Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun budəfəki səyyar görüş-qəbulu təmas xəttinə yaxın olan Borsunlu kəndində keçirildi. Tədbiri giriş sözü ilə icra başçısı açdı. Bildirdi ki, son bir ildə bizim Borsunlu camaatı ilə 3-cü görüşümüzdü. Kənd rayon mərkəzindən xeyli aralıda yerləşir. Biz rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri ilə gəlmişik ki, qayğı və problemlərinizi, rəy və təkliflərinizi yerində öyrənib, sizlərə kömək göstərək.
Sonra kənd icra nümayəndəsi Xaləddin Qarayev son vaxtlar kənddə görülən işlər barədə ətraflı məlumat verdi.
Sakinlərdən Qədir Hüseynov, Məhruzə İlyasova, Zərəngiz Qasımova, İlqar Əliyev, İlham Məmmədov, Ruhani Verdiyev, İlham İsrailoğlu və məktəbin dərs hissə müdiri Xəyyam Aslanov kənddə gorülən quruculuq-abadlıq işlərindən. kənd qəbiristanlığının ətrafında yaradılan səliqə-səhmandan, yolun nizama salınmasından, telefon rabitəsindən, su çəkilişinin həyata keçirilməsindən danışdılar. Həm Borsunlu kəndində, həm də rayonun bütün yaşayış məntəqələrində həyata keçirilən sosial yönümlü işlərə görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər.
Çıxış edənlər görülən işlərlə yanaşı çətinlikləri da qeyd etdilər. Göstərdilər ki, Sarov-Borsunlu yolunun asfaltlanması, vaxtı keçmiş elektrik dirəklərinin və naqillərin yenisi ilə əvəz olunması, yeni ailə quran gənclərə torpaq sahələrinin ayrılması, suvarma suyunun çatışmazlığı və digər məsələlər həll edilməlidir.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qaldırılan məsələlərə münasibət bildirdi. Müraciətlərin bəziləri öz müsbət həllini elə yerindəcə tapdı. Bir sıra məsələlərin həlli üçün aidiyyəti vəzifə sahiblərinə lazımi tapşırıqlar verildi.
-
15Okt
Müəllif: Redaktor, 11:05
Teqlər: Xəbərlər