GÖZ YAŞLARI İÇİNDƏ GÖRÜŞ
İnsan həyatının fəlsəfəsi bir üçbucağın içindədir–gəldin, yaşadın, getdin… Bu yaşadığın məqam ani və bir göz qırpımında baş verən, amma məşəqqət və əzablarla dolu çox qısa zaman kəsiyidir. Oğulsansa sənə İlahi tərəfindən əta olunmuş bu qısa ömrü mənalı yaşa görüm, necə yaşayırsan? Çünki mənasız həyatdansa mənalı ölüm yaxşıdır.
Zaman-zaman tarixin və insanların yaddaşında yaşamaq hər kəsə nəsib olan bəxtəvərlik deyil. Bu, insanın öz içində, öz qanında, bir sözlə, öz varlığında kök salmış qeyrətin, təpərin, vətən sevgisinin vulkan kimi püskürən bir təcəssümüdür.
Ölümün üstünə getmək, onun gözlərinin içinə pəhsinmədən dik baxmaq, onu vecə almamaq igidlərin qaydasıdır. Ərənlər ölümdən qorxmazlar və hətta ölümü şərəfləndirərlər, urvata mindirərlər, ona dəyər verərlər. Onsuz da bu dünya fanidir, ölüm haqdır. Qəhrəmanlar elə ölürlər ki, ölümdən sonra da yaşayırlar–Aydın Abdullayev kimi. Çox gənc idi. Nə yaşamışdı ki?! Lakin bu illər ərzində yüz illik, min illik hörmət qazanmışdı.
Bəxtiyar Vahabzadə haqlı deyib:
Bir ömrü illərlə ölçmək düz deyil,
Ömürlə illəri ölçəsən gərək.
Halal olsun Aydın kimi igidə süd verən anaya və onu tərbiyə edən ataya! Onların hər ikisinin qarşısında baş əyirik.
…Redaksiyada adi iş günündən biri idi. Qapını bir nəfər açdı, içəri girməyə icazə istədi. Yanında bir cavan oğlan da var idi. Onun gözlərinə baxdım. İlahi, bu nə idi?! Kişinin gözlərində payız leysanı vardı, dolmuş bulud, kövrəlmiş bulaq idi bu gözlər. Dindirsən, hönkür-hönkür ağlamağa hazır idi. Onun danışığında da göz yaşı tökülürdü. Elə bil bu insanın varlığı dərddən, qəmdən yoğrulmuşdu.
Şəhid oğlu Aydın haqqında danışdı. Dönə-dönə ağladı, bizi də ağlatdı. İnsan nə qədər kövrək olarmış!
Bala itkisinin ağırlığı onun təpədən-dırnağa bütün vücuduna hopmuşdu.
Sonralar bu sinəsi dağlı şəhid atası Əmirsoltan müəllimlə və onun həyat yoldaşı, şəhid Aydının anası, oğul dərdindən yumağa dönərək halsız bir xəstəyə çevrilmiş Sevil xanımla tez-tez əlaqə saxladıq, dərdlərinə şərik olmağa çalışdıq, təsəlli verdik, belə igid oğulla öyünməli olduqlarını söylədik. Amma… Bala dərdi ata-ananı odsuz-ocaqsız yandırıb həmişə, pörşələyib, cızdığını çıxarıb, Əmirsoltan müəllimlə Sevil xanım kimi.
Bu il oktyabrın 26-da Azərbaycan Ordusunun giziri Aydın Abdullayevin şəhid ol-masının 2 ili tamam oldu. O, N. saylı hərbi hissənin 2-ci taborunda qərargah bölüyünün kəşfiyyat tağım komandirinin müavini idi. Azərbaycan Res-publikası Silahlı Qüvvələrinin yaranmasının 95-ci ildönümü (1918-2013) münasibətilə yubiley medalı ilə təltif edilmişdi. Ölümündən sonra isə “Hərbi xidmətdə fərqlənməyə görə” medalına layiq görüldü.
Aydın 1990-cı ilin sentyabrın 29-da dünyaya göz açmışdı. Ailənin sonbeşiyi idi. Sanki uşaqlıqdan özünü şəhid ol-mağa hazırlayırdı–idmanla məşğul olur, hərbi peşəyə böyük maraq göstərirdi. Ünsiyyətçilliyi, ətrafındakılara təsir göstərmək qabiliyyəti onun güclü xarakterindən xəbər verirdi. Günün çox hissəsini məşqlərdə, yarışlarda keçirirdi. Elə bir yarış olmazdı ki, oradan medalsız qayıtsın. Valideynləri, qardaşları, hətta qonşuları da Aydının bu qələbələri ilə fəxr edirdilər.
O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmaq istəyirdi. Lakin elə oldu ki, Aydının sə-nədləri Hərbi Akademiyaya göndərildi. Tibbi komissiyadan keçib, təlim keçəcəyini səbir-sizliklə gözləyirdi. Ancaq nə-dənsə sənədləri geri qaytarıldı. Buna baxmayaraq, hərbiçi olmaq arzusu ürəyində qalırdı. Elə bu zaman, 2010-cu ilin yayında Tərtərin Çaylı kəndi istiqamətində düşmənlə təmas xəttində gizir Mübariz İbrahimovun göstərdiyi qəhrəmanlıq onun fikirlərinə yeni istiqamət verdi. Aydın sənədlərini Suraxanı Rayon Hərbi Komissarlığına təqdim edib, Qaraheybət Təlim Mərkəzinə göndərilir. Kəşfiyyatçı-snayper hazırlığı keçir. Altı aylıq təlimdən sonra onu qaynar nöqtələrdən birinə–düşmənlə təmas xəttində yerləşən Tərtərin Qapanlı kəndinə göndərirlər.
Biz Qapanlı kəndindəyik. Aydın bu kəndi, onun qəhrəman sakinlərini çox sevirdi. Bu məhəbbət qarşılıqlı idi. Elə buna görə də həlak olmasından 2 il ötməsinə baxmayaraq, hansı qapını döydüksə, hara üz tutduqsa onun haqqında ürəkdolusu danışdılar.
İlk müsahibimiz Qapanlı kən-
dinin sakini Saday Məmmədov oldu. O dedi:
İşimlə əlaqədar Aydınla çox tez-tez görüşürdüm. O, peşəkar kəşfiyyatçı, həm də yaşının az olmasına baxmayaraq, ali-cənab, bütün insani keyfiyyətləri özündə birləşdirən Azərbaycan oğlu idi. Əsgərlər tələbkar komandir kimi ona hör-mət edir, eyni zamanda böyük qardaş və dost kimi sevirdilər. Bunu münasibətlərindən görürdük.
Aydın daha çox səngərdə olurdu. Burada elə bir abu-hava yaratmağa çalışırdı ki, əsgərlər darıxmasınlar. Kənddə kimsə ona nübar meyvə gətirsə, ondan mütləq səngərdə dayanan əsgərlərə çatdırmalı, onların arasında bərabər bölməliydi. Əsgərərinə doğma qardaş kimi münasibət göstərirdi.
Hərbiçilərlə yanaşı kənd camaatının da hörmətini qazanmışdı. Ona görə ki, hər kəsi öz dili ilə dindirməyi bacarırdı. Ağsaqqal görəndə lazımi ehtiram göstərir, uşaqla rastlaşanda cibindən konfet çıxarıb onun könlünü alırdı. Həmişə deyirdi ki, qoy kənddə camaat arxayın yaşasın. Ermənilərin hər bir təxribatına, hücumuna layiqincə cavab verməyə gücümüz var.Qələbə gününü səbirsizliklə gözləyirdi Aydın. “Əgər əmr verilsə, düşmənin üzərinə birinci özüm gedəcəyəm,” –deyirdi. Amma nə qələbə gününü görməyə, nə də evlənməyə macal tapmadı. Yaxın vaxtlarda toyu olmalı idi.
Zakir Əliyev, Qapanlı kəndinin sakini:
–Hər insanda o hünər ola bilməz. Aydın dəfələrlə düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək, erməni hücumlarının qarşısını almışdır. O, əfsanəvi kəşfiyyatçı idi. Adı dillər əzbəri olmuşdu.
Qapanlıda bir ünvana da getdik. Şəhid Elməddin Quliyevin ailəsinə. Həyatın çox qəribə işləri var. Elməddin 2002-ci ildə Qurban Bayramı günündə həlak olmuşdu. Əsgərlər üçün qurbanlıq heyvanı kəsib geri qayıdarkən minaya düşmüşdü. Özünü ona ilk çatdıran və şəhidi evlərinə gətirən isə Aydın idi. Düz bir il bundan sonra, elə həmin gün oktyabrın 26-da Aydın özü şəhidlik zirvəsinə ucaldı. Elməddinin valideynləri deyirlər ki, bu ev həm də Aydının doğma evidir. Çünki Aydın da, azadlığımız uğrunda canlarından keçən bütün oğullarımız da bizim övladlarımızdır.
Saday Məmmədovun köməkliyi ilə Aydının döyüş dostu Vasif Adamovla görüşdük. Vasif hal-hazırda N.saylı hərbi hissədə kəşfiyyat qrupunun komandiridir. Onun söhbətindən:
–2012-ci ilin iyul ayının 13-də axşam saat 10-da gəldim çatdım Qapanlıya. Dedilər ki, kəşfiyyat taborunun yarısı səngərdədir. Aydın Abdullayev də ordadır. Səhərisi görüşdük. Xeyli söhbət etdik. Mənə tövsiyələr verdi. Dedi ki, bura səngərdir. Hadisə bir göz qırpımında baş verə bilər. Ona görə də daim ayıq-sayıq olmaq lazımdır. Çox cəsur oğlan idi. Əsgərlər ona inanırdılar. Dəfələrlə şahidi olmuşam ki, düşmənlər bizim mövqelərimizə yaxınlaşmaq istədikdə Aydının cəld və çevik hərəkətləri nəticəsində təhlükə aradan qaldırılıb, düşmənin canlı qüvvəsi və texnikası məhv edilib.
Əsgərlər məzuniyyətdən qayıdanda evlərindən pay gətirirdilər, Aydının təklifi ilə həmin paydan mütləq səngərdə keşik çəkən əsgərlərə də çatdırılırdı. O özü də evlərinə gedəndə bizə pay gətirirdi. Məzuniyyətini rahat keçirə bilmirdi. Çünki fikri bizim yanımızda, səngərdə olurdu. Tez-tez zəng vurub vəziyyəti soruşur, məsləhətlər verirdi.
O, həlak olanda yanındaydım. Sakit bir hava idi. Qəflətən düçmən iriçaplı silahdan atəş açdı. Güllə başından dəydi. Həmin an sanki göylər də bu igidin ölümünə ağladı. İldırım çaxdı. Güclü yağış yağdı.
Oğul vətən üçündür, torpağı qorumaq üçündür. Aydın da bu həqiqəti dərk edərək Azərbaycan Ordusu sıralarında xidmət etməyə gəlmişdi. O, bu adı şərəflə daşıdı, şərəflə də dünyasını dəyişdi.
BELƏ OĞULLA ÖYÜNMƏYƏ DƏYƏR
Dünya ölüm-itim dünyasıdır. Hamı köçüb gedəcək bu dünyadan Kimisi Koroğlu, Babək, Nəsimi, Qaçaq Nəbi… kimi, kimisi Keçəl Həmzə, Səhl Sumbat, Şeyx Əzəm,Əziz… kimi. “İgid ölər, adı qalar”, –deyib atalar. Səndən sonra adın yaşayırsa, sən ölməmisən demək.
Azərbaycanın müstəqilliyi Aydın Abdullayev kimi igid oğullarımızın şəhidliyi üzərində bərqərardı. “Dədə Qorqud” filmində deyildiyi kimi: “Torpağı qorumadınsa, əkib-becərməyə dəyməz, əkib-becərmirsənsə qorumağa dəyməz”.
Şəhid ata-anası olmaq nə qədər ağırdısa, həm də şərəfdir. Buna görə də bükülmüş qamətinizi düzəldin, gözünüzün yaşını silin, şax dayanın, bu ağrılı kədərə sinə gərin, Əmirsoltan ata, Sevil ana! Axı, siz Aydın Abdullayev kimi bir qəhrəman oğulun valideynlərisiniz!
Düşünürük ki, dövlətimiz Aydın yaşadığı “Yeni Günəşli qəsəbəsindəki V massivi”nə onun adını verər. Bundan sonra sizin də sızıltılı könlünüzə bir az su səpilər. Və düşünürük ki, doğma Qarabağımız tezliklə düşmən tapdağından xilas olar, Aydının narahat ruhu bir az rahatlıq tapar.