ÇAYLAR AXIR SƏSSİZ-SƏMİRSİZ
(OÇERK)
Azərbaycan təhsili tarixində XX əsrin 60-80 ci illərinin öz yeri, öz tutumu vardır. Məlumdur ki, həmin dövrdə SSRİ-nin müxtəlif regionlarında meydana çıxan qabaqcıl təcrübələr ölkədə geniş yayılır, tez-tez elmi-praktik konfranslar, pedaqoji mü-hazirələr, elmi-metodiki seminarlar keçirilirdi. O illərdə Tərtər RTŞ metodkabineti respublikada qabaqcıl təcrübə məktəbi kimi tanınaraq ayrıca bülleten də buraxırdı. Haqqında söhbət açacağımız Validə İsfəndiyarova pedaqoji fəaliyyətə məhz belə bir mühitdə başlamışdı.
Ali məktəbi fərqlənmə diplomu ilə bitirən Validə müəllimin dərin elmi-nəzəri hazırlığa və pedaqoji ustalığa malik olması onu tezliklə qabaqcıllar sırasına çıxardı. Rayonun Səhlabad kəndində işə başlayan Validə müəllimin sorağı tezliklə bütün rayona yayıldı. İki ildən sonra məsul bir vəzifəyə-rayon komsomol komitəsinin ikinci katibi vəzifəsinə irəli cəkdilər.
O, burada təhsillə bağlı məsələlərə daha çox diqqət yetirdi. İşinin çoxsahəli olmasına baxmayaraq, heç vaxt öz doğma sənətindən, məktəbdən, təhsildən ayrılmayan Validə müəllim tez-tez təhsil ocaqlarına baş çəkir, gənc müəllimlərin qayğısı ilə maraqlanır, yaxşı ənənələrin genişlənməsinə rəvac verirdi. Lakin bu vəzifədə çox qala bilmədi. Ailə qurması ilə əlaqədar yenidən pedaqoji işə qayıtdı.
İlk günlərdən Validə müəllimi bir şey daha çox düşündürürdü: Şagirdlərdə Azərbaycan dilinə, ədəbiyyata, təhsilə elmə məhəbbət hissi aşılamaq! O, öz ixtisasını da məhz bu ideyalar naminə seçmişdi.Öz işini sevən və ona ürəkdən bağlanan Validə müəllim ina-nırdı ki, tezliklə şagirdlərinin ürəyinə yol tapacaq, müəllimlərin və valideynlərin hörmətini qazanmağa müvəffəq olacaqdır. Belə də oldu. Tərtər şəhərindəki 1 nömrəli orta məktəbin müəllimi Validənin adı məclislərdə tez-tez çəkilirdi. Bir vaxt təhsil aldığı məktəb indi onun iş yerinə çevrilmişdi.
Qısa arayış: Validə İsfəndiyarova Tər-tərdə orta məktəbi bitirdikdən sonra 1954-cü ildə H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı (sonra buraya tarix də əlavə edilmişdi) fakultəsinə daxil olmuş, 1959-cu ildə oranı fərqlənmə diplomu ilə bitirərək, təyinatla öz rayonuna göndərilmişdir. Onun 40 illik pedaqoji fəaliyyəti də burada davam etmiş və o, neçə-neçə şagirdin taleyində öncül rol oynamışdır. Ancaq nə edəsən ki, böyük çaylar lal axdığı kimi, qəlbi geniş adamlar da zahiri hay-küylərdən uzaq olurlar.
İndi o illər çox uzaqda qalmış, bu müddətdə çaylardan səssiz-səmirsiz bol sular axmış, neçə-neçə nəsillər bir-birini əvəz etmişdir. Lakin Validə müəllimin böyük zəhmətinin, gərgin əməyinin nətiçəsi öz bəhrəsini vermiş, onun yandırdığı şamlar ürəklərdə, könüllərdə özünə yer tutmuşdur.
Yenilik axtarışları ilə yaşayan, bütün vaxtını, biliyini və enerjisini şagirdlərin mükəmməl bilik almasına sərf edən Validə müəllim isə heç də arxayınlaşmır, daim öz üzərində işləyir, pedaqogika və psixologiyanın yeniliklərini, pedaqoji mətbuatı, qa-baqcıl təcrübəni ardıcıl izləyir xüsusən ədəbiyyat və tarixə dair ən yeni məlumatları həvəslə toplayırdı. Bununla o, işlədiyi kollektivin başqa üzvlərinin də mütaliə mədəniyyətinin yüksəlməsinə təsir göstərirdi. O illərdə akademik M.Mehdizadənin mək-təbşünaslığa dair yazılan yazıları məşhur pedaqoqlar Ə.Qarabağlı, Ə. Əfəndizadə, C.Əhmədovun dil və ədəbiyyatın tədrisinə dair məqalələri hamının köməyinə gəlirdi. Validə müəllim bu məqalələri səliqə ilə yığıb saxlayar, çətinə düşəndə onları birbir yenidən gözdən keçirərdi.
Validə müəllim şagirdlərlə təmasda olmaqdan yüksək mənəvi zövq alırdı. Onun aləmində hər bir uşağa həssaslıqla, səbr və təmkinlə, qayğı ilə yanaşılmaqla, ona sonsuz məhəbbət bəslənməlidir. Məşhur pedaqoqların sözü ilə desək, o, tələbkarlıqla heç kəsin xətrinə dəyməmək prinsipini özünün iş devizi sayırdı. Onun dərsləri yad əhval-ruhiyyədən tamamilə uzaq idi, sinifdə yaratdığı xoş mənəvi iqlim, uşaqlarla mülayim rəftar şagirdlərin mənəvi varlığına öz təsirini göstərirdi.
Xaraktercə Validə az danışan idi. Onun sükut dünyasının öz kökü vardı. Çox sonralar öyrəndik ki, Validə ki-çik yaşlarından anasını itirmiş, atası Xəlil kişinin himayəsində böyümüş və elə onun da arzusu ilə müəllimliyə gəlmişdir. Xəlil kişi ədəbiyyatı çox sevirdi. Firdovsinin “Şahnamə”sindən, H.Cavidin “İblis”indən əzbər parçalar söyləyərdi. M.Müşfiqdən, S.Vurğundan ağızdolusu danışardı. Müasir ədəbiyyata da yaxşı bələd idi.Ona görə də çox sevdiyi qızını ədəbiyyatçı görmək istəyirdi. Validə onun ümidini doğrultdu. Validənin qardaşı Vasif isə Tibb İnstitutunu bitirdi, təyinatla Aşqabada göndərildi və ailə quraraq orada da məskunlaşdı. Uzaq Türkmənistanda yaşasa da öz doğma Qarabağını bir an belə unutmamış, həyat yoldaşı Veneraya da Şuşanı doğma vətəni kimi sevdirə bilmişdi. Atasının təsiri ilə onda da poeziyaya həvəs yaranmışdı.
1962-ci ildə Validə xanım rayonun ən tanınmış ziyalılarından biri sayılan və komsomoldakı rəhbər işindən RİK sədrinin müavini vəzifəsinə qədər yüksələn Oqtay Səfərovla ailə qurmuşdu. Bu izdivaçdan onların iki oğlu, bir qızı dünyaya gəlmişdir. Böyük oğlu Babək hərbi qulluqçu, kiçik oğlu Hafis mühəndisdir, qızı Sevinc kimyaçıdır və hazırda Sank-Peterburqda yaşayır. Validə xanımın 7 nəvəsi var: 5 oğlan, 2 qız.
HAŞİYƏ: 1970-1979-cu illərdə Tərtər rayonunda birinci katib vəzifəsində işləmiş, Təhsil Nazirliyinin şöbə müdiri, təhsilimizin ağsaqqallarından sayılan Zülfüqar Abdullayevin dediklərindən: “Oqtay Səfərov çox bacarıqlı, enerjili, ləyaqətli, xaraktercə bütöv bir adam idi. Ona hər sahədə arxalanmaq olardı. RİK sədrinin müavini vəzifəsinə irəli çəkiləndə də məhz onun bu cəhətləri nəzərə alınmışdı. O, bütün sahələrdə özünü doğruldurdu. Heyf ki, onun həyat yolu çox qısa oldu”.
Validə xanım müəllim, ana məsuliyyətini dəftərindən anlayırdı. Ürəyinin atəşini , gözünün nurunu dərs dediyi uşaqlara verir, öz xeyirxah əməlləri ilə onların yoluna nur saçırdı. Bu illərdə o bir daha yəqin etdi ki, müəllim ömrü nəsil-nəsil ömürlərə calanır, öz şöləsini başqalarına ötürür və bu illər xalq üçün, uşaqlar üçün yaşanılanda daha mənalı olur.
Validə müəllimin pedaqoji fəaliyyətindəki bəzi epizodlar indi də yaddaşlardan silinməmişdir. 1967-ci ilin yazı idi. Tərtər şəhər 1 nömrəli məktəbin adi iş günlərindən biri idi. Xəbər yayıldı ki, rayona Bakıdan “komissiya” gəlib. Səhər tezdən maarif şöbəsinin nümayəndəsi ilə orta boylu, gülər üzlü, nurani bir kişi məktəbə gəldi. O, şirin danışığı ilə tezliklə müəllimlərin qəlbini ələ aldı. Ədəbiyyat müəllimləri ilə tanış oldu. Validə müəllim onun diqqətini daha çox cəlb etdi: “Mən sizin dərsinizdə iştirak etmək istəyirəm”. Validə müəllim bu gözlə-nilməz təklifdən özünü itirdi. Axı o, məktəbin ən gənc müəllimlərindən idi. Lakin tez özünü ələ aldı və “Buyurun”dedi. Bu hörmətli qonaq, tanınmış metodist alim Ə.Qarabağlı idi. Bu ad o zaman bütün ədəbiyyat müəllimlərinə yaxşı tanış idi. O, ədəbiyyatın tədrisinə dair çoxlu əsərlərin müəllifi idi. O, bir neçə dəqiqəlik tənəffüsdən səmərəli istifadə edərək Validə müəllimi sorğu-suala tutu. Sinifdə bir ifadə yazı aparmağı təklif etdi və bu barədə müəllimin fikrini öyrənmək istədi, cavablar onu tam qane etdi.
(Davamı gələn sayımızda)
Nəcəf Nəcəfov,
filologiya elmləri namizədi, akademik
Mehdi Mehdizadə mükafatı laureatı “Azərbaycan müəllmi”qəzet 5-11 mart 2004-cü il