Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar müharibəyə qədər Aran
Qarabağın rayonlarını əhatə edən 97 min hektar məhsuldar torpağın suvarılması Tərtərçay üzərində qurulmuş Sərsəng, Madagiz su anbarları, sağ və sol sahil magistral kanalları vasitəsilə həyata keçirilirdi. 25 ildən artıqdır ki, su anbarlarının işğal altında olması Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Yevlax və Goranboy rayonlarında əkinlərin suvarma suyu ilə təminatında çətinliklər ya-radıb. Odur ki, dövlətimiz tərəfindən həmin ərazilərdəki əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün ardıcıl tədbirlər görülür.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin rəisi Emil Hacıyev bildirib ki, müəssisə 1976-cı ildə Sərsəng və Madagiz su anbarlarının istifadəyə verilməsindən sonra yaradılıb.
Tərtərçay hidroqovşağına Madagiz su anbarı, uzunluğu 92,6 kilometr olan beton üzlüklü sağ və sol sahil magistral kanalları, 77 kilometr uzunluğunda beton üzlüklü paylayıcı kanallar,
onların üzərindəki hidrotexniki qurğular və hidrometrik postlar aiddir. Bu su anbarı və kanallar zamanında Azərbaycanın iqtisadi inkişafında, xalqın rifahının yaxşılaşmasında böyük rol oynamış,
Qarabağın kənd təsərrüfatı sürətlə inkişaf etmişdi. Təəssüf ki, respublikamız üçün böyük həyati əhəmiyyətə malik olan Sərsəng və Madagiz su anbarları, sağ və sol sahil magistral kanalları və beton üzlüklü paylayıcı kanallar 1992-ci ildən işğal altındadır. Tərtərçay Hidroqovşağının İstismarı İdarə-si hazırda təsərrüfatların suvarılmasını Yuxarı Çaylı kəndi ərazisində Tərtərçaydan qidalanan 3 torpaq məcralı kanal- “Xanarxı”, “Təley”, “Xoruzlu” kanalları vasitəsi ilə həyata keçirməklə Tərtər, Bərdə, Yevlax və Goranboy rayonlarının 36 min 300 hektar əkin sahəsinə xidmət edir.
İdarə rəisi qeyd edib ki, ermənilər torpaqlarımıza və cəbhəyanı rayonların əhalisinə zərər vermək üçün Sərsəng və Madagiz su anbarlarının suyunu payızın sonu və qış aylarında buraxır, suya ehtiyac olan yaz-yay aylarında isə qarşısını kəsirlər. Nəticədə əkin sahələrinin suvarma suyu ilə təminatında çətinlik yaranır. Su torpaq məcralı kanallar vasitəsi ilə nəql edildiyinə görə itkinin miqdarı həddindən artıq çox olur. Su itkisinin qarşısını almaq məqsədilə idarə vaxtaşırı torpaq kanalların lildən, kol-kosdan və digər çöküntülərdən təmizlənməsi işlərini həyata keçirir. 2020-ci ilin altı ayında torpaq kanallarda 145 min kubmetr, kollektor və drenlərdə 22,4 min kubmetr lildən təmizləmə, həmçinin daşqın və selə qarşı 14,5 min kubmetr torpaq işləri görülüb. 4 ədəd hidrotexniki qurğu, 10 ədəd hidro-metrik post, 1 ədəd inzibati bina cari təmir edilib. İdarə tərəfindən Tərtər, Bərdə, Yevlax və Goranboy rayonlarındakı əkin sahələrinə 81 milyon 683 min kubmetr suvarma suyu ve-rilib.
Bundan başqa, son illərdə torpaq kanalların beton üzlüyə alınmasına da başlanılıb. Belə ki, uzunluğu 3750 metr olan “R-7-1” kanalına beton üzlüyün çəkilməsi 2015-ci ildə başa çatdırılıb. Uzunluğu 5670 metr olan “R-8-1” kanalının beton üzlüyə alınmasına isə 2016-cı ildən başlanılıb. Bu günədək kanalın 5300 metr hissəsinə, o cümlədən cari ildə 400 metr hissəsinə beton üzlük çəkilib.
“Bitkiçilikdə yüksək məhsuldarlığın əldə edilməsi suvarma suyuna olan tələbatın vaxtlı-vaxtında ödənilməsindən asılıdır. Havaların quraq keçdiyi, çaylarda sululuğun azaldığı hazırkı vaxtda isə su itkisinin qarşısının alınması günün vacib tələbidir. Odur ki, bu məqsədlə torpaq kanalların lildən təmizlənməsi və beton üzlüyə alınması işləri davam etdirilir” – deyə, Emil Hacıyev bildirib.
-
28Avq
Müəllif: Redaktor, 09:31