Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Dek

    Hazırda valideynlərin tez-tez: “bizim dövrümüzdə yeniyetmələr belə deyildi. Biz belə hərəkətlər etməzdik. Biz bu cür danışmazdıq” kimi fikirlərlə övladlarını tənqid etdiklərinin şahidi oluruq.Çox qəribədir ki, hər dövrün orta yaşlı ata və anası düşünür ki, onlar öz dövrlərində fərqli olublar. Məsələ burasındadır ki, hər bir dövrün yeniyetməsi və gənci özünə daha çox bənzəyir, nəinki keçmişə. Keçmişin onları qəbul edə bilməməsinin səbəbi isə valideynlərin məsələyə subyektiv yanaşmasıdır. Əslində illərdir ki, valideynlərin yeniyetmələrlə bağlı şikayətlərinin səbəbi də məhz bunlardır.
    Bildiyimiz kimi, yeniyetməlik dövrü 11-12 yaşdan başlayaraq 14-15 yaşadək orta məktəbin beşinci-səkkizinci sinif şagirdlərini əhatə edir .11-13 yaşlı oğlan və qızları adətən kiçik yeniyetmə ,13-15 yaşlıları isə böyük yeniyetmə adlandırırlar, lakin yeniyetməlik dövrünün başlanmasına və qurtarmasına dəqiq sərhəd qoymaq olmaz. Müxtəlif amillərin təsiri altında həmin yaş dövrü bir il tez və ya gec başlaya, yaxud əksinə, bir il və ya gec başa çata bilər. Bu dövr özünün praktik əhəmiyyəti, pedaqoji çətinlikləri və uşaq şəxsiyyətinin dinamikasında baş verən psixoloji xüsusiyyətləri ilə diqqəti cəlb edir. Yeniyetməlik dövrünün əsas xüsusiyyətləri uşağın öz “mən”ini qabartması, heç kəsi qəbul etməməsi və özünün fikirlərinin hər kəsinkindən daha düzgün hesab etməsidir.
    Sadalanan bu fikirlər valideynlərə sözün əsl mənasında dəhşətli gəlir. Dünənədək uşaq saydığı, asanlıqla öz fikirlərini yeritdiyi və yönləndirə bildiyi övladı ilə ünsiyyət qurmaq valideyn üçün müşkülə çevrilir. Valideynlə yeniyetmə övladı arasında ən kəskin konfliktlər daha çox erkən yeniyetməlik dövrünə təsadüf edir. Ata-ana çaşqınlığa düşür və nə edəcəyini bilmir. Bəs ata-ana övladının yeniyetməlik yaş dövrünə qədəm qoyduğunu nədən bilməlidir?
    Aşağıdakı əlamətlərə fikir verək:
    *Səsin qalınlaşması və ya dəyişməsi
    *Tər vəzilərinin aktivləşməsi
    *Bədəndə fizioloji dəyişikliklər
    *Bədən səthində tüklərin sərtləşməsi
    *Uşağın özünün xarici görünüşü ilə həddindən artıq maraqlanması
    *Geyim və danışıq tərzində baş verən dəyişikliklər
    *Müdaxilələrə qarşı verilən sərt reaksiya
    *Tənqidə qarşı kəskin reaksiya
    *Yaşıdlarına və sosial mühitə qarşı sonsuz maraq
    *Əks cinsə qarşı meyil
    Valideynləri və müəllimləri ilə daha çox konfliktlər yeni-yetmə üçün ən qəbuledilməz şey onu tənqid etməkdir. Yetkin insanların bu yaş dövründə olan övladını anlaması çox çətindir. Buna görə də onlar yeniyetməni dəyişmək üçün tənqid etməyə başlayırlar. Düşünürlər ki, tənqiddə fayda var. Halbuki valideynin həmin yaş dövründə olan övladını tənqid etməsi onları hər gün bir az da valideynlərdən uzaqlaşdırır və yadlaşdırır. Yeniyetmə bu zaman daha təhlükəli olur. Ailəsindən qopan yeniyetmələr kənar destruktiv qruplara meyil göstərirlər ki, bu da onların neqativ vərdişlərə yiyələnməsi ilə nəticələnir.
