MƏMMƏD ASLANSIZ QALAN DÜNYA
Sözlərində bir bülbül cəh-cəhi, bir kəklik nəğməsinin şirinliyi vardı Məmməd Aslanın. O şeir oxuyanda dünya yaddan çıxırdı. Sanki bulaq zümzüməsiydi, yarpaq pıçıltısıydı, çiçək dənizinin ləpələriydi Məmməd Aslanın şeirləri. Azərbaycan dilinin şəhdi-şirəsi, bal dadı hopmuşdu bu azman şairin misralarına. Adam doymaq bilmirdi.
Yazırdı:
Yönəldim bulağa bir qurtum içim,
Cığır fərşə dönüb, gül əlçim-əlçim, Bəs necə tapdayım, bəs necə keçim?
Min naxış pozular izimdən mənim.
Rəssam dostu bu bəndə bir dostluq şarjı çəkmişdi– Məmmədin əl-ayağını gül -çiçəklə bağlayıb çəmən-liyə uzatmışdılar, bir neçə nəfər də onun ətrafındakı çəmən-çiçəyi insafsızcasına tapdalayırdı. Rəssam şəklin aşağısından yazmışdı: “Di döz!”.
Şeirin sonunda demişdi:
Ürəyim yaylaqda itibdir bu gün,
Xəbərim olmayıb özümdən mənim.
Adaşı və cani-dildən sevdiyi möhtəşəm şair Məmməd Arazın bu şeir çox xoşuna gəlmiş və ona nəzirə də yazmışdı…
Heyif Məmməd Aslandan ! O da getdi!…
Getdi ki, əbədiyyətdə uzun müddət “Azərbaycan təbiəti” jurnalının redaksiyasında bir yerdə işlədikləri, yaxın sirdaşı və qardaşı Məmməd Arazla yenidən görüşsün…
… 1968-ci il idi. Məmməd dayım Abbas Fətəliyevlə dostluq edirdi. Onda Məmməd Kəlbəcərdə məktəblərin birində dərs deyirdi. Tez-tez Tərtərə gəlib-gedirdi. Buna digər səbəb də vardı.
Mən həmin vaxtlar yerli radio verilişləri redaksiyasında təşkilatçı-müxbir vəzifəsində işləyirdim.
Bir gün şeir xıridarı olan dayım Abbas mənə bir qoşma verdi. Dedi ki, Məmməd Aslan göndərib. Əgər şairsənsə cavabını yaz.
Vərəqi alıb, qoşmanı oxudum. Belə başlayırdı:
Gəldim səni görəm, qismət olmadı,
Nazlandı yerinə gül: mənəm, mənəm.
Günüm necə keçdi,bilə bilmədim,
Səsləndi saniyə: İl mənəm, mənəm.
Qorxa-qorxa bir cavab yazdım. İki-üç gün keçməmiş dayım dedi ki, Məmməd Aslan gəlib, səni görmək istəyir. Üçlükdə görüşdük.
–Səndən şair olacaq. Məni Kəlbəcərdən Tərtərə gətirən qoşmanın içindəki bir misra oldu: “İntizarın ürəyimdə yuxular”.Yatar yox ha, yuxular. Çox gözəldir!
Tanışlığımızın və dostluğumuzun təməli elə həmin gün qoyuldu və… 50 ilə yaxın bu doğmalıq bizim aramızda davam etdi. Həyatımda az-maz nə uğur qazanmışamsa, ona görə Məmməd Aslana borc-luyam.
Son zamanlar o da, mən də səhhətimizdən gileylənirdik. Şəkərli diabet hər ikimizi bərbad hala salmışdı.(Onun bir “Şəkərnamə” şeiri də var).
Biz əvvəllər bir-birimizlə tez-tez məktublaşardıq, görüşərdik, son zamanlar isə telefonla danışmağa imkanımız çatırdı.
Mən hərbi xidmətdə olanda da, Qərbi Azərbaycanda yaşayanda da Məmməd həmişə mənimlə əlaqə saxlayardı, mənə, sözün həqiqi mə-nasında, arxa-dayaq olardı. Şeirlərimin ilk oxucusu və fikir söyləyəni idi elimizin bu sevimli şairi. Məni həmişə həvəsləndirərdi. Deyərdi ki, şairlərdə iki cür kişilik xarakteri mütləq olmalıdır– biri yaxşı yazmaq, digəri yazdıqlarını insanlara çat-dırmaq.
Bir dəfə ona göndərdiyim şeiri oxuduqdan sonra mənə yazmışdı: “Əzizim Tofiq, “Getdi” rədifli qoşmanı oxudum. Son bir neçə ildə bu şirinlikdə şeir oxumamışdım”. Bilirdim ki, onun belə sözləri məni ruhlandırmaq üçün idi və təvazökarlıqdan irəli gəlirdi.
Onunla dostluq etmək elə də asan deyildi. Özünün etiraf etdiyi kimi: “ Mən çətin adamam, asan deyiləm,” yaxud “Hələ ki, Məmmədəm, Aslan deyiləm”. Lakin mənimlə çox səmimi idi.
