QAR TORPAĞIN BƏRƏKƏTİDİR
İlin müxtəlif aylarında təzahür edən fəsillərin hər birinin özünəməxsus gözəlliyi vardır. Bu mövsümlərdə təbiət gözəl və fərqli mənzərələr alır. Məhz buna görə deyirlər ki, ən gözəl rəssam təbiətdir.
Qış gələndə isə yorğun təbiət yuxuya gedir. Bu fəsil yorulub yatmış təbiətin üstünə yorğan çəkmək istəyir. Həmin yorğan çox bəyaz, yumşaq və tər-təmizdir. İlk qar hər bir insanın qəlbinə fərəh, üzünə sevinc gətirir. Səhər tezdən durub hər tərəfin ağappaq olduğunu görürük. Qar dənələri ulduz kimi yavaş-yavaş yerə enir. Ağacların, evlərin üstü qarla örtülür. Təmiz havanı sinə dolusu udursan. Ancaq ayağını qarın üstünə qoyub bu gözəlliyi pozmaq istəmirsən. Ağacların qardan ağırlaşmış budaqları sallanır. Yavaşca toxunan kimi qar topaları adamın üstünə və yerə tökülür.
İnsanın qəlbi fərəhlə dolur. Qollarımızı açıb təbiətin bu gözəlliyini sinəmizə sıxmaq istəyirik.
Təsərrüfatla məşğul olan insanlar yazı xoşladığı ki-mi, qış fəslini də ürəkdən sevirlər. Çünki yağan qar özü ilə bol ruzi bərəkət gətirir, firəvanlıq və əmin-amanlıq yaradır.
Nübar Mehdizadə