    Yeniyetməlik dövrünü “dönüş dövrü” və “böhran dövrü” də adlandırırlar. Sözsüz ki, bu adlar çoxluğunun yaranması tamamilə təbii xarakter daşıyır. Uşaq öz həyatının bir mərhələsindən digərinə yeniyetməliyə keçir. Bu vaxt istər fiziki, istərsə də psixi inkişafda sürətli irəliləyişlər özünü göstərir.Yeniyetmələrin əsas problemlərindən biri valideynlərlə qarşılıqlı münasibətdə yaranan anlaşılmazlıqlardır. Bu yaş dövründə yeniyetmələrdə uşaqlıq asılılığından çıxmaq və valideynlərlə qarşılıqlı inam, hörmət, etibar və s. kimi münasibətlərə keçməyə tələbat yaranır. Valideynlər isə əksinə, inkişaf edən belə bir bərabərliyə meyilli olmurlar.
    Valideyn-övlad münasibətlərində anlaşılmazlıqlar əv-vəllər də olub, ancaq o dövrlərdə həyat tərzi bir qədər qapalı idi. Hazırki dövrümüzdə isə, çox təəssüf ki, valideyn –övlad münasibətləri getdikcə gərginləşib. Burada günahı təkcə uşaqların üstünə atmaq olmaz. Söhbət əgər qarşılıqlı hörmət və düzgün tərbiyədən gedirsə, bu məsuliyyətli vəzifə əsasən valideynlərin üzərinə düşür. Belə ki, valideynin uşağa nisbətən daha çox həyat təcrübəsi var. Bir ailədə ki, valideynlər övladlarına qarşı şiddət və zorakılıq nümayiş etdirirlər, təbii ki o ailədə böyüyən uşaqlarda mənəvi-psixoloji travmalar yaranması ehtimalı çoxdur. Bundan əlavə əksər ailələrdə analar uşaqları ata ilə qorxudurlar. Bu yaş dövründə valideynlər, çox təəssüflər olsun ki, uşaqları ilə münasibətləri həll etmək üçün dünənə qədər özlərinin düzgün saydıqları tərbiyə üsullarından istifadə edirlər. Bu da çox zaman yeniyetmənin faciəsi ilə nəticələnə bilər. Artıq uşağın ataya qarşı hörmət və sevgisi birmənalı olaraq qorxu hissəsinə çevrilir.
    Valideynlər əslində uşağın öz dünyasını kəşf edə bilməsi üçün ona imkan verməli, onlarda özlərinə qarşı inam hissi yaratmalıdırlar. Əgər ata–ana övladına azadlıq vermirsə, güvənmirsə, etibar etmirsə, bu həmin yeniyetmənin ailədən tədricən uzaqlaşması ilə nəticələnir. O özünə başqa bir sığınacaq axtarmağa başlayır, bununla da yetkinlik yaşında olanlarda psixoloji gərginlik yaranır. Valideynlə övlad ara-sında bu yaş dövründə hər hansı bir konfliktin baş verməməsi üçün aşağıdakı məsləhətlərdən yararlanmaq olar:
    *Övladlarınızı birbaşa tənqid etməyin
    *Onların maraq aləminə daxil olun
    *Fikirlərini sizinlə paylaşmasına çalışın
    *Övladlarınızın dostu olmağı bacarın
    *Özünüzü nümunə göstərməyin
    *Yeniyetmə oğul və ya qızınızla həssaslıqla yanaşın
    *Onları yaşıdları ilə müqayisə etməyin
    *Övladlarınızın fikirlərinə önəm verin
    *Onları qıcıqlandıra biləcək məsələlərə toxunmayın
    *Uşaqlarınıza yaş dövrü haqqında informasiya verməyə çalışın
    *Onların geyim və görünüş məsələlərinə çox müdaxilə etməyin
    *Sevdikləri şeylərə qarşı birbaşa tənqid yağdırmayın
    *Övladlarınızı olduğu kimi qəbul edin.
                                                                                                                             Gülxar ABBASOVA,
                                                                                                                 Tərtər RTŞ-nin metodisti

    Müəllif: Redaktor, 09:13

İsmarıclar bağlıdır.