Bir dəfə yenə Tərtərə gəlmişdi. Mən onda kirayə bir otaqda yaşayırdım. Qonşuluqda iki tələbə qiz vardı. Məmmədlə mənim anadan olduğum Xoruzlu kəndinə getdik və gecə orada qalası olduq. Sabahısı gün gələndə evin sahibəsi dedi ki, qızlar səndən ötrü narahat olublar, elə biliblər ki, başına nəsə gəlib, hətta ağlayıblar da…
Bir azdan Məmməd “salfetka”nın üzərində yaz-dığı bir bənd şeiri mənə uzatdı:
Bir yana gedəndə ağlayanın var
Sağ əlin başıma, sağ əlin, Tofiq…
O, nə qədər yumşaq idisə, bir o qədər də sərt idi.
Yenə bir yerdə idik. Rayonumuzdan özünü şair hesab edən təkəbbürlü bir müəllim (adını qəsdən çəkmirəm, çünki vəfat edib) Məmməd Aslanı “yaxalayıb”, əl çəkmirdi, yazdığı uzun-uzadı, mənasız “şeirlərini” pafosla və böyük həvəslə oxu-yurdu. Şair birtəhər dözüb qulaq asırdı. Sonda müəllim “şeirləri” haqqında onun fikrini soruşdu. Məmməd çox sakit tərzdə dedi:
– Sizin kənddə mal-qara var?
Müəllim çaş-baş halda cavab verdi:
–Bəli,var, nədir ki?
Məmməd ona daha heç nə demədi. Müəllim pərt halda çıxıb getdi.
Hüseyn Ariflə, Məmməd Arazla və digər çağdaş şairlərimizlə məni Məmməd tanış eləmişdi, hamısına da tərifləmişdi.
İlk dəfə məni geniş Azərbaycan oxucusuna Hüseyn Arifin “Azərbaycan gəncləri” qəzeti ilə (1972-ci il) təqdim etməsinə də Məmməd Aslan səbəb olmuşdu.
Hələ Sovet hökumətinin vaxtında Məmməd Aslan Azərbaycanla Türkiyə arasında bir körpü yarat-mışdı. Onun sonralar yazdığı “Ərzurumun gə-diyinə varanda…” kitabı məhz bu görüşlərin xatirələrindən yaranmışdı. O, tez-tez Türkiyədə təşkil olunan türk yazarlarının Allahın şəninə yazdıqları şeir yarışmasında iştirak edir və qalib olurdu. Mənə danışırdı ki, bu şeir yarışmalarının birində həm Məmməd Aslan imzası ilə, həm də Muxtaroğlu kimi iki şeirlə iştirak etdim, bunlardan biri birinci, digəri ikinci yerə layiq görüldü. Münsiflər heyəti bilmədi ki, Muxtaroğlu elə Məmməd Aslanın özüdür, ona demişdilər ki, bu yarışmada hər şair yalnız bir yazısı ilə iştirak edə bilər və razılığını alaraq ikinci yeri digər bir şairə vermişdilər.
Mənim Məmməd Aslanla bağlı bir kitablıq xatirələrim və xeyli şeirlərim var. O, “Azərbaycan təbiəti” jurnalında məsul katib, “Ekran-efir” qəze-tində baş redaktor, televiziyada veriliş müəllifi işləyəndə də mənim bir çox şeirlərimin dərcini və oxunuşunu təşkil edib. (Bir “xatalı şeirimin” üstündə az qala onu baş redaktorluqdan çıxarırmışlar).
Son zamanlarda yenə mənə zəng vurmuşdu. Dedi ki, mənə həsr etdiyin “ Sənin şeirlərin” şeiri çox gözəldir. Onu indi tərtib etdiyim kitabıma salacağam. Amma sonuncu bənddə məni eti-barsızlıqda suçlamısan. Yox, mən etibarsız deyiləm, öz adını mənə qoyma! O bənd belə idi:
Əlbət Tofiq itkin düşüb yadından,
Xatirəsi susub yəqin lal kimi.
Buralarda öyünürəm adınnan,
Sinəmdədir köhnə dostluq bal kimi.
Bir dəfə ona dağlar haqqında bir şeirimi oxudum. Orada belə bir beyt vardı:
Sarmaşığı niyə məni buxovlar?
Mən onsuz da köləsiyəm dağların.
–Çox yaxşıdır! – dedi. Amma bu “niyə” var ey, onu “nahaq” sözü ilə əvəz etsən, nətəhər olar? “ Sarmaşığı nahaq məni buxovlar”.
Gördüm ki, bu bir sözü dəyişmək o qədər gözəl alınır, heç nə demədim, elə yanındaca “niyə”ni “nahaq” elədim. Məmməd hər sözün yerini və qədrini bilən sərraf bir şair-dilçi idi.
Mən ona çox vaxt “Ay dədə” deyirdim. Həqiqətən də Məmməd Məmmədlərin Aslanı idi. Onun poeziyası nə qədər axıcı, poetik yüklü idisə, publisistikası da bir o qədər gözəl idi.
