KİM YAŞAMAQ İSTƏYİR?…
Qəbiristanlıq…
Sinif otağı kimi sakit.
Elə bil kimsə sual verib
Dinc qoymayıb dilini:
“Kim yaşamaq istəyir?”.
Hamı əlini qaldırıb,
Başdaşına dönmüş əlini.
Vaqif İbrahimin “Yaşamaq eşqi” şeirini kövrələ-kövrələ deyərdi həmişə. Yumşaq təbiətli, kövrək, poeziyanı sevən bir insan idi. Ömrünün ixtiyar çağında da valideynlərindən danışanda uşaq kimi kövrələrdi.
Uzun illər Nəsirov Əvəz Abdulla oğlu ilə bir otaqda oturub işləmişik. Yaşamaq eşqi güclü, əhval-ruhiyyəsi nikbin idi. Onun özünəməxsus xüsusiyyətləri var idi. Sovet dönəmində SSRİ Jurnalistlər İttifaqının üzvü olmuş, bu rejim dağılandan sonra da həmin döş nişanını pencəyinin yaxasından çıxarmırdı.
Hərdən iş otağının pəncərəsindən gəlib-keçənləri seyr edər, sonra dərindən bir ah çəkib bu şeiri deyərdi.
Gözəllər karvanı gəlib-keçəndə,
Qəfil qocalığım çıxdı yadımdan.
Bu bəndlə bağlı həmişə Yusif (Allah ona da qəni-qəni rəhmət eləsin, dünya-sını çox gənc yaşında də-yişdi) Əvəz Nəsirova söz atar onu cırnadardı.
Hərdən özündən sonra yaxşı iz qoymayan insanlar haqqında Nəsirov “Allah yanında yatanlara rəhmət eləsin!”- deyərdi.
Bir dəfə də bir şəhər sakini onu küçədə görüb, adı yadından çıxıb, ona “Mirzə Nəsir müəllim” demişdi. O vaxtdan qəzetin bir nömrəsində iki yazısı olanda birinə “Mirzə Nəsir” imzası qoyardı.
Onun haqqında danışanda hər kəsin çöhrəsində bir təbəssüm yaranır.
Bir dəfə də iş yoldaşlarımızla söhbət edirdik, hər kəs kövrək hisslərə qapılmışdı, söhbət nənələrdən gedirdi. Mən də nənəmdən xeyli danışdım. Qəfildən Nəsirov: “Doğrudan, sənin rəhmətlik nənən nə təhərdir?” –deyə, soruşdu. Hamımız güldük, ancaq o, biz güləndə dediklərinin fərqinə vardı. Bu da bir misal kimi dillərə düşdü, fikirləşməmiş bir söz deyəndə, hər kəs əlavə edərdi, “Nəsirov deməli rəhmətlik nənən nə təhərdir?”
Bax, belə bir xoş xasiyyətli insanı itirdik. Gəncliyindən ömrünü qəzetə bağlayan, “İşdən çıxan kimi öləcəyəm!”–deyən, bir az kövrək, bir az baməzə Nəsirovumuzu itirdik.
Yazımı bitirmək istəyəndə onunla bağlı bir xatirə də yadıma düşdü.
Tofiq Yusif qəzetə təzə redaktor təyin edilmişdi. “Letuçkada” Nəsirovun yazısını müzakirə edirdik. Tofiq müəllim Nəsirovun yazısına irad bildirərək on-dan soruşdu: “Nəsirov, neçə ildi qəzetdə işləyirsən?”.
Nəsirov cavabında: “9 redaktor yola salmışam…”- dedi.
Tofiq müəllim də özünəməxsus yumorla cavab verdi: “Sən öl, amma məni yo-la sala bilməyəcəksən”.
Əvəz Nəsirov qəbul edilmiş insan idi. Necə var idisə, elə də görünürdü. Ancaq özü olmağa çalışırdı. Deyinməyi, küsməyi, hirslənməyində də özünəməxsusluğu var idi.
Kənddə yaşadığı üçün işdən həmişə bir 15 dəqiqə qaçmaq istəyirdi və hər dəfə redaktordan icazə alırdı. Bir gün Tofiq müəllim hirslənib, onu danladı. Nəsirov iki gün dözdü, üçüncü gün bu dəfə icazəsiz tez getdi. Səhər işə gələndə Tofiq müəllim: “ Nəsirov, dünən niyə tez getmişdin? Kimdən icazə almışdın?”– dedi.
Nəsirov yenə fikirləşmədən birbaşa: “Əzizovadan”–dedi. Hamı güldü. Tofiq müəllim iclasda: “Yaxşı, innən belə sənin icazəni Əzizovaya verdim”–dedi. O vaxtdan həqiqətən də Tofiq müəllim nə qədər ki, mən redaksiyada işlədim, Nəsirovu tapmayanda məndən soruşurdu.
Beləcə, onu tanıyanların xatirəsində şirin xatirələr ilə yaşayacaq bir insanı da itirdik.
“Kim yaşamaq istəyir?”–sualına cavab üçün əlini qaldırıb başdaşına dö-nən Əvəz Nəsirovumuzu da itirdik.
Allah rəhmət eləsin!
Svetlana ƏZİZOVA