Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10İyl

    Bu gün təkcə ölkəmiz deyil, bütün bəşəriyyət çətin sınaq  qarşısındadır. Dünyanın bütün ölkələri COVID-19 pandemiyasının təsiri altında qalmaqda davam edir. Bir sıra ölkələrdə, o cümlədən ölkəmizdə də  məhdudlaşdırıcı addımlar atılsa da, vəziyyəti  tam normallaşdırmaq mümkün olmamışdır. Təəssüf ki, son həftələrdə koronavirus infeksiyasına  yoluxanların sayında artım hiss olunur. Azərbaycan hökuməti əhalinin sağlamlığının qorunması,  pandemiyanın daha geniş yayılmasının qarşısının alınması istiqamətində mühüm addımlar atmaqda davam edir. Yoluxma riskinin azaldılması istiqamətində yenidən  sərtləşdirilmiş karantin rejimi tətbiq edilir, müntəzəm olaraq maarifləndirmə tədbirləri görülür. Prezident İlham Əliyevin rəhbərliyi ilə çətin pandemiya dövründə  vətəndaşların məşğulluğuna və sosial rifaha dəstək məqsədilə uğurlu  siyasət aparılır.
    Bütün görülən işlər Azərbaycan dövlətinin öz vətəndaşına qayğısının daha bir bariz nümunəsidir. Bunlarla yanaşı, Prezident İlham Əliyevin təşəbbüsü ilə modul tipli yeni xəstəxanaların inşa edilərək istifadəyə verilməsi və digər müasir tibb müəssisələrinin koronavirus xəstələrinin müalicəsi üçün ayrılması əhalinin sağlamlığının qorunmasına yönəlmiş addım olmaqla yanaşı, COVID-19 ilə səmərəli mübarizə aparılmasında da böyük rol oynayır.
    Hazırda ölkənin 45 xəstəxanasında koronovirus xəstələri müalicə alırlar. Bu xəstəxanaların 36-sı cənab prezident İlham Əliyevin sərəncamı ilə son dövrlərdə tikilib istifadəyə verilmişdir. Dünya ölkələrinin virusla mübarizəyə hazır olmadığı vaxtda  dövlətimiz  də  COVID-19-la mübarizədə  qabaqlayıcı tədbirlər həyata keçirdi, tez bir zamanda modul tipli xəstəxanaların inşasına başlandı. Son günlərdə cənab Prezident İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə yüksək standartlara cavab verən  növbəti  800 çarpayılıq modul tipli xəstəxana istifadəyə verildi. Artıq ikisi Bakıda, biri Sumqayıtda, biri Gəncədə, biri Abşeron rayonunda olmaqla 5 modul tipli  xəstəxana fəaliyyət göstərir. Daha 5 xəstəxana tikilərək istifadəyə veriləcəkdir. Dövlətin ayırdığı böyük vəsait hesabına koronavirus xəstələrini müalicə etmək üçün  tibbi avadanlıqlar, dərman preparatları alınmışdır. Palatalar, laboratoriya, diaqnostika mərkəzi, həkimlər üçün yüksək şəraitin olduğu modul tipli xəstəxanalar COVID-19-la  mübarizədə  əlavə imkanlar yaradacaqdır.

    800 çarpayılıq yeni modul tipli xəstəxananın açılışından sonra cənab Prezident Azərbaycan Televiziyasına, İctimai Televiziya və “Xəzər” Televiziyasına müsahibə vermişdir.  Televiziya nümayəndələri ilə görüşündə o, heç bir ölkənin koronovirusa yoluxmaqdan sığortalanmadığını, ölkədə xəstəliyə yoluxma tempinin yüksəlməsinə baxmayaraq  vəziyyətin nəzarət altında olduğunu bildirdi.  Pandemiyanı nəzarətdə saxlamağın və ona qalib gəlməyin ancaq   vətəndaşların xüsusi qaydalara əməl etmələri ilə mümükün olacağını vurğulayan ölkə başçısı xüsusi hüquq mühafizə orqanlarının da qaydalara əməl olunmasına ciddi nəzarət etdiyini  qeyd etdi.

