MÜQƏDDƏS XATİRƏLƏR
1990-cı illərin əvvəlləri yaddaşlarada hərc-mərclik, münaqişə, iğtişaşlar və müharibə dövrü kimi xatırlanır. Xüsusilə o illər kiçik yaşlı uşaqların yaddaşına, mərmi, güllə səsləri ilə yazılıb. Xatırlandıqca “Qrad”ların, “Alazan”ların, “Kristal”ların uğultuları, vıyıltı səsləri qulaqlarda əks-səda verir. Mənfur qonşumuz olan ermənilərin fitnəkar siyasəti nə böyükləri, nə də uşaqları dinc yaşamağa qoymurdu. Gecənin tən yarısında top-tüfəng səsinə şirin yuxudan ayılmaq dəhşətiydi.
İlqar Vəliyevin anası Hafizə Zəngilan rayonundan olduğu üçün İlqar da 1976-ci ildə orada doğulmuşdu. Ailənin tək övladı olub. Tale uşaqlıqdan İlqarı sınağa çəkib. Hələ bir yaşı olarkən anası xərçəng xəstəliyindən dünyasını dəyişib. Odur ki, altı yaşa kimi İlqarın qayğısını əvvəl ana nənəsi Pakizə, sonra isə ata nənəsi Gülüstan çəkib. On bir- on iki yaşı olanda erməni quldurlarının atdığı atəşlərin tükürpədici səslərinə yuxudan ayılan uşaqlardan biri də İlqar idi. O yaşlarda olan uşaqlarda qorxu ilə birgə nifrət, kin də böyüyürdü. Xüsusilə, oğlan uşaqlarında bu özünü daha qabarıq büruzə verirdi. Neçə-neçə yeniyetmə oğlanlar əsgərlik yaşı çatmasa da ermənilərə qarşı mübarizə aparan ordunun tərkibinə yazılaraq müdafiəyə qoşulurdular. Belə yeniyetmələrdən biri də İlqar Vəliyev idi. Hələ 96 nömrəli texniki peşə məktəbində sənət öyrənirdi. Lakin rayonumuzun üzərindəki qara buludu görəndə rahat dayana bilmirdi. Odur ki, qərarını qətiləşdirib, 17 yaşında 1993-cü ildə 703 saylı hərbi hissənin “20 yanvar” batalyonuna müraciət edir, lakin yaşı az olduğu üçün onu hərbi hissəyə qəbul etmirlər.
Son dəfə onun inadını görüb, cəsarətinə inanıb, batalyonun tərkibinə könüllü olaraq qəbul etdilər…
İlqar o günü belə xatırlayır: “Mənə “RPK” silahını həvalə etmişdilər”. Batalyon komandirim bakılı Natiq, qərərgah rəisim tərtərli Nadir idi. Biz 9 nəfərlə birgə Madagiz uğrunda gedən döyüşlərin birində yaralanmış döyüşçüləri çıxarmalıydıq. Tapşırığı yerinə yetirərkən atışma başladı. Bu zaman minaatan mərmisinin qəlpəsindən əvvəlcə qarın nahiyəsindən, eyni anda ayağımdan yaralandım. Bu vaxt yoldaşlarım məni Tərtər mərkəzi xəstəxanasına çatdırdılar. Burada əməliyