Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Dek

    BMT Baş Məclisi 1999-cu ildə noyabrın 25-ni Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü elan edib. BMT hökumətlərə, beynəlxalq təşkilatlara, qeyri-hökumət təşkilatlarına həmin gün ictimaiyyətin diqqətini bu problemə yönəldən tədbirlər keçirməyi təklif edib. Baş katib Pan Gi Munun müraciətində deyilir: “Qadın zorakılığı ailələrə iztirab, kədər gətirir. Bundan qoca da, uşaq da əziyyət çəkir və bu, icmanı yoxsullaşmağa gətirib çıxarır. Zorakılıq qadınlara bütün potensial imkanlarından istifadə etməyə imkan vermir, iqtisadi yüksəlişi məhdudlaşdırır, inkişafı pozur”.
    Bu günün tarixi 1960-cı ildə Dominikan Respublikasında baş verən hadisələrdən qaynaqlanır.
    O vaxt diktator Rafael Truxilonun əmri ilə Mirabal ailəsindən siyasi fəal olan 3 bacı vəhşicəsinə öldürülüb.
    Ağ lent qadın zorakılığının bütün formalarına etirazın, analığın qorunmasının rəmzidir, ondan həmçinin oxşar hadisələrdə istifadə edilir. Son illər onun mövcudluğu tədricən ölkələrin çoxunda tanınır. Lakin qadın zorakılığı qlobal pandemiya olmaqda davam edir. Qadınların təxminən 70 faizi məişət zorakılığından əziyyət çəkir. BMT-nin məlumatına görə, dünyada qadınların və qızların 35 faizi ömründə ən azı bir dəfə fiziki və ya cinsi zorakılığın bu və ya digər formasına məruz qalır.
    Qadınlara qarşı məişət zorakılığı planetin hər yerində yayılaraq, təhsildən və maddi təminatdan asılı olmayaraq cəmiyyətin bütün təbəqələrində baş verir. Təəccüblü deyil ki, müstəqil və özünə arxayın kimi görünən avropalı qadınların 15 faizə qədəri gündəlik məişət zorakılığının qurbanı olur. Bəzi kişilər qadına əl qaldırarkən insan haqlarını pozduqları barədə düşünmürlər.
    Qadınlar öz hüquqları uğrunda mübarizə aparmasalar, onları təhqir etməyə və alçaltmağa çalışan hər kəsə cavab verməsələr, bu vəziyyət həmişə davam edəcək.
    Qadınlara qarşı zorakılıq dünya miqyaslı bir bəladır. O nə coğrafi sərhədlər, nə də yaş hədləri tanıyır və heç bir etnik və ya dini qrup bu bəladan sığortalanmamışdır. Xüsusən silahlı münaqişələr zamanı qadınlar kütləvi şəkildə qəddar zorakılıq əməllərinin qurbanı olurlar. Azərbaycan xalqı öz təcrübəsində bunun acı nəticələrini görmüşdür. Ermənistanın ölkəmizə silahlı təcavüzü nəticəsində minlərlə azərbaycanlı qadın həlak olmuş, yaralanmış, ağlasığmaz işgəncələrə və təhqirlərə məruz qalmışdır. Yüzlərlə əsir və girov qadın Ermənistanda və Azərbaycanın işğal edilmiş ərazilərində dözülməz şəraitdə saxlanılmış, məcburi əməyə cəlb edilmiş və digər zorakılıq əməllərinə məruz qoyulmuşdur.
    Azərbaycan cəmiyyətində qadına hörmət təməl dəyərlərdən olub, xalqımızın əxlaqının və mentalitetinin dərin qatlarına söykənir. Qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı halları cəmiyyət tərəfindən həmişə mənfi qarşılanmışdır. Cəmiyyətin bu bəlaya aşkar mənfi münasibətinə və dözümsüzlüyünə, son illərdə Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi təsirli tədbirlərə baxmayaraq, dünyanın bir çox ölkələrində olduğu kimi, qadınlara qarşı zorakılıq hələ də mövcuddur.
    Qadına qarşı zorakılıq “ailə” və ya “şəxsi” məsələ kimi səciyyələndirən hər hansı yanaşma qətiyyən qəbul edilməzdir. Hər bir zorakılıq əməli, o cümlədən məişət zorakılığı qadınların hüquqlarının ciddi pozuntusu hesab edilməli və təsirli məsuliyyətə səbəb olmalıdır. Məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, maliyyə və sosial nəticələr doğurur. Odur ki, səlahiyyətli dövlət orqanlarının bu məsələyə adekvat münasibət göstərməsi son dərəcə zəruridir.
    Bununla əlaqədar olaraq müvafiq beynəlxalq standartlara və bir sıra Avropa ölkələrində mövcud olan müsbət təcrübəyə əsaslanaraq, qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizəyə dair zəruri qanunvericilik aktları mümkün qədər tez qəbul edilməlidir. Bu aktlar ilk növbədə zorakılıq qurbanlarının müdafiəsini, onlara dəstəyi və yardımı, habelə bu cür hüquqa zidd hərəkətləri törədən şəxslər barəsində müvafiq sanksiyaları nəzərdə tutmalıdır.
    Qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizə siyasi gündəliyin ümdə məsələlərindən olmalıdır. Problemin dərindən öyrənilməsi, dərk olunma-sı və onunla mübarizə təmin edilməlidir. Yuxarıda qeyd edilmiş qanunvericilik tədbirləri ilə yanaşı, beynəlxalq və milli tərəfdaşlarla birlikdə hərtərəfli fəaliyyət planı qəbul edilməlidir. Həmin planda müxtəlif tədbirlər, o cümlədən geniş maarifləndirmə işinin aparılması, təlimlər təşkil edilməsi, həqiqi gender bərabərliyinin təmin olunmasına yönəlmiş addımlar atılması, əldə edilmiş tərəqqinin monitorinqi və qiymətləndirilməsi öz əksini tapmalıdır. Bu işlərin görülməsinə qeyri-hökumət təşkilatları da mühüm töhfə verə bilərlər.
    Qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizə qadınların və kişilərin əsas hüquqlarına eyni dərəcədə hörmət bəslənilən daha ədalətli cəmiyyət qurulması işi diqqət mərkəzində olmalıdır.
    Azərbaycan Respublikasının Milli Məclisi ümidvar olduğunu bildirir ki, dövlət hakimiyyəti orqanlarının ölkə əhalisi tərəfindən dəstəklənən birgə səyləri insan ləyaqətinə ləkə gətirən bu problemin aradan qaldırılması istiqamətində ardıcıl surətdə irəliləməyə imkan yaradacaqdır.

    Müəllif: Redaktor, 08:38

İsmarıclar bağlıdır.