QONŞULUQ
Ta qədimdən bizim milli-adət-ənənələrimizdə qonşuluq mühüm yer tutur. Qonşuluqla bağlı çoxlu sayda xalq arasından çıxma atalar sözləri də vardır. “Ən yaxın qohumun kimdir?”, soruşulanda cavab: “Ən yaxın qonşum” deyilib. “Qonşunu 2 inəkli istə ki, özün 1 inəkli olasan”. “Uzaq qohumdansa yaxın qonşu yaxşıdır”. “Qonşu qonşu olsa, bağ çəpəri neyləyir?” və s. bu qəbildən olan çoxlu atalar sözləri bu günümüzədək gəlib çıxmışdır.
Yaxşı yadımdadır, böyüklərimiz söyləyərdilər ki, qonşu-qonşunun malına xor baxmaz. Bir qonşunun bağının meyvəsi digərinə tökülsə də əl vurmazdılar. Deyərdilər ki, nə olsun bizim bağda bitib, əgər o qonşuya keçibsə artıq onun sayılır. Qonşuya tərəf əyilən budağın meyvəsini yığmağı ayıb bilərdilər.
Yadıma bir qədər əvvəlin qonşuları düşdü. O zamanların böyüklərinin də, kiçiklərinin də qonşular haqqında düşüncə tərzi sanki fərqli idi. İnsanların bir-birinə qarşı hörməti, mərhəməti çox idi. Qonşular arasında bu günkü reallıq-ların nümunəsi olan hündür hasarlar yoxuydu. Sanki indiki bu hündür hasarlar yaxşı nə varıydısa hamısına son qoydu, inamı, etibarı azaltdı. Elə bil qonşular arasındakı əvvəlki mehribançılığı şübhələr, bir az da paxıllıq və qısqanclıq əvəz etdi.
Bir başqa deyimdə isə belə deyilir: “Qonşu qonşunun külünə möhtacdır”, “Qonşun pisdir köç qurtar” və sair atalar sözləri və məsəllər hər birimizin istifadə etdiyi sözlərdir.
Gəlin görək qonşuluq anlayışı bu gün bizi qane edirmi?
Bütün digər bir çox adətlərimiz kimi qonşuluq da aşınmaya məruz qalaraq əhəmiyyətini itirməkdədir. Yaxşı bilirik ki, qonşuluq müxtəlif formalarda təzahür edən bir anlayışdır. Qonşuluq əlaqələri kənd və qəsəbələrimizdə daha mehriban qurulur. Səmimi qonşuluq ailələrin rahatlıq və güvən içində yaşamalarına əsas yaradır. Çünki, yaxın, həm də sənin üçün hər şeyə hazır qonşun olanda, güvənin artır, rahatlıq tapırsan. Sevincini, kədərini bölüşmək üçün, qonşuya həmişə ehtiyac duyulur. “Yaxın qonşu, uzaq qohumdan yaxşıdır” məsəli isti qonşuluq münasibəti saxlayan insanlara aid edilir. Bəs nə oldu ki, bir çox yerdə qonşuluq münasibətləri belə pozuldu, yadlaşdı? Bəlkə yaşadığı-mız zaman qonşuluğa inamı və etibarı azaltdı?
Bu mövzuya toxunmağıma səbəb telekanallarda və sosial şəbəkələrdə eşitdiyim qonşunun-qonşuya vurduğu ziyan və zərbələr oldu. Qonşu qonşunun evindən oğurluq edir və ya qonşu qonşunun övladına xor baxaraq onun ölümünə bais olur. Axı, böyüklərimiz öz evlərini, hətta ailələrini qonşuya ümid edib, günlərlə xeyir və ya şər işlərinin dalınca gedərdilər. İnsanlıq bu qədərmi cılızlaşdı, etibar etdiyin, güvəndiyin qonşu düşmənə çevrildi?
Qonşuluq islami dəyərlərimizdə də çox aydın şəkildə təhlil edilir. Qurani-Kərimdə sadalanan əxlaq hökmləri arasında ata-anaya qarşı davranışdan sonra qonşuya yaxşılıq etmək xüsusi qeyd olunmuşdur. Allah dərgahında ən xeyirli olan qonşunun qonşularına ən çox yaxşılıq edən kəs olduğu bildirilir. “Allaha və axirət gününə iman edən kəs qonşusunu narahat etməsin”.
Qonşuya yaxşılıq etmək əlamətləri borc istədikdə vermək, yardım istədikdə yardımına tələsmək, xəstələndikdə baş çəkmək, xoşbəxt günlərində sevincinə, kədərli günlərində kədərinə şərik olmaq, öldükdə qəbrə aparıb dəfn etmək, meyvə aldıqda qonşuya da hədiyyə etmək, əgər hədiyyə etməyəcəksənsə, onu qonşuya göstərməmək, uşağının həmin meyvəni küçədə yeyərək qonşu uşağına göstərməsinə izn verməmək qonşuluq əlamətlərinin ən önəmlisidir, qonşunun qonşu üzərindəki haqlarının ən önəmli nümunəsidir. Dinimizdə insanlara faydalı olmaq əsasdır. Faydalı olmayan kimsə başqalarına zərər verməməyə çalışma-lıdır. Qonşu ailə, qonşu kənd, qonşu vilayət və qonşu dövlət kimi. Qonşuluq münasibətlərinin sosial həyatın hüzuru üçün mühüm əhəmiyyəti vardır. Səmimi qonşuluq münasibətlərini inkişaf etdirərək hər cür haqsızlığın və yanlışlığın qarşısını almaq mümkündür. Hər birimiz rahatlığımız və xoşbəxtliyimiz üçün qonşuluq münasibətlərimizə daim önəm verməliyik. Qonşuluğu milli adətlərimizə uyğun quraq və yaşadaq.
Elfuzə VƏLİYEVA