Mehriban və Bağışlayan Allahın adı ilə!
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi sizə də vacib edildi. Bəlkə təqvalı olasınız deyə. Oruc tutmaq sayı müəyyən olan günlərdədir. Sizdən kim xəstə və ya səfərdə olarsa (tutmadığı oruc) sayısınca başqa günlərdə (tutmalıdır). (Oruc tutmağa) taqəti olmayanlar isə bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Kim xeyir iş görməkdə könüllü olarsa, bu onun üçün daha xeyirlidir. Əgər bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!
Ramazan o aydır ki, Quran onda nazil edilmişdir; İnsanlara doğru yol göstərən, doğru yolun və (haqqı batildən) ayırmanın açıq dəlilləri olaraq!… Allah sizin üçün ağırlıq istəməz, sizin üçün yüngüllük istər ki, (orucun) sayısını tamamlayasız və sizi doğru yola yönəltməsinə görə Allahı uca tutasınız və ola bilsin ki, şükür edəsiniz. Qullarım məni səndən soruşarlarsa, Mən yaxınam. Mənə dua etdiyi vaxt dua edənin duasını qəbul edərəm. Elə isə, Mənim çağırışımı qəbul etsinlər və mənə iman gətirsinlər. Ola bilsin ki, onlar doğru yola yetişsinlər.” (Bəqərə surəsi, 183-186-cı ayələr).
11 ayın sultanı Ramazanlı günlərdə yaşayırıq. Bu rəhmət dolu aya bizi yetişdirən Rəbbimizə sonsuz şükürlər olsun. Hədislərdən bildiyimiz məlumatlara görə Ramazan ayının 70 hikməti var. Hz. İmam Cəfər Sadiq (ə) buyurur ki, “Ramazanın ən böyük hikməti hər zaman tox olan imkanlı müsəlmanlar bu ayın orucunu tutaraq aclıq və susuzluq halı keçirsinlər və qəlblərində bir mərhəmət oyansın ki, ac olan (imkansızlar) müsəlmanlara və dinindən asılı olmayaraq bütün insanlara daim yardım əlini uzatsınlar. Ramazan ayı rəhmət və mərhəmət ayı olmaqla bərabər eyni zamanda insanların təkəbbürünə sahib çıxdığı bir aydır. Aclıq və susuzluq halı keçirən bir müsəlman Qiyamət gününün aclıq və susuzluğunu dərk etməli və birdəfəlik yadında saxlamalıdır ki, İnsan fanidir. Yerin, göyün və bütün yaradılmışın hakimi bir Allahdır! Və o Allah bəndədən istəyir ki, bu fani dünyada ətrafındakılara qarşı mərhəmətli olsun, onlara imkanı daxilində daim köməklik etsin, bütün işlərini insaf və iman üzərində qursun! Ramazan ayının ən böyük hikməti də bunlardan ibarətdir. Rəbbimiz tutulan orucları və bütün ibadətləri qəbul eləsin! Amin!
Saleh ƏDİLOV,
Əskipara Məscidinin mütəvəllisi