“Hər kəs yüz il yaşamasa,
Günah onun özündədir.”
Osman Sarıvəlli
| Yüz il yox ey, əllicə il, ay qağa,
Yaşamağa qoyurlar ki, adamı?! Göz görməyə, dil dinməyə qadağa, Yaşamağa qoyurlar ki, adamı?! |
Tanrı göydə qarğışları eşidir,
Tamahlar var, aslan, qaplan dişidir. Vallah, ölmək indi kişi işidir, Yaşamağa qoyurlar ki, adamı?! |
|
Varlığında min ağrının əli var, Çox “yox”ları əvəzləyən “bəli” var. Dəli edib, deyirlər ki, dəli var, Yaşamağa qoyurlar ki, adamı?! |
“Çoxmərtəbə bazarlar”da haqq itdi, Loxmasını yeyən varsa, igiddi. Öldürürlər, deyirlər ki, tez getdi, Yaşamağa qoyurlar ki, adamı? |
|
Yurd-yuvamız para-para olandan, Ciyər vərəm, ürək yara olandan; Bu Vətəndə “qatıq qara olandan” Yaşamağa qoyurlar ki, adamı?! |
Yazılanlar elə qalır kağızda, Kasıblıqdan dad itibdir ağızda. Çıxan səsi batırırlar boğazda. Yaşamağa qoyurlar ki, adamı?! |
|
Bilmək olmur qanun düzdür, ya hənək? Başımızın üstündədir dəyənək. Bu dünyada adam oğlu adam tək Yaşamağa qoyurlar ki, adamı?! |
Tofiq Yusif bu cahandan bezibdir, Dərd-ələmdən, ah-amandan bezibdir. Təngə gəlib, daha candan bezibdir, Yaşamağa qoyurlar ki, adamı?! Yaşamağa qoyurlar ki, adamı?! |
| Dərd öldürüb torpâğı da, daşı da,
Yaxşı var ki, ömrünüzü yaşada?! Cavanlaşır ölümlərin yaşı da… Yaşamağa qoyurlar ki, adamı?! |

