Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” 2020-ci il 29 avqust ta-rixli Qərarına əsasən 2020-ci il sentyabrın 15-dən respublika üzrə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib. Uşaq bağçaları ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə fəaliyyət göstərə bilərlər. Bununla əlaqədar Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilib.
İcra hakimiyyətinin tabeçiliyində olan şəhər və kəndlər üzrə fəaliyyət göstərən 29 (6-sı şəhər, 23-ü kənd) körpələr evi-uşaq bağçasında Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən koronavirus infeksiyasına qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla dezinfeksiya işləri aparılıb. Bağçaların əməkdaşları hazırkı şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb. Hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub. Hər gün bağçaya gələn işçi heyət və uşaqların temperaturu ölçülür. Körpələr evi-uşaq bağçalarında sanitar gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq həyata keçiriləcək.