İnsan dünyaya fərd kimi gələrək, şəxsiyyətə çevrilir və bu proses tarixi xarakter daşıyır. Fərd tarixən əmələ gəlmiş müəyyən ictimai münasibətlər sisteminə hələ ilkin uşaqlıq dövründə daxil olur. O, həmin münasibətlərə hazır şəkildə təsadüf edir. İnsanın sosial qrup daxilindəki sonrakı inkişafı münasibətlərin elə şəbəkəsini yaradır ki, bu da onu şəxsiyyət kimi formalaşdırır.
Görkəmli psixoloqlar, müdriklərimiz tərbiyənin əsasını humanizmdə, insanpərvərlikdə görür, uşaq üzərində hər cür gücü rədd edir, onların sərbəst böyümələrinin, azad inkişafının tərəfində dururlar.
Təəssüf ki, bəzən uşaq hüquqlarını kobud surətdə pozan müəllimlərə təsadüf edirik. Bunlar özünə inamı az olan, özünü qiymətləndirmə səviyyəsi aşağı olan uşaqların ruhdan düşməsinə, onlarda idrak fəallığının, dərsə marağın azalmasına səbəb olur. Bu problemi aradan qaldırmaq üçün isə bəzən aylar lazımdır.
Humanizm müəllim və valideyndən hər bir uşağın arzu və marağının, fərdi psixoloji xüsusiyyətlərinin diqqətlə nəzərə alınmasını tələb edir. Müşahidələr göstərir ki, o müəllimlər ki, uşaqları yaxşı tanıyır, hər birinin psixoloji xüsusiyyətlərini bilir, onlar şagirdlər üzərində müvəffəqiyyət qazanırlar. Sözsüz ki, deyilənlər valideynlərə də aiddir. Böyüklər uşağa şəxsiyyət kimi yanaşmalıdırlar.
Uşağın əqli qabiliyyətlərini inkişaf etdirmək istəyiriksə, ilk növbədə onu yetkin şəxsiyyət kimi yetişdirməyə çalışmalıyıq.
Mənəvi cəhətdən yetkin insan özünə münasibətini və əxlaqiliyini ifadə edən bir sıra müsbət xüsu-siyyətlərə malik olur.
–Şəxsi ləyaqət hissi-öz qiymətini, nəyə qadir olduğunu bilir, özünə inamı vardır.
– Saflıq-düzlüyü sevir, səmimidir, yalandan, başqasını aldatmaq niyyətindən uzaqdır.
–Cəsurluq-qorxmazdır, qorxuya qalib gəlməyi bacarır, cəsarətlidir.
–Özünənəzarət-fikirlərinə, istəklərinə, hisslərinə və hərəkətlərinə nəzarət edə bilir.
–Ədalətlilik-acıq danışmağı sevir, haqq işin tərəfdarıdır, ardıcıl və təmkinlidir.
– Çalışqanlıq-işdə ardıcıl, inadcıl və səliqəlidir, işi bacarandır.
– Əməksevərlik-işdən qaçan deyildir, işə məcbur edilməsinə ehtiyac yoxdur.
– İnadcıllıq-maneələrə baxmadan məqsədinə doğru irəliləyir.
–Diqqətlilik-müşahidə qabiliyyəti güclüdür, iltifatlı və nəzakətlidir.
Uşağın mənəvi və fiziki sağlamlığına diqqət yetirmək lazımdır. Uşağı yetkin şəxsiyyət kimi formalaşdırmaq üçün ona bir sıra intellektual keyfiyyətləri aşılamaq lazımdır.
–Fikir genişliyi-fikirləşmədən tələsik mühakimə yürütmür, başqa nöqteyi-nəzərləri dinləməyə hazırdır.
–Yaradıcılıq-özünü yaradıcı ifadəyə qadirdir.
–Tənqidi fikirləşmək qabiliyyəti-qərar qəbul etməmişdən qabaq bütün mümkün variantları götür-qoy edir.
–Hər şeyi bilmək həvəsi-hər şeylə maraqlanır, fərasətlidir, təşəbbüskardır, daha bilikli olmağa can atır.
–Kamillik səyi-hər işdə mümkün qədər ağılla hərəkət etməyə ehtiyac duyur.
–Qiymət vermək qabiliyyəti-estetik, mənəvi dəyərləri qəbul edir, intellektual nailiyyətləri və insanın öyrənmək cəhdini qiymətləndirir.
-
05Noy
Jalə Məmmədova,
Müəllif: Redaktor, 12:20