Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi tarixi hadisə kimi qiymətləndirilməlidir.
BMT-yə üzv olan 193 ölkədən 130-nun Azərbaycanın, onun Prezidentinin təşəbbüsünü dəstəkləməsi tarixi hadisədir. Bu təşəbbüsün dəstəklənməsi dünya miqyaslı hadisə kimi qiymətləndirilməlidir. Çünki cənab Prezidentin təşəbbüsünün hər bir ölkə üçün böyük faydası var. Ona görə də, bu təşəbbüs müzakirə obyekti deyil. Müzakirə mövzusu odur ki, bu təşəbbüs Azərbaycan və onun Prezidenti tərəfindən irəli sürülüb.
Sual oluna bilər ki, bu təşəbbüsü başqa ölkələr də edə bilməzdimi? Axı böyük dövlətlər, BMT Təhlükəsizlik Şurasının üzvləri, inkişaf etmiş ölkələr var… Bütün bunları təhlil edərək təəssüflə qeyd etməliyik ki, beynəlxalq təşkilatlarda böhran, ölkələrdə özünə qapanma var. Dünyanın faciəsi ondadır ki, xüsusilə böyük dövlətlər öz maraqlarını düşünməyə çalışır. Bəzi ölkələrin də eqoizmi buna imkan vermir. Yəni onlar hansısa ölkənin təşəbbüslərlə çıxış etmələrindən qıcıqlanırlar. Belə bir zamanda Azərbaycan Prezidentinin təşəbbüsü çox faydalıdır. Çünki Azərbaycanın siyasəti və bu təşəbbüsü nəticəsində bir sıra ölkələr öz aralarında rəqabəti kənara qoyub əməkdaşlıq edirlər.
Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk olaraq Türk Şurasının onlayn formatda Zirvə görüşü keçirildi. Pandemiyaya qarşı mübarizədə bu görüş türkdilli ölkələr üçün çox faydalı bir platforma oldu. Bundan əlavə Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn formada Zirvə görüşünün keçirilməsi də pandemiyaya qarşı birgə əməkdaşlığa böyük töhfə oldu. Qoşulmama Hərəkatının üzvü olan elə ölkələr var ki, öz aralarında münasibətləri elə də yaxşı deyil. Amma Zirvə görüşündə bir yerdə oldular və birgə müzakirə apardılar. Yəni onları COVID-19 pandemiyasına qarşı mübarizə birləşdirir. Bu o deməkdir ki, Azərbaycan Prezidenti İlham Əliyev pandemiya ilə mübarizəni regional səviyyədən beynəlxalq səviyyəyə, sonra da ümumbəşəri səviyyəyə qaldırıb.
Belə bir şəraitdə cənab Prezidentin təşəbbüsü ölkələrin öz aralarında rəqabəti kənara qoyaraq əməkdaşlıq etməyə sövq edib. Yəni, bir-birilə rəqabətdə, ziddiyyətdə olan ölkələr Azərbaycan Prezidentinin təşəbbüsü ilə pandemiyaya qarşı mübarizədə birləşib. Bu təşəbbüsün beynəlxalq birlik tərəfindən qəbul olunması Azərbaycan Prezidenti İlham Əliyevin dünyada böyük nüfuza sahib olduğunu bir daha təsdiqləyir.
Beləliklə, Azərbaycan birləşdirici siyasət həyata keçirir və cənab Prezidentin təşəbbüsü dünya miqyasında yüksək dəyərləndirilir.
Pandemiyaya qarşı mübarizə və Azərbaycan Prezidentinin təşəbbüsü humanitar məsələdir. Azərbaycan dünyanı narahat edən humanitar məsələ ilə bağlı mühüm təşəbbüs irəli sürüb. Azərbaycan həmişə xoşməramlıdır, heç vaxt nahaq addımlar atmaz. Bunun əksini iddia edənlər isə ölkəmizə qarşı qərəzli münasibətdə olanlardır.
Ona görə də, bu hadisənin Azərbaycan üçün çox böyük əhəmiyyəti var. Cənab Prezidentin məlum təşəbbüsü dünyada imicimizi daha da artırır, ölkəmizin nüfuzunu yüksəldir, dünya dövlətləri içərisində hörmətimizi çox gücləndirir. Bu təşəbbüs həmçinin, Azərbaycanın dünya ölkələri ilə əlaqələrini genişləndirir.
İşğalçı Ermənistan çalışdı ki, Azərbaycanın xoşməramlı təşəbbüsünün reallaşmasına əngəl törətsin. Amma bacara bilmədi. Bununla da, özü özünü ifşa etdi. Eyni zamanda, xoşməramlı, mühüm bir humanitar təşəbbüsə etiraz etməklə Ermənistan özü özünü inkar etdi. Bunun da məntiqi əsası var. Çünki Ermənistan heç vaxt dövlət olmayıb, onun dövlətçilik ənənəsi yoxdur. Ermənistan monoetnik ölkədir. O, beynəlxalq münasibətlər səviyyəsində özünü pandemiya ilə beynəlxalq mübarizədən təcrid etdi.
Bütün bunlar Qarabağ məsələsinin ədalətli həllində üstünlüyümüzü artırır. Bu təşəbbüs həm də Azərbaycanı daha yaxşı tanımaq üçün gözəl fürsətdir. Bütövlükdə isə, cənab Prezidentin təşəbbüsünün dünya səviyyəsində qəbul olunması, BMT-nin özünün məsələsi kimi gündəmə gəlməsi böyük hadisədir.
Prezident İlham Əliyevin həyata keçirdiyi diplomatiya çoxşaxəlidir. Ona görə də, biz sabah yeni təşəbbüslərin də şahidi ola bilərik. Hazırki təşəbbüs Azərbaycanın olsa da, onun həyata keçirilməsi dünyanın işidir. Bütün hallarda tarix yazacaq ki, pandemiyaya qarşı mübarizədə BMT Baş Assambleyasının keçirilməsi təşəbbüsü Azərbaycana və onun Prezidenti cənab İlham Əliyevə məxsusdur.