Gözlərimi yumsam belə onun nəfəsini yüz yazının içindən seçə bilərəm.
O çağlayan gur bulaqlar
Çağlar mənim ürəyimdə.
Neçə şirin xatirəni
Saxlar mənim ürəyimdə.
Bu bəndlə başlanan, “Ürəyimdə” şeiri Dədə Məmmədin necə bir şair olmasını təsdiqləyən “arayışlardan” biridir.
Vətən gözdür, biz kiprik –
Gözümüzün keşiyini çəkirik.
İki misradan ibarət olan bu şeir Vətən haqqında deyilən sözlərin üzük qaşı deyilmi?
Və yaxud:
Məskənimsən gözəl məkan,
Sənsən verən Məmmədə can.
Səndən özgə, Azərbaycan,
Nə var mənim ürəyimdə?
Budur Azərbaycan sevgisi, budur Vətən, torpaq təəssübü! “Sevirəm” deməknən sevmirlər ha, gərək qanınnan-canınnan elə, yurda bağlı olasan …Məmməd Aslan kimi.
Camaatın qaçqınlığından sonrakı vaxtlar idi. Bakıdan Tərtərə gəlmişdi. İkimiz də Tərtər çayının üzərindəki əsas körpünün o biri tərəfindən Kəlbəcərin başı üzərində dayanan Murov dağına baxırdıq. Dağın zirvəsini duman almışdı. Məmməd dedi:
–Murov xəcalətindən üzünü bürüyub.
Mən dedim:
–Murovun nə günahı var ki? O, bizim yerimizə xəcalət çəkir.
Mənimlə razılaşdı.
… 1970-ci illər idi. İlk kitabı olan “ Dağ ürəyi” nəşriyyatda çapa hazırlanırdı. Sovet dövrünün qadağaları (senzura) tüğyan edirdi. Çox narahat idi. Mənə dedi:
–O kitabdan hansı şeiri çıxarırlar çıxarsınlar, kaş bircə bəndə dəyməsinlər!…
Kitab çap olunandan sonra yenə görüşdük. Sevinirdi:
–Həmin bəndə dəyməyblər.
Öyrəndim ki, bu bənd uşaqkən dünyadan getmiş qızı Könülün qəbrinin üstündə yazdığı şeirin aşağıdakı bəndi imiş:
Axtardım hayanı, gəzdim hayanı
Tapmadım qüssəsiz dostu, həyanı,
Mən ağlar görmüşəm daşı, qayanı,
Gözündə yaş olur yarpağın, qızım.
Məmməd bəşəri şair idi. O, dərddən yazanda da, eşqdən və yaxud nifrətdən yazanda da tək bir insanın deyil, bəşərin ovqatını poetikləşdirirdi. Məsələn, 20 Yanvar şəhidlərinə həsr etdiyi “Ağla, qərənfil, ağla” şeirindəki hüzn fərdiləşməmişdir, dünyəviləşmişdir.
Xeyrə şər üstün gəldi,
İniltili ün gəldi.
Ağlamalı gün gəldi:
Ağla, qərənfil, ağla!
Sanki Məmməd dünyanın bu gününə yazıb bu şeiri.
Ayrı düşdüyümüz gör neçə aydı!…
Biz nəyi saymışdıq, fələk nə saydı.
Kaş ölüb-dirilmək mümkün olaydı,
Onda keçirəydim sınaqdan səni.
Bu sevgini, həqiqətən də, yalnız Məmməd Aslana şamil etmək olmaz. Burada həm də Füzuli eşqi var, Nəsimi, Xətai… Müşfiq, Vurğun eşqi var. Yəni o öz şeirlərində bütün insanların yaşadıqları duyğuları dilə gətirirdi.
Məmməd bütöv ömrünü sözə həsr etdi.
Bu yolu seçdim ki, yanam, tutuşam,
Alovlar içində qovrulan quşam.
Ömrü söz uğrunda girov qoymuşam.
Ayrı ürəyim yox, ayrı başım yox.
Və getdi!!!
Heyif, yenə heyif Məmməd Aslandan! O, Azərbaycanın çağdaş ədəbiyyatında öz sözü, öz yeri olan, zirvələnmiş bir şair-publisist idi. Bəlkə də belə tələsməzdi o dünyaya, onu Kəlbəcər dərdi apardı!
Düzdür, dövlətimiz Məmməd Aslanı qiymətləndirmişdi– “ Şöhrət” ordeninə və “ Əməkdar incəsənət xadimi” fəxri ada layiq görülmüşdü. Lakin son mənzilə yola salınması mərasimi adi keçdi…
Adam öz doğmasını itirəndə hansı hala düşür? İndi o gündəyəm. Heç bilmirəm nə yazdım, necə yazdım. O qüdrətli şairə bu üç-beş kəlmə layiqdirmi? Əlbəttə yox!
Məmməd Aslansız qalan dünya onun həsrətini hələ çox çəkəcək.