Abbasov Əsəd Yahya oğlunu rayonumuzda çox az adam tapılar ki, tanımasın. O, hazırda mətbuat yayımında çeşidləyici poçtalyon işləyir. Əsədlə görüşüb onun haqqında yazacağımı bildirdim. Xoş əhval-ruhiyyə ilə özü barəsində məlumat verdi. Bildirdi ki, 1945-ci il aprel ayının 22-də Tərtər şəhərində anadan olub. Ailədəki 6 övladın beşincisi idi. Bakı şəhərində 1 nömrəli texniki peşə məktəbində quyuların yeraltı təmiri üzrə operator köməkçisi ixtisasını alıb. İlk əmək fəaliyyətini də elə Bakı şəhəri Orconikidze adına neft mədənində başlayıb, 1964-cü ildə hərbi xidmətə çağrılıb. Əsgərlik müddəti Şərqi Sibirdə keçib. 1967-ci ildə doğma rayonuna qayıdıb. O, əvvəlcə qaynaqcı, sonra isə poçtalyon işləyib.
Əsəd Abbasov sadə, səmimi rəftarı ilə ictimaiyyət arasında özünə nüfuz qazanıb, həm də etibarlı həyat yoldaşı və qayğıkeş atadır. Deyirlər ki, 3 qız böyüdüb boya-başa çatdıran cənnətlik olur, Əsəd isə həyat yoldaşı Şövkətlə birlikdə dörd gözəl-göyçək qız böyüdüb. Qızlarının hər biri ailəlidir. Bakı şəhərində yaşayırlar. 11 nəvəsi var. O, deyir ki, mən qızlarım və ailələri ilə qürur duyuram. Onları xoşbəxt və mehriban görəndə ürəyim cavanlaşır. Valideyn üçün bundan gözəl heç nə yoxdur.
Elfuzə VƏLİYEVA