Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19İyn

    Öz populist və daxili auditoriyaya  hesablanmış sərsəm bəyənatları ilə öz xalqını çaş-baş salan Ermənistanın baş naziri Nikol Paşinyanın bugünkü durumu artıq onun ölkəni idarə edə bilməməsindən və Ermənistanda ictimai-siyasi vəziyyətin öz məcrasından çıxmasından xəbər verir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən öz vəzifə postunu daha da möhkəmləndirmək üçün istifadə etməyə çalışan Nikol Paşinyan bu sahədə də ardıcıl iflasa uğrayır və beynəlxalq aləmdə naşı bir siyasətçi vəziyyətinə düşür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nikol Paşinyan üzərində dəfələrlə diplomatik qələbələri  dünya ölkələrinə Azərbaycanın haqlı tərəf olduğunu sübut edir. Prezident İlham Əliyev həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanın siyasi savadsız və təcrübəsiz bir ölkə başçısı olduğunu yüksək səviyyəli görüşlərdə təkzibolunmaz faktlarla sübut edib.

    Dünyada özünü səbatlı bir dövlət rəhbəri kimi təsdiq edə bilməyən Ermənistan Baş naziri Nikol Paşinyan koronavirus pandemiyası dövründə də vətəndaşların sosial-iqtisadi problemlərini həll etməkdə ciddi çətinliklərlə qarşılaşır, xəstəliyin yoluxma sayının artmasının qarşısını ala bilməməsi səbəbilə sürətlə sosial dayaqlarını itirir.

    Baş nazirdən narazılığın əsas səbəbini isə parlament müxalifətinin, xüsusilə də Çiçəklənən Ermənistan Partiyasının açıq şəkildə hökuməti tam tərkibdə istefasını tələb etməsi göstərilir.

    Nikol Paşinyanın müxalifətin və Çiçəklənən Ermənistan Partiyasının istefaya çağırış tələblərinə cavabı gecikmədi, Milli Təhlükəsizlik Xidməti Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Çarukyana və tərəfdarlarına qarşı bir gündə üç cinayət işi açdı.

    Təhlükəsizlik Xidməti əməkdaşlarının Çarukyanın evində axtarış aparması siyasi mühiti daha da gərginləşdirib.

    Nikol Paşinyanın həmləsinə Çarukyanın cavabı gecikmədi, Çiçəklənən Ermənistan Partiyasının parlament fraksiyası (25 deputat) və tərəfdaşları Təhlükəsizlik Xidmətinin binası qarşısına gələrək mitinq keçirib, “Paşinyan get!”, “Çarukyan Baş nazir!” şüarlarını səsləndirib. Mətbuat qeyd edir ki, bu mitinqdə aralarında deputatların da olduğu 90 nəfər saxlanılıb.

    Çarukyan bəyanat verərək hər şeyə hazır olduğunu, hökumətin xüsusi göstərişi ilə ona qarşı təzyiqlərin başladığını, bununla pandemiya dövründə hökumətin bacarıqsızlığını gizlətməyə, xəstəliyə yoluxan on minlərlə insanın, yüzlərlə ölənlərin məsuliyyətini ört-basdır etməyə çalışdığını bildirib. Çarukyanın 2-3 aydan sonra ölkədə aclıq təhlükəsinin baş verə biləcəyini söyləməsi isə ciddi rezonans doğurub.

    Baş Prokuror parlamentə müraciət edərək Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Çarukyanın deputat toxunulmazlığının qaldırılması məsələsi ilə bağlı müraciət göndərib. Məsələ parlamentdə müzakirə edilib və 87 səslə Çarukyanın deputat toxunulmazlığı qaldırılıb. Çiçəklənən Ermənistan və İşıqlı Ermənistan parlament fraksiyası iclasda iştirak etməyib. Beləliklə, Çarukyanın həbs edilməsinin qarşısında ən böyük hüquqi maneə aradan qaldırıldı.

    Çarukyanla bağlı son hadisələr fonunda “azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının səssizliyi heyrət doğurur.

    Çarukyanın tərəfdarları Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərsə də, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən onun qarşısı kobudluqla alınıb və yüzlərlə adam saxlanılıb. Polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı güc tətbiq edib.

    Sual yaranır, Qərb niyə susur? ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib.

    Bu ilk hadisə deyil ki, Qərb özünü görməməzliyə vurub. Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada etdiyi aclığın ardından vəfat etdikdə niyə reaksiya verilmədi?

    Ermənistanın baş naziri öz siyasi rəqiblərini bir-bir həbsə atır, onları “asfalta uzatmaqla” hədələyir və asfalta uzadır. Nikol Paşinyan tərəfindən indiyədək Ermənistanın keçmiş rəhbərliyinə qarşı silsilə cinayət işləri açılmış və hazırda istintaq davam edir.

    Gələcəkdə özünə rəqib olacaq və ya rəqib olma ehtimalı olan istənilən şəxsi korrupsiya ilə mübarizə ittihamı ilə həbs etməsi və bunun fonunda Qərbin sükutu Nikol Paşinyanın əl-qolunu daha da açır. Son hadisələrdən sonra Ermənistanda Nikol Paşinyanı diktator hesab edənlərin sayı artır. Hazırda Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır. Ölkədə siyasi repressiyalar həyata keçirilir. Nikol Paşinyanın yeganə məqsədi öz hakimiyyətinin müddətini uzatmaqdır. Ermənistanda totalitar inqilabi diktatura qurulmuşdur.

    Nikol Paşinyanın erməni oliqarx Samvel Aleksanyan ilə qohumluq əlaqələrinin formalaşması onun əsil niyyətindən xəbər verir. Belə ki, erməni mətbuatında hakimiyyətdən öz şəxsi maraqları üçün istifadə edən Nikol Paşinyan və onun ailə üzvlərinin dövlət büdcəsindən öz şəxsi məqsədləri üçün istifadə etmələri barədə silsilə məqalələr dərc edilir.

    Küçə adamından baş nazir pilləsinə kimi irəliləmiş Nikol Paşinyanın amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyəti (Soros Fondu) tərəfindən dəstəkləndiyi gün kimi hər kəsə aydındır.

    Ermənistanın hazırki hakimiyyəti ilə kilsə arasında ciddi fikir ayrılıqları mövcuddur. Məlumdur ki, ermənilərin yaşadıqları bütün ölkələrdə kilsələr fəaliyyət göstərir və icma üzvləri kilsəyə böyük miqdarda maliyyə yardımı edirlər. Bu halda, pul axınının böyük hissəsinə nəzarət etmək istəyən Nikol Paşinyana kilsənin “yağlı tikə”ni güzəştə getməməsi də təbiidir. Heç kimə sirr deyil ki, koronavirusun Eçmədzində yayıldığı ərəfədə kilsə rəhbərinin qaçması şəklini mətbuata məhz Nikol Paşinyan ötürmüşdür.

    Qərbin ikili standartlarının ən bariz nümunəsi Ermənistanda keçirilmiş seçkilərə reaksiyalarıdır. 2017-ci ildə Ermənistanda parlament seçkiləri keçirildi. Seçkiləri müşahidə edən Qərb təşkilatlarının rəyində Ermənistanda bütün başlıca azadlıqlara əməl edildiyi göstərilmişdi. Lakin az sonra Ermənistanda inqilab baş verdi və seçkiləri uduzmuş indiki baş nazir hakim partiyanı devirdi. 2019-cu ildə BMT Baş Assambleyasında çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan 2018-ci ilin dekabrında keçirilmiş yeni seçkilərə toxunaraq  demişdi: “25 il ərzində ilk dəfə bu seçkilər və onun nəticələri hamılıqla qəbul edilmiş və heç bir siyasi partiya tərəfindən şübhə altına alınmamışdır”.

    Azərbaycanofobiyadan ilhamlanan bəzi təşkilatlar, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməyiblər.

    Hazırda Ermənistanda, həqiqətən də, ictimai-siyasi təlatüm yaşanır. Erməni xalqı çaş-baş qalıb, bilmirki, hazırki baş nazir Nikol Paşinyanın bəlağətli bəyənatlarına inansın, yoxsa müxalifətin iddialarına? Bir sözlə, son günlər Ermənistan bir xaos içində çırpınır. Buna səbəb baş nazir Nikol Paşinyanın məkirli və məqsədli, xalqın zərərinə işləyən özülsüz siyasətidir.

     

                                                                                                                                                               “Yeni Tərtər”

     

     

     

    Müəllif: Redaktor, 16:12

İsmarıclar bağlıdır.