandırılması, onların açıq havada olması vacibdir. Xüsusilə uşaqları soyuq günlərdə belə, açıq havadan məhrum etmək olmaz. Əksinə, onlar təmiz havada çox gəzməlidirlər. Bu zaman qalın paltarları üst-üstə geyindirmək, uşağın ağzını müxtəlif şərflərlə sıx bağlamaq düzgün deyil. Bu, uşaqların hərəkət etməsinə, müxtəlif oyunlar oynamasına maneçilik yarada bilər.
    Qripdən hamı qorunmalıdır. Amma elə insanlar vardır ki, buna, xüsusilə diqqət yetirməlidirlər. 65 yaşdan yuxarı şəxslər, astma və xroniki ağciyər, şəkər, ürək və ya böyrək xəstələri, orqan nəql edilmiş, im-munçatışmazlığı olan şəxslər, hamilə qadınlar, körpələr qripdən daha çox qorunmalıdırlar. Yaddan çıxarmaq lazım deyil ki, orqanizmin sağlam olması hər bir insanın öz əlindədir.

    Müəllif: Redaktor, 08:46

İsmarıclar bağlıdır.