Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 05Mar

    HALAL ZƏHMƏTİN PİLLƏLƏRİ

    Çeşid-çeşid insanlar içərisində elələri var ki, onları seçilmişlərdən hesab etmək olar. Belə insanlar ailədə də, cəmiyyətdə də öz yeri, sanbalı olanlar, təmkini, müdrikliyi, idarəetmə bacarığı ilə fərqlənənlərdir. Rayonumuzun tarixində belələri çox olub. Onların hər birinin yaddaşlarda özünəməxsus izi qalıb.
    Taryel Məmmədov da belə şəxslərdən biri idi. Şəxsi keyfiyyətləri, ağır, sanballı hərəkətləri, səmimi görkəmi, insanlarla işləmək bacarığı onu fərqli biri kimi tanıtmışdı. Zəhmli olmasına baxmayaraq, sadə insanıydı Taryel müəllim.
    45-50 il bundan əvvəl rayonumuzun rəhbər vəzifələrdə işləyənlərini yaxşı xatırlayıram. Sanki, onlar bütün cəhətlərində fərqli insanlarıydı. Elə Taryel müəllim də…
    Bu gün belə şəxsiyyətləri xatırlamaq, onların keçdiyi ömür yoluna nəzər salmaq hər birimiz üçün vacibdir və gərəklidir.
    Məmmədov Taryel Hüseyn oğlunun həyat və fəaliyyətini öyrənmək üçün ailəsinə müraciət etdim. Oğlu Ceyhunla görüşüb, söhbət etdik. Ceyhun atasının həyatda olmaması ilə barışmasa da, onun barəsində qürurla danışırdı. Bir oğulun atası haqqında söylədiklərini və rəhbər vəzifədə çalışarkən eşitdiyim və gördüyüm xüsusiyyətlərini imkan daxilində yazmağa çalışacam.
    Taryel Məmmədov Xoruzlu kəndində sadə bir kolxozçu ailəsində doğulmuşdu. Onun ailəsi dövrünün çoxuşaqlı ailələrindən sayılırdı, 3 qardaş, 5 bacı idi. Taryel dördüncü övlad idi. Uşaqlıqdan kolxoz həyatının qaynarlığını görüb, ailənin ruzisinin yalnız zəhmətlə qazanılmasının şahidi olub. Taryel Məm-mədov gənc yaşlarından kolxoz işlərində ata-anasına kömək edirdi, təhsil almağı da unutmurdu. Həyatda uğur qazanmağın yollarını zəhmətlə bərabər təhsildə görürdü. Bu arzu ilə də işləyə-işləyə Gəncə şə-hərindəki Kənd Təsərrüfatı İnstitu-tuna qiyabi olaraq daxil olur. İnstitutda öyrəndiklərini təcrübədə hə-yata keçirir. Çalışdığı “Oktyabr” kolxozunda mexanik, baş mexanik olub. İnstitutu bitirdikdən sonra həmin kolxozun sədri seçilib. Rəhbərlik etdiyi müddətdə “Oktyabr” kolxozunun bütün sahələrdə birincilər sırasında olmasına çalışıb. Pambıqçılıqda, taxılçılıqda, maldarlıqda və başqa sahələrdə bol-bol uğurlar qazanılıb. Taryel Məmmədovun əməyi isə “Əmək bayrağı” ordeni ilə mükafatlandırılıb.
    Taryel Məmmədov sıradan biri olan insan olmayıb. Onun təşkilatçılığı, idarəçilik bacarığı həmişə rayon rəhbərliyinin diqqətini çəkib. Ona görə də bu bacarıqlı insanı rayon səviyyəli rəhbər vəzifələrə irəli çəkiblər. Rayon Kənd Təsərrüfatı idarəsinidə baş mexanik, Kənd Kimya Birliyində direktor, Kənd Təsərrüfatı idarəsində, “RTS”də direktor vəzifələrində çalışıb. Rayonun siyasi həyatında da öndə olan insanlardan biri olub Taryel müəllim. O, dəfələrlə rayon sovetinin deputatı seçilib, uzun illər rayon partiya komitəsinin büro üzvü olub. Həmişə də üzərinə düşən işin məsuliyyətini dərk edib, insanlarla işləməyə xüsusi önəm verib. Bu xüsusiyyətləri Taryel Məmmədovu camaata sevdirib, şöhrətləndirib. Onu tanıyanların xatirində xüsusi yeri olan bir insan kimi qalıb. Hətta Qarabağ müharibəsi illərində də əlindən gələni əsirgəməyib. Döyüş texnikasına yaxından kömək göstərib.
    Taryel müəllim yaşadığı Xoruzlu kəndində həm də nümunəvi bir ailə başçısı kimi tanınıb. O,1970-ci ildə həmkəndlisi Hüseynova Telli Savalan qızı ilə ailə qurub. Həyat yoldaşı kolxozda çalışıb, alaq vurub, pambıq yığıb. Onların dörd övladları olub. 3 oğlan, 1 qız. Ata-ananın zəhmətkeş olması, torpağa bağlılığı övladlarına da sirayət edib. Oğlanları Taryel müəllimin təhsil aldığı institutun tələbəsi olublar. Elçin torpaqşünas, Ceyhun mexanik, Anar aqronomdur. Yeğanə qızı olan Ti-natin isə müəllimdir. Övladlarının savadlı, yetkin bir insan kimi formalaşmasında atadan çox ananın zəhməti olub. Taryel müəllimin ömrü qısa olub. O, ailə həyatının 22-ci ilində 49 yaşında rayonda keçirilən tədbirlərin birində çıxış edərkən ürək çatışmazlığından dünyasını dəyişib. Yalnız bir oğlunun toyunu görmüş Taryel müəllimin qalan övladlarının qayğısını Telli xanım təkcə çəkməli olur. Hazırda ana təqaüdçüdür. Övladlarının dördü də ailəlidir. Oğul-uşaq sahibidirlər. Ata ocağının hərarətini qoruyub saxlayan, işığını yandıran Elçinin oğlu babasının adını daşıyır. Taryeldir adı. Xoruzlu kəndində “Patron” şirkətində çalışır.
    Taryel müəllimin gözəl hobbisi olub. Hər cür meyvələrlə zəngin bağ-bağatı xoşlayıb, müxtəlif quşlar saxlayıb. Boş vaxtlarında istira-hətini onlara qulluq göstərməklə tapıb. Meyvə ağaclarına, tovuz quşuna, qırqovula baxmaqdan zövq alarmış, müxtəlif gül kollarına və çiçəklərə heyranlıqla tamaşa edərmiş. Öz əlləri ilə həyət-bacada gözəl təbiət füsünkarlığı yaradıbmış.
    İllər ötüb keçib. Taryel müəllim yaddaşlarda xatirələrə çevrilərək qalıb. Ailəsində tələbkar, zəhmətkeş bir ata olaraq xatırlanır. Onunla birgə çalışanlar arasında yaxşı dost-yoldaş adı qazanıb, rayonun tarixində xüsusi yeri olan insanlardan biri kimi yer tutub.

    Müəllif: Redaktor, 11:31

İsmarıclar bağlıdır.