İnsan öz içində nələr gizlədir!…
Hiyləmizdə yatır min cürə tülkü. Bizim buynuzumuz içimizdədir, Şeytanın buynuzu buynuz deyil ki! |
İçimizdə paxır, içimizdə his,
Əqrəblər vurnuxur insan qanında. Bütün kürsüləri zəbt edir İblis Peyğəmbər donunda, imam donunda |
Yığdıq içimizə nifrət zığını, Fitnəyə, fəsada sinəniz meydan. Görsə insanların şeytanlığını Şeytan olmasından utanar şeytan. |
Haqqın işığına gözlər yarasa, Rüşvət zəncirində ədalət əsir. Bu xalqın bətnində tamah yarası, Tamah Vətən satır, tamah baş kəsir. |
Məsləkimiz tapdaq, üzümüz qara, Vicdanı yamaqlı biz deyilikmi? Vətəni yağıya satandan sonra Papaq gəzdiririk kişilər kimi. |
Var bizə həyatdır, sərvət bizə kam, Pulla qatil haqlı, oğru düz olur. Bu gün nəzərində pir olan adam Sabah alçaq olur, dələduz olur. |
Yoxdur yaşamağa haqqımız bizim, Qara niyyət dolu qara bağrımız. Görünən üzüdür qeyrətimizin Namusu ləkəli Qarabağımız |
Ümidlər xaraba, arzular viran… İnsanlıq şərəfi ulağa quşqun. Nə qədər ki, yatıb Ənuşirəvan Sövdəsi baş tutur iki bayquşun. |
Vətən torpağına, yurda əyil ki, Hər dağı arxanda dağ ola bilsin. Qarabağ dərdi də qrip deyil ki, Əcnəbi həkimlər sağalda bilsin. |
İçimiz kor duman, qaranlıq, zülmət, Qəlbimiz həsrətdir işığa, nura. Kasıblıq torunda çırpınan millət Yenə də qışqırır:”Yaşasın!!! Urra!!! |
Əməlimiz saxta, andımız yalan, Adamlar kürsüyə tula quyruğu. Bizim içimizdə qıvrılıb ilan– İçimiz büsbütün zəhər tuluğu. |
Bizim içimizi gəmirir qurdlar, Yaxşının karıyıq, düzün koruyuq. Talanıb torpaqlar, dağılıb yurdlar, Biz öz nəslimizə söyüş goruyuq. |
İnsan xislətinin məkri, xıltı çox, Qanunlar qulluğa kölə, qaravaş. Sağ gözün sol gözə etibarı yox, Sağ əl sol tayına tələdir, qardaş! |