Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 16Sen


    “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Təhsil Mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışd
    a iştirak edib.

    Bildirilib ki, Peşə Təhsil Mərkəzinin binası 500 tələbənin təhsil alması üçün nəzərdə tutulub. Mərkəzin binası 6 korpusdan ibarətdir. Korpuslarda 23 tədris otağı, 13 laboratoriya, 154 nəfərlik akt zalı, 184 nəfərlik yeməkxana, kitabxana, kompüter otağı, idman zalı və 24 inzibati otaq var.
    Hazırda Peşə Təhsil Mərkəzinə 2020/2021-ci tədris ili üzrə torna və frezer dəzgahlarının, proqramla idarə olunan dəzgahların operatorları, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, sənayedə quraşdırma işləri üzrə usta, veb-dizayner və proqram təminatçısı ixtisasları üzrə tələbə qəbulu həyata keçirilir. Mərkəzin təhsil proqramı beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb. Tədris prosesinə SKSP-nın rezidentlərinin mütəxəssisləri cəlb olunub. Tələbələrin ixtisas fənləri üzrə dərslərinin 80 faizi SKSP-nın müəssisələrində keçiriləcək. Həmçinin praktiki dərslərin təşkili məqsədilə mərkəzdə təlim avadanlıqları stendləri quraşdırılıb.

    Qeyd etmək lazımdır ki, sənayeləşmə möhtərəm Prezident cənab İlham Əliyevin iqtisadi siyasətinin mühüm tərkib hissəsidir. Əsas məqsəd tələbatın ödənilməsində yerli məhsulların payının artırılması, ixrac potensialının yüksəldilməsi, ümumilikdə neft-qaz amilindən asılılığın daha da azaldılmasıdır. Bu strategiyanın uğurlarını SKSP-nın timsalında real rəqəmləri əks etdirən statistikada görmək olar. Belə ki, 2019-cu ilin birinci yarım ili ərzində burada 258 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2020-ci ilin müvafiq dövründə 2 dəfə çox – 534 milyon manatlıq məhsul buraxılıb. İxrac isə 2019-cu ilin ilk 6 ayındakı rəqəmlə (121 milyon manat) müqayisədə 1,5 dəfə artaraq 2020-ci ilin birinci yarısında 182 milyon manat təşkil edib.

    “Bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük. Xüsusilə yada salmalıyıq ki, bu ərazidə nələr olub, biz bu qərarı verəndə bu ərazi hansı vəziyyətdə idi. Çürümüş, dağılmış, fəaliyyətini başa vuran müəssisələr, həm ekoloji fəlakət zonası, həm də ki, istifadəsiz qalan torpaqlar idi. İndi isə burada yüzlərlə hektar sahədə sənaye parkı qurulub”, – deyə cənab Prezident bildirib.

    Möhtərəm Prezident cənab İlham Əliyev qeyd edib ki, Sənaye Parkının gələcək inkişafı ilə bağlı təkliflərin hazırlanması və yerlərin seçilməsi ilə bağlı tapşırıq verilib. Xaricdə yaşayan azərbaycanlı iş adamları da gəlib Azərbaycana vəsait qoysunlar. Azərbaycan onların vətənidir və onlar hər zaman Azərbaycanın dəstəyini görürlər, güclü Azərbaycan onların da gücünü artırır. Ona görə azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Onlar da öz vətəninə vəsait qoymalıdırlar, öz vətəni ilə daim əlaqə saxlamalıdırlar. Bütün bu amillər düzgün istiqamətə səfərbər edilsə, onda Azərbaycana investisiya axını dayanmayacaq. Əsas məqsədimiz budur. Xüsusilə dünyada yaşanan, pandemiya nəticəsində dərinləşən böhran, əlbəttə ki, bir çox şirkətlərə mənfi təsir göstərib. Ancaq məhz bu şəraitdə biz elə addımlar atmalıyıq ki, postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasında olaq və dərhal, vaxt itirmədən yeni inkişaf dinamikasına sahib olaq.Yenə də deyirəm, belə templə ki, biz gedirik, 2-3 ilə bütün bu yerlər dolacaq və 508 hektarda yer qalmayacaq. Ona görə baxın, harada biz bunu davam etdirə bilərik – deyə dövlət başçısı qeyd edib.

    Beləliklə, SKSP-nın ümumi inkişaf tendensiyası yeniliklərə münasibətilə fərqlənir. Elə nəzdində açılışı olan Peşə Təhsil Mərkəzini də bu xüsusda fərqləndirmək olar. Çünki ilk dəfədir ki, ölkədəki sənaye parkı ərazisində peşə təhsili müəssisəsi yaradılır, bununla da bir neçə strateji hədəfə nail olunur.Tələbələrə müasir infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri aşılanacaq. Təlim-tədris prosesində iştirak edəcək mütəxəssislər elə parkın rezidentlərinin yüksəkixtisaslı işçilərindən olacaq. Öz növbəsində tələbələr də Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində təcrübə keçməklə, iş yeri əldə etmək imkanı qazanacaqlar.

     

    Müəllif: Redaktor, 16:00

İsmarıclar bağlıdır.