Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28Dek

    Yeni ilin ən önəmli atributlarından ən birincisi Şaxta babadır. Şaxta baba qırmızı kürk geyinir, başında qardan papaq, çiynində xurcun olur, əlində isə əsa tutur, uzun ağ saqqalı, qırmızı burnu var.
    Cəmiyyətimizdə rus dilindən (“Ded Moroz”) tərcümə edilən Şaxta babanın dünyanın müxtəlif ölkələrində fərqli adları var: Sant Nikolas, Nikolas of Mariya, Santa Klaus, Pere Noel, Müqəddəs ata, Kristmas, Noel baba və sairə. “Saç-saqqalı tamam ağ, başında qardan papaq” olan bu mehriban qocanı dünyanın müxtəlif yerlərində müxtəlif cür adlandırsalar da, bu adlardan ən çox populyar olanı Santa Klausdur.
    Bu obrazın yaranma tarixi əsrlərin dərinliyinə gedib çıxır.
    Onunla bağlı ta qədimdən bəri yaranan əfsanə və rəvayətlər zaman keçdikcə dəyişikliklərə uğrayaraq şəkildən-şəklə düşüb və bu günümüzə gəlib çatıb. Hazırda dünyada qeyd olunan Yeni il bayramının bir çox ənənələri Miladdan qaynaqlandığı üçün Şaxta baba – Santa Klaus obrazının əsli də xristian dünyasında axtarılır.
    Maraqlıdır, görəsən, uşaqların sevimlisi olan, hədiyyə dolu sehrli torbasını çiyninə atıb dünyanı dolaşan Şaxta baba əslində kimdir və haradan gəlib? İlk dəfə harada peyda olub?
    Əfsanəyə görə, kasıb bir kişinin 3 qızı olub. Bu qızlar cehiz üçün pul tapa bilməyiblər. Keşiş Nikolas bundan xəbər tutub bir gecə gizlincə bu qızların evinə gəlir. Pəncərədən və bacadan evə qızlar üçün pul kisəsi atır. Qızların cehiz pulu düzəlir. O gündən xristianlar maddi problemi olanlara müqəddəs Nikolasın kömək edəcəyinə inanırlar. Keşiş Nikolas öləndən sonra onun qəbri milyonların ümid yeri olub. Xristian dünyasında Şaxta baba Müqəddəs Nikolay kimi tanınır.
    Başqa bir rəvayətə görə isə, Santa Klaus, yəni Şaxta baba Finlandiya ərazisinə aid olan Laplandiyada Korvantunturi dağında işgüzar cırtdanlarla birgə yaşayır. Dağ öz formasına görə dovşan qulağını xatırladır. Şimali Avropada yerləşən Laplandiya dörd dövlət – Norveç, İsveç, Finlandiya və Rusiya arasında bölünüb. Şax-ta baba ağ saqqallı, qırmızı kürklü və oyuncaqlarla dolu kisələr olan səkkiz maralın qoşulduğu xizəyi idarə edən mehriban kişi obrazında təsvir olunub.
    Bu maraqlı personajın meydana gəlməsi konkret adamla bağlıdır. Həmin şəxs 300-cü ildə Kiçik Asiyanın Smirna şəhərində yaşayıb. Onu Nikolay Mirlikinski, yaxud Smirna şəhərindən olan Nikolaus kimi çağırırdılar. Bu yepiskop mehribanlığı, səxavətliliyi və kasıb uşaqlarına bəslədiyi məhəbbəti ilə şöhrət qazanmışdı. Hətta Nikolaus onların yaşadıqları evlərin pəncərəsindən hədiyyələr də atardı.
    Rəsmi olaraq Şaxta babanın ofisi 1985-ci ildə açılıb. Bura il ərzində dünyanın hər yerindən 700 min məktub gəlir. Onun ən böyük arzusu isə Yer kürəsindəki uşaqların hamısını xoşbəxt etməkdir. Şaxta babanın nəvəsi Qar qızın vətəni isə Rusiya hesab edilir. Çünki Qar qızın peyda olması qədim rus folklor ənənələrinə gedib çıxır.
    Yeni il deyəndə Şaxta baba Qar qızla yanaşı, şam ağacı da yada düşür. Yeni ilin simvolu kimi şam ağacı ilk dəfə Almaniyada bəzənib. Hələ çox-çox əvvəllər müxtəlif tayfalar şam ağacını kəsib, evə gətirirdilər və suxarı, şirin çörəklə budaqlarını bəzəyirdilər. Bununla da, güman edirdilər ki, bu ağac onların evinə bolluq və bərəkət gətirəcək. Şam ağacını bəzəmək ənənəsi Almaniyadan bütün Avropaya və dünyaya yayılıb. XX əsrin əvvəllərində ingilis missionerlər şam ağacı bəzəmək adətini Uzaq Şərqə, Çin və Yaponiyaya da yayıblar.
    Bir çox tarixçilər əmindirlər ki, dünya xalqlarının fərqli vaxtlarda keçirdiyi Yeni il şənlikləri qədim Misirdən qaynaqlanan məhsul bayramı ilə bağlıdır.

    Müəllif: Redaktor, 11:10

İsmarıclar bağlıdır.