SELEKSİYAÇI MAHMUD DAYI
2020-ci ilin ilk aylarından yaranmış psixoloji gərginlik–pande-miyanın yayılması sanki xeyrimi-zişərimizi urvatsız hala gətirdi. Hətta bir-birimizlə münasibətdə ehtiyatlılıq yaratdı. Hər an, hər yerdə yoluxma qorxumuzu artırdı. Nə toy etmək arzusunda olan toy edə bildi, nə də yas mərasimi düşən ölüsünə urvatlı yas verə bildi. Qəfləti yaranan bu bəla sanki bütün fikirləri qarışdırıb, insanları çaş-baş saldı. Bütün xeyirşər məclisləri dayandırıldı, əlamətdar günlər, ad günləri üçün təşkil olunan kiçik məclislər belə keçirilmədi. Günlər adiləşdi, özü də necə adiəşdi?…
Belə adi günlərin birində telefonuma bir zəng gəldi.
Tanıdığım, hörmətini saxladığım insanlardan biri olan Tərtər şəhər 2 saylı məktəb-liseyin direktoru Gülarə Əkbərova hal-əhval tutduqdan sonra bu günlərdə dünyasını dəyişmiş bir həmyerlimiz haqqında xeyli yana-yana danışdı. Xahiş etdi ki, əgər rayon qəzetimizdə onun haqqında bir məqalə çap olunarsa, o insanın ruhunu sevindirmiş ola-rıq, ona hörmət əlamətimiz olar–dedi.
Rəhmətə gedən həmyerlimiz rayonumuzun tanınmış ziyalısı haqqında yazmaq mənim üçün bir şərəf işi olduğunu söyləyərək, onu redaktor Tofiq müəllimin bilməsi və razılığı ilə yazılması daha yaxşı olar dedim. Ertəsi gün iclas zamanı rəhmətə gedən şəxs haqqında redaktora məlumat verdim və ona zəng ediləcəyini söylədim. Tofiq müəllim öz razılığını bildirdi, dünyasını dəyişmiş həmyerlimizə Allahdan rəhmət dilədi.
Bu insan tanınmış ziyalı, se-leksiyaçı, bir çox taxıl sortlarının müəllifi, ömrünün çox hissəsini Bölgə Təcrübə Stansiyasında ça-lışmış Mahmudov Mahmud Nov-ruz oğludur.
Mahmud dayı əslən Qərbi Azərbaycanın Vedi rayonunun Çi-mən kəndindəndir. Öz yaşayış yerini, el-obasını məcburən tərk edənlərdəndir. Köksündə Vətən dərdi, yurd həsrəti çəkə-çəkə bu günlərə kimi ömr edib, çalışıb. Hə-yatın firavan günü ilə də üzləşib, sərt üzü ilə də qarşılaşıb. Allahdan qismət olan ömür payını zəhmətlə yaşayıb. Yetişdirdiyi buğda sortla-rı ilə illərlə çalışıb, istədiyi nəticəni alanda isə sevinci yerlə-göylə bir olub. Səsi-sorağı el-el, oba-oba gəzib. Təltif olunub, hədiyyələr alıb. Bu mükafatlar onu çalışdığı sahəyə daha möhkəm bağlayıb, hər dənin, hər sünbülün qədrini bi-lib, gözü ilə görməklə hansı sortdan olduğunu tanıyıb.
Seleksiyaçının haqqında bəzi məlumatları oğlu Rəfael müəllim verdi. O, söylədi ki, hələ yeniyetmə yaşlarında atasının çalışdığı Bölgə Təcrübə Stansiyasındakı taxılçılıq sahələrinə gedərək atasının yetişdirdiyi sortlarla maraqlanar, onlar haqqında ətraflı məlumatlar alardı. Bu gün Rəfael müəllim çox qürur hissi ilə atası haqqında danışdı və bildirdi ki, atam yeni sort toxumların alınması üçün tanınmış akademik və alimlərlə birgə ça-lışıb, onların təcrübəsindən yararlanıb, adı onların adı ilə birgə çəki-lib. Müəlliflik şəhadətnaməsi alıb. “Qiymətli-2/17”, “Nurlu-99”, “Qarabağ”, “Aran”, “Yeganə”, “Zirvə 80”, “Taleh 38”, “Fatimə” və başqa sortların yetişdirilməsində öz zəhmətini əsirgəməyib.
