Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Mar

    GƏNCLİYƏ ÖRNƏK

    Mübariz İbrahimov 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində dünyaya göz açıb. 2005-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
    Mübariz İbrahimov uşaqlıqdan hərbçi olmağı arzulayırdı. Doğulub boya-başa çatdığı kənddə hamı onun bu arzusundan xəbərdar idi. Mübarizin amalı torpaqlarımızın işğaldan azad olunması uğrunda vuruşmaq idi. Ona görə də 2009-cu ilin avqust ayında hərbi xidmətə yollandı və bütün döyüş silahlarının dilini öyrəndi. Bu dəfə artıq gizir kimi Tərtər rayonunun “N” hərbi hissəsində xidmət keçməyə başladı.
    Onda Mübarizin 22 yaşı var idi. Bu yaşda insan böyük arzularla, istəklərlə yaşayır, hər şeyin yaxşı sonluğuna inanır. Mübariz hələ yaşanılası uzun bir yolun yolçusu idi. Ancaq o başqa yol seçdi. 2010-cu il iyunun 19-da gecə saatlarında gizir Mübariz İbrahimov qoşunların təmas xəttini keçərək ilk həmlədə Ermənistan silahlı qüvvələrinin çoxlu sayda əsgər və zabitini məhv etdi. Sonra isə ermənilərin öz silahları ilə düz 6 saat onlarla təkbətək döyüşdü. Düşmən ağır itki verdi. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak oldu.
    Mübariz İbrahimov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Biləsuvar rayonundakı liseylərdən biri və böyük bir küçə Milli Qəhrəmanın adını daşıyır.
    Mübariz İbrahimov ölümündən qabaq ata-anasına bu məzmunda məktub yazmışdı: “Canım Atam və Anam… məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə ürəyim dözmür. Allah xatirinə bunu eləməliyəm, ən azından ürəyim sərinlik tapar. İnşallah, şəhid olana kimi bu şərəfsizlərin üstünə gedəcəyəm. Şəhid olsam, ağlamayın, əksinə sevinin ki, o mərtəbəyə yüksəldim”.
    Mübariz İbrahimovun qəhrəmanlığı bütün Azərbaycan gəncləri üçün örnəkdir. Onun müəllimləri öz şagirdləri ilə fəxr edirlər. Təkcə onlar yox, böyükdən kiçiyə qədər hər bir azərbaycanlı onunla fəxr edir. Mübariz Azərbaycanın qəhrəmanlıq tarixinə öz adını qanı ilə yazıb.

    Müəllif: Redaktor, 14:16

İsmarıclar bağlıdır.