Pandemiya ilə bağlı müsbət dinamika insanları arxayınlaşdırmamalıdır
Bütün dünyanı cənginə alan COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycanda həyata keçirilən məqsədyönlü tədbirlər öz müsbət nəticəsini verməkdədir. Dövlətimizin gördüyü uğurlu tədbirlər nəticəsində son günlər ölkəmizdə bu xəstəliklə bağlı müsbət dinamika müşahidə olunur. Lakin bu, bizi arxayınlaşdırmamalı, insanlar profilaktik tədbirlərə, sanitar normalara uygun davranmalıdır.
Xüsusi karantin rejiminin yumşaldılması əhalidə təhlükənin sovuşması ilə bağlı arxayınçılıq yaratmamalıdır. Bilmək lazımdır ki, koronavirus xəstəliyi uzunmüddətli prosesdir və hələ də bütün dünya bu bəladan əziyyət çəkir. Odur ki, mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi vacibdir.
Xalqımız bundan sonra da pandemiya ilə mübarizədə birlik və əzm nümayiş etdirməlidir. Xəstəliyin yenidən geniş yayılmaması üçün şəxsi gigiyena, özünütəcrid qaydalarına ciddi əməl olunmalı, kütləvi toplantılara yol verilməməlidir. Yalnız bu qaydalara əməl etməklə koronavirus pandemiyasına qalib gələ bilərik.