Əkinçilik Elmi-Tədqiqat İns-titutunun banisi, görkəmli alim Cəlal Əliyevin Tərtər Bölgə Təcrübə Stansiyasında sınaqdan keçirdiyi taxıl sortlarının başa gəl-məsində bir seleksiyaçı kimi Mahmud Mahmudovun böyük zəhməti olmuşdur. 60 ilə yaxın iş hə-yatında tanınmış seleksiyaçılar Ukraynalı Anna və Sergey Rajinovskilər, Leninqradlı Aleksey Marqunov Mahmud Mahmudovun iş metodunu bəyənərək, nü-munə göstəriblər.
Beynəlxalq təşkilatın bölgə üzrə nümayəndəsi Aleksey Marqunov Tərtərə gələrkən Mahmud dayı ilə maraqlanıb onu stansiyaya gətirdərək, onun barəsində xoş sözlər söyləyib. Buğda sortlarının yetişdirilməsində, seçmə və tozlanma yolu ilə aparılmasında Mahmud Mahmudovun əməyinin böyük olmasından danışıb.
Bölgə Təcrübə Stansiyasının müdiri olmuş, hazırda Rayon Aq-rar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev fəxr hissi ilə bildirdi ki, Mahmud dayı çox zəhmətkeş bir insan idi. Bölgə Təcrübə Stansiyasında Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunun alimlərinin təcrübəsi ilə ye-tişdirilən taxıl sortlarının alınmasında Mahmud dayının çox böyük zəhməti olub. Sortun alınmasında onun adı həmin alimlərlə birgə qeyd olunub. Çox sadə və gözəl xasiyyətə malik bir insan olan Mahmud dayıya Allahdan rəhmət diləyirəm.
Bölgə təcrübə stansiyasının hazırki direktoru Həqiqət Həşimova isə Mahmud dayı haqqında dedi:
–Mahmud dayı ilə seleksiya şöbəsində birgə işləmişəm. O çox səliqəli bir insan olub– istər sahədə, istər iş otağında, istərsə də şəxsi həyatında. O əvvəlcə seleksiya üzrə elmi işçi, sonra isə BTS-də aqronom kimi çalışıb. 80 yaşına kimi burada işləyib. Bu gün də Mahmud dayının səliqəsi nümunə çəkilir.
Seleksiya işi çox diqqətsevən işdir. Elə sortlar var ki 100 qramdan alınır. Mahmud dayı onu elə səliqəli qablaşdırardı ki, bir dəni belə itkiyə getməzdi. “İxtiraçı müəllif” idi Mahmud dayı. Onun iş təcrübəsi hər birimiz üçün nü-munədir. Yaddan çıxası, unudulası insan deyildir.
Rəfael Mahmudov seleksiyaçı atasının ailədəki rolundan ürək yanğısı ilə danışdı. Bildirdi ki, atam həyat yoldaşını,yəni anamızı tez itirmişdi. Ona görə də ailə qayğısı ilə yüklü idi. Çox sakit və mülayim insanıydı, ailəcanlıydı, səmimi və düzgünlüyün tərəfdarıydı. Mütaliəni çox sevərdi. Xüsusilə peşəsi ilə əlaqəli seleksiyaçı alimlərin kitablarını, qəzet və jurnalları oxuyardı. Heyf ki, ömrünün son anlarında xəstəliklə mübarizə aparmalı oldu. Beyin iflicindən əziyyət çəkirdi.
Mahmud Mahmudovun iki oğlu və 4 nəvəsi var. Oğlanları Rəfael və İlham ailəlidir. Nəvələri artıq böyüyüblər, ali təhsil alıblar. O, dünyasını dəyişən günədək oğlanlarının və nəvələrinin əhatəsində yaşayıb, onların qayğısı ilə əhatə olunub. Ailə üzvləri və onu tanıyanlar bu insan haqqında keçmiş zamanda danışsalar da, Mahmud Mahmudov xatirələrdə gözəl bir insan kimi qalıb.
Allah rəhmət eləsin.
Elfuzə VƏLİYEVA