    Ölkə vətəndaşlarının sağlamlığının qorunması üçün bu gün karantin rejiminin qüvvədə qalması  labüddür. May ayının əvvəlində birinci yumşalma addımları atılsa da, xəstəliyin yayılma tempinin artacağı təqdirdə  yenidən  sərtləşdirilmiş məhdudlaşdırıcı tədbirlərin görüləcəyi bildirilmişdi. Müsahibəsində ölkə başçısı əhalisinin sayı Azərbaycan ilə müqayisə olunacaq, səhiyyə sistemləri nümunəvi hesab olunan   ölkələrdə yoluxanların sayının 60-70 min, ölənlərin sayının 10 min olduğunu, bu xəstəliyin sərhəd tanımadığını bildirdi. Cənab Prezident hal-hazırda dünya ölkələri arasında beynəlxalq əməkdaşlığa daha böyük ehtiyacın olduğunu  və Azərbaycan bu istiqamətdə lazımi addımları atdığını da diqqətə çatdırdı.
    Azərbaycan   Ümumdünya Səhiyyə Təşkilatı ilə ən çox əməkdaşlıq edən ölkələrdən biridir. Heç təsadüfi deyildir ki, bu təşkilat Azərbaycanda görülmüş işlərə, xəstəliyin yayılmaması üçün atılan əməli addımlara yüksək qiymət verir.

    Hal-hazırda COVID-19 infeksiyası bütün dünyada insanların sağlamlığı üçün ciddi təhlükə yaratmaqla yanaşı iqtisadiyyata da ciddi zərbə vurmaqdadır. Aparıcı maliyyə qurumlarının ortaya qoyduğu müxtəlif proqnozlar deməyə əsas verir ki, ən inkişaf etmiş ölkələrdə belə pandemiyanın yaratdığı böhran çox böyükdür. Dünya iqtisadiyyatının bir parçası olan Azərbaycan da bu mənfi təsirlərdən yan keçə bilməz. Cənab Prezident İlham Əliyev 5 ayın yekununa əsasən ölkə iqtisadiyyatının 1,7 faiz tənəzzülə uğramasına baxmayaraq heç bir sosial layihə təxirə salınmadı, əksinə bu il büdcə xətti ilə reallaşan sosial layihələrin keçən ilə nisbətən daha təsirli olduğunu bildirdi. Hər çıxışında: ”Seçim qarşısında olanda bizim seçimimiz birmənalı, tərəddüdsüz  insanların sağlamlığıdır, iqtisadiyyat ikinci plandadır”- deyən ölkə başçısı bu il məcburi köçkünlər üçün rekord sayda binaların tikiləcəyini, 7 mindən çox köçkün ailəsinin yeni mənzillərlə təmin ediləcəyini də diqqətə çatdırdı. Bu il  şəhid ailələri üçün  rekord sayda – 1500 mənzilin istifadəyə verilməsi nəzərdə tutulub. Qeyd etmək olar ki,  Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarının uğurlu icrasını hər bir vətəndaş öz həyatında hiss edir. Bu baxımdan qaçqın və məcburi köçkünlərə göstərilən xüsusi qayğı da böyük əhəmiyyət daşıyır. Ulu öndər Heydər Əliyev bu qəbildən olan insanlara daim diqqət və qayğı ilə yanaşıb, onların sosial müdafiəsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görüb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da fəaliyyətlərində qaçqın və məcburi köçkünlərə diqqət və qayğını davam etdirirlər. 2003-cü ildən bu günədək Prezident İlham Əliyev tərəfindən qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi ilə bağlı 70-dən çox fərman və sərəncam imzalayıb, bir çox proqramlar qəbul edilib. Dövlət səviyyəsində bu istiqamətdə atılan addımlarla yanaşı, Heydər Əliyev Fondu da fəaliyyətində qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət yetirir. Cənab Prezident  həmçinin çıxışında həyata keçiriləcək sosial layihələr çərçivəsində uzun illər  orduda qüsursuz xidmət etmiş hərbçilərə 400-dən çox mənzilin veriləcəyi, 85 min ailə, yəni 300 mindən çox insanın ünvanlı sosial yardım alacağı müjdəsini də verdi.

    Son illərdə ölkədə aparılan məqsədyönlü siyasət nəticəsində qeyri-neft sektoru inkişaf etmiş, neft hasilatından gələn gəlirlərdən asılılıq azalmışdır. Neftin qiymətinin ucuzlaşmasına münasibət bildirən cənab Prezident  neftin qiyməti hətta 14 dollar olsa belə, Azərbaycanın ayaqda duracağını, dövlətimizin böyük iqtisadi-maliyyə potensialının formalaşdığını vurğuladı. Azərbaycan artıq başqa ölkələrə humanitar yardımlar edən bir ölkədir. Pandemiya dövründə 30-dan çox ölkəyə humanitar və maliyyə yardımları göstərilmişdir.  Ölkəmiz bir daha çətin dövrlərdə beynəlxalq əməkdaşlığın, həmrəyliyin vacib olduğunu sübut etdi və beynəlxalq əməkdaşlığı təşviq edən təşəbbüsləri ilə dünyada çox yüksək imicə malik bir ölkə olduğunu göstərdi.

    Aprel və may aylarında ölkəmizin sədrliyi ilə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və  Qoşulmama Hərəkatına üzv ölkələrin Zirvə toplantılarında  Azərbaycanın həmrəyliyə hesablanmış addımları  və bu sahədə oynadığı rola yüksək dəyər verilmişdir. Dünyanın əksər ölkələrində ciddi fəsadlar törədən pandemiyaya qarşı mübarizədə bütün dövlətləri birləşdirməyə çalışmaq Azərbaycanın humanist siyasət yürütdüyünün və dünyada yaşayan bütün insanların sağlamlığının qorunmasına öz töhfəsini verdiyinin əyani göstəricisidir. Çünki pandemiyanın ağır fəsadlarından qorumaq üçün bütün ölkələrin və beynəlxalq təşkilatların həmrəyliyi son dərəcə vacibdir.  Cənab Prezident COVID-19-la  sistemli və birgə mübarizə aparmaq məqsədilə BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. 130-dan çox ölkə bu  təşəbbüsə dəstək verərək  çoxtərəfli əməkdaşlığa münasibətlərini ifadə etdilər. Təşəbbüsün 130-dan çox ölkə tərəfindən dəstək alması  Azərbaycan Prezidentinin və ölkəmizin  dünya miqyasında yüksək  nüfuzunun  göstəricisidir.

    Ermənistan öz mahiyyətinə uyğun olaraq bu təklifə qarşı çıxan yeganə ölkə kimi  beynəlxalq müstəvidə özünü növbəti dəfə gülünc vəziyyətdə qoydu. Əslində, Ermənistanın bu addımı gözlənilən idi. Çünki 30 ilə yaxındır ki, bu ölkə Azərbaycanın beynəlxalq arenada atdığı addımları, gördüyü işləri, verdiyi təklifləri qaralamaqla məşğuldur. Bəlli olduğu kimi qəsbkar, təcavüzkar, faşist xislətli Ermənistan birgə əməkdaşlığa zəmin yaradan bu təşəbbüsə qarşı çıxan yeganə ölkə olaraq bir daha əsl simasını göstərdi.  Dövlət başçısı  bu qərarın əsl səbəbini Ermənistanda hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiya ilə əlaqələndirdi: “Bu gün Ermənistanda faşizm ideologiyası üstünlük təşkil edir. Mən demişəm, rejim dəyişə bilər, amma bu ölkənin faşist ideologiyası dəyişməz olaraq qalır. Bu ideologiyanın hədəfində isə bizik. Onların Azərbaycanafobiya siyasəti bu gün də özünü büruzə verdi. Onlar öz-özlərini dünyadan təcrid edirlər. Amma bu addım, əlbəttə ki, heç bir məsələyə təsir edə bilməz. Sadəcə olaraq, dünya ictimaiyyəti bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə öz diqqətini artıracaqdır”.

    Əlbəttə, demokratik  olmayan bir ölkə  demokratik, humanist qərarlar da verə bilməz. Bu baxımdan insanların sağlamlığı və taleyi üçün önəmli olan bir təşəbbüsdə  Xocalı kimi dəhşətli bir soyqırım törətmiş Ermənistanın müsbət mövqe tutmasını gözləmək də olmazdı.  Prezident İlham Əliyev başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan Ermənistanın heç bir zaman demokratik ölkə ola bilməyəcəyini bildirərək,  qəhrəmanlıq simvolları olan faşist Njdeyə abidə ucaldaraq onların öz  işğalçılıq siyasətlərini ifşa etdiklərini diqqətə çatdırdı.  Prezident müsahibədə onu da qeyd etdi ki, son vaxtlar bütün aparıcı beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənir, indiki Ermənistan rəhbərliyi əvvəlki hakimiyyətin bütün çirkin əməllərini üzə çıxarır. “Artıq onların dediyi kimi, Ermənistana 1998-ci ildən 2018-ci ilə qədər quldurlar rəhbərlik ediblər. Onlar özləri bu cinayətkarları, rüşvətxorları ifşa ediblər. 1990-cı illərin sonlarında Ermənistan parlamentində terror hadisəsi onların əsl mahiyyətini üzə çıxarır. Bu, terrorçu ölkədir və 2018-ci ilə qədər quldur, kriminal, rüşvətxor xuntanın hakimiyyəti Ermənistanı bu acınacaqlı vəziyyətə gətirib çıxardı”. Qeyd etmək yerinə düşər ki, indiki Ermənistan rəhbərliyi də yarıtmaz və  uğursuz siyasət yürüdür. Ölkəni ağuşuna alan sosial sıxıntıların mövcudluğu, eyni zamanda xarici borcun girdabında üzməsi, pandemiyanın yaratdığı çətinliklər hələ  Ermənistanı daha da ağır günlərin gözlədiyindən xəbər verir.

    Buna baxmayaraq Ermənistan rejimi öz yalan iddialarından əl çəkmir, talançı, təcavüzkar ölkə olduqlarını hər bir çıxışlarda biruzə verir.  ” Ermənistanın baş naziri “Qarabağ Ermənistanındır” deyəndə Azərbaycan buna layiqli cavab verdi. Minsk qrupu isə buna adekvat cavab vermədi” deyən  ölkə başçısı Azərbaycanın öz mövqeyində  möhkəm dayandığını, Minsk qrupunun  Ermənistanın Baş Nazirinin “Qarabağ Ermənistanındır“ yalanına adekvat cavab verməli olduğunu bildirdi. Azərbaycan sülh tərəfdarı  olan bir ölkədir. Ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar bütün aparıcı beynəlxalq təşkilatlar: BMT, Təhlükəsizlik Şurası, Baş Assambleyası, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası, NATO və digər təşkilatlar qətnamələr qərarlar, qəbul ediblər. Bu gün AŞPA-dan başqa dünyanın aparıcı və mötəbər beynəlxalq təşkilatları və bir çox ölkələr dövlətimizin mövqeyini dəstəkləyir. Siyasi və hüquqi baxımdan Azərbaycanın mövqeyinin mükəmməl, Ermənistanın isə  qüsurlu mövqedə olduğu artıq dünyada qəbul olunur.  Bunun əksinə olaraq Azərbaycan günbəgün  güclənir.

    Bu gün Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir.  Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Pandemiya dövründə Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox dövlətlər üçün nümunə ola bilər.

    Bəşəriyyətin xilası naminə humanizm ideyalarının carçısı rolunda çıxış edən Azərbaycan dövləti təkcə çağırışları, mütərəqqi ideyaları təbliğ etmir, həm də beynəlxalq təşkilatlara, yardıma ehtiyacı olan ölkələrə müxtəlif formalarda dəstək olur. Azərbaycan bir daha bütün dünyaya dünyəvi, humanist ölkə olduğunu sübut edir. Prezident İlham Əliyevin dərindən ölçüb-biçərək həyata keçirdiyi çoxsaylı islahatlar, aparılan böyük quruculuq və abadlıq işləri, əhalinin müxtəlif təbəqələrinin güzəranını yaxşılaşdırmaq üçün görülən təsirli tədbirlər ona xalq arasında böyük şöhrət qazandırmışdır. Xalqımız əmindir ki, ölkə rəhbərinin müdrik, qətiyyətli və milli maraqların təmin olunmasına yönəlmiş uzaqgörən siyasəti Azərbaycanı daha parlaq gələcəyə qovuşduracaqdır.

     

    Müəllif: Redaktor, 08:58

İsmarıclar bağlıdır.