Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 24İyl

    Azərbaycan dövləti və onun rəhbəri İlham Əliyev şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının qayğılarını daim diqqət mərkəzində saxlayır, mövcud çətinliklərin həllinə daim dəstək göstərir, bu qəbildən olan insanların həyat tərzinin və sosial rifah halının yaxşılaşması üçün mümkün bütün tədbirləri həyata keçirirlər. Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması zamanı Prezident İlham Əliyevin nitqi ölkə başçısı səviyyəsində bu vacib sahəyə olan münasibətin məntiqi təzahürüdür. Bu tədbirdə prezident qeyd etmişdir ki,  şəhid ailələrinin, müharibə əlillərinin problemləri daim diqqət mərkəzindədir və son illər ərzində bu istiqamətdə çox böyük işlər görülüb.  8 mindən çox şəhid ailəsi, müharibə əlili mənzillərlə təmin edilib və 7 minə yaxın avtomobil verilibdir. Bu il 1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilir və ediləcəkdir. Bütün mənzillər ən yüksək keyfiyyətlə tikilən yeni evlərdədir. Eyni zamanda, əlillər üçün 400 avtomobil də nəzərdə tutulur və beləliklə, bu il bu sahədə ən böyük göstəriciyə nail olunub.

    Prezident onu da göstərmişdir ki, sosial xərclərin içində şəhid ailələrini, müharibə əlillərini, müharibə veteranlarını, məcburi köçkünləri əhatə edən çox böyük proqramlar icra olunur.

    Bu il 7 mindən çox məcburi köçkün ailəsi mənzillərlə təmin ediləcək. Özəl sektor da artıq fəaldır və bu il “Kapital Bank” 68 mənzili öz vəsaiti hesabına bu kateqoriyadan olan insanlara təqdim edib, özəl şirkət – “Paşa Holdinq” tərəfindən onun vəsaiti hesabına Qobu qəsəbəsində məcburi köçkünlər üçün 3 şəhərcik inşa edilibdir və orada artıq 4 minə yaxın köçkün ailəsi məskunlaşıb. Bu, ölkəmizdə vətəndaş həmrəyliyinin, dövlət siyasətinin təzahürüdür, dövlət və özəl sektor tərəfindən bu kateqoriyadan olan insanlara qayğının əlamətidir.

    Sosial sahədə çox böyük işlər görülür. Keçən il şəhid ailələrinin müavinəti 20 faiz artırılıb – 250 manatdan 300 manata çatdırılıb. Köçkünlər üçün müavinətlər 50 faiz artırılıb, bəzi müavinətlər 100 faiz artırılıb. Bu il pandemiya dövründə təqribən 5 milyona yaxın insan dövlət tərəfindən maddi dəstəklə əhatə olunub.

    Bu il pensiyalar orta hesabla 27 faiz, orta əməkhaqqı 25 faiz artıb. Bu il  90 min insan ödənişli ictimai iş yerləri ilə təmin ediləcək.

    Sonra prezident qeyd edib ki, pandemiya dövründə dünyada böhran davam edir. Dünyanın 150 ölkəsi kredit üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Neftin qiyməti bir neçə dəfə düşüb və gəlirlərimiz buna uyğun olaraq azalıb, ancaq bir dənə də olsun sosial layihə ixtisar edilməyib.

    Neftin qiymətinin azalmasına Ermənistan sevinir, çünki başa düşürlər ki, Azərbaycanın gəlirləri azalacaq və Ermənistan da bundan faydalanacaq. Özünü milli şura adlandıran, əslində, antimilli qruplaşma kimi fəaliyyət göstərən dəstə də sevinir, istəyirlər ki, Azərbaycan onların dövründəki kimi Ermənistan qarşısında aciz, gücsüz qalsın.

    Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu gün Azərbaycan müstəqil ölkə kimi qalacaqdı-qalmayacaqdı, bu, hələ böyük sualdır. Amma bizi yenə də o dövrə qaytarmaq istəyirlər.

    Bu yaxınlarda Ermənistanın hərbi təxribatı nəticəsində şəhidlərimiz olubdur, qan tökülüb, o cümlədən mülki vətəndaş həlak olub. Ermənistan ordusu Tovuz istiqamətində bizim mövqelərimizi, torpaqlarımızın bir hissəsini zəbt etmək üçün namərdcəsinə, qəflətən artilleriya hücumu təşkil edib və bunun nəticəsində hərbçilərimiz həlak olub, yaralanıb. Qisas əməliyyatı nəticəsində onlarla düşmən, onların texnikası məhv edilib.

    Bizim hərbi qələbəmizi qeyd etmək üçün minlərlə insan küçələrə çıxdı, minlərlə insan dövlətə, orduya dəstək göstərdi. Ancaq Azərbaycan Xalq Cəbhəsinin üzvləri bundan istifadə edib iğtişaş yaratmağa cəhd etdilər, bu əməlləri törədən heç bir adam məsuliyyətdən qaça bilməyəcək. Öz xalqına, öz Vətəninə bağlı olan adam müharibə gedən vaxtda bunu etməz.

    İndi Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var. Prezident hər gün minlərlə məktub alır, vətəndaşlar öz dəstəyini ifadə edirlər, həmrəyik ifadə edirlər, orduda xidmət etmək istəyirlər. Birinci gün cəmi 150 nəfər könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məntəqələrinə gəlmişdisə, Prezidentin çağırışından bir həftə keçməmiş əlli minə yaxın insan yazılıb.

    Bu günlərdə heç vaxt olmadığı qədər – nə 1990-cı illərin əvvəllərində ki, müharibə gedirdi, nə də başqa dövrdə, – çox güclü beynəlxalq dəstək gördük. Ilk dəstək Türkiyədən gəldi. Türkiyənin Prezidenti, Müdafiə naziri, Xarici İşlər naziri, parlament üzvləri, ictimai xadimlər Azərbaycana birmənalı dəstək göstəriblər.

    Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycana dəstək göstərmişdir. Bu təşkilatda beş ölkə fəaliyyət göstərir – Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan.

    Qoşulmama Hərəkatı burada 120 ölkə cəmləşir – birmənalı Azərbaycanı dəstəklədi.

    57 ölkə birləşdirən İslam Əməkdaşlıq Təşkilatı bizə birmənalı dəstək oldu. Ermənistan bütün müsəlman aləminə məxsus olan ibadət yerlərini dağıdır, məhv edir, təhqir edir.

    Azərbaycan Ermənistana başından güclü zərbə vurandan sonra onlar dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qaçdılar ki, bunları müdafiə eləsin. Tələb edirdilər ki, KTMT Azərbaycanı qınayan bəyanat versin. Buna nail ola bilmədilər, heç bir bəyanat verilmədi. Sadəcə olaraq, bu hadisə ilə bağlı ümumi sözlərdən ibarət bir şərh verildi.

    KTMT-nin 6 üzvündən 3-çü beynəlxalq təşkilatlar yolu ilə Azərbaycana dəstək göstərdilər.

    Prezident onu da diqqətə çatdırdı ki, bu gün Azərbaycan həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm mənfur qonşu ilə mübarizədə çox böyük bir gücə çevrilib. Bunu biz yaratmışıq, Azərbaycan xalqı yaradıb. Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaq. Bizim üçün bir nömrəli milli məsələ – Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir.

    Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır.

    Ölkəmizin ərazi bütövlüyü danışıqlar predmeti deyil, olmayıb, olmamalıdır və olmayacaq. Biz öz doğma torpaqlarımıza qayıtmalıyıq və qayıdacağıq.

    Prezident İlham Əliyevin qeyd etdiyi bütün bu məsələlər Azərbaycan xalqı tərəfindən birmənalı olaraq dəstəklənir. Çünki, ölkə rəhbəri öz xalqının arzu və istəklərini ifadə edir, bu istiqamətdə yorulmaq bilmədən mübarizə aparır.

                                                                                                                          “Yeni Tərtər”

     

     

    Müəllif: Redaktor, 12:43

İsmarıclar bağlıdır.