Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 8 mart Beynəl-xalq Qadınlar günü ərəfəsində rayonun Azadqaraqoyunlu kəndində yaşayan 87 yaşlı folklorşünas, şairə-publisist, uzun illər rayon qəzetinin ştatdankənar müxbiri olmuş, “Aşıq Pəri” məclisinin üzvü kimi səmərəli fəaliyyət göstərən Nubar Mədətlinin evində olub, onu 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibətilə təbrik edib.
Rayon rəhbəri qeyd edib ki, insanı cəmiyyətdə ucaldan, nüfuz sahibi edən onun vətənpərvərliyi və zəhmətsevərliyidir. Bu baxımdan Nubar Mədətli qibtə olunası insanlardan biridir. O, gənclik enerjisi ilə çalışaraq vətəninə, xalqına, rayonuna, doğma kəndinə gərəkli olan bir insan kimi tanınıb. Topladığı folklor nümunələri, şeirləri və publisist yazıları oxucular tərəfindən maraqla qarşılanır.
Ağbirçək müəllim ömrünün bir hissəsini yaşadığı Azadqaraqoyunlu kəndində Azərbaycanın Milli Qəhrəmanı El-man Hüseynovun muzeyinin yaradılmasına həsr edib, həmçinin burada xeyli miqdarda qədim əşyaların toplanmasına nail olub. Rayonumuzda tarixdiyarşünaslıq muzeyi tikiləndə isə eksponatlarının hamısını muzeyə hədiyyə edib.
Qocaman müəllim, el ağbirçəyi Nubar Mədətli bildirib ki, son illər ölkə başçısı İlham Əliyevin tapşırıqları əsasında Tərtər rayonunda görülən işləri əhali, o cümlədən rayonun yaşlı sakinləri böyük rəğbətlə qarşılayırlar. İndi Tərtərin təkcə rayon mərkəzi deyil, kəndləri də günbəgün gözəlləşir. Əhalinin rahatlığı üçün lazımi şərait yaradılıb. Evlərə mavi yanacaq xətləri çəkilib, fasiləsiz elektrik enerjisi verilib, yeni subartezian quyuları qazılıb, kəndarası yollar asfaltlanıb.
Vaxtilə çox əziyyət çəkmiş yaşlı nəslin nümayəndələri bugünkü güzəranlarına görə ölkə başçısından və rayon rəhbərindən razılıq edirlər.
Nübar Mədətli göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlığını ifadə edib.
-
18Mar
Müəllif: Redaktor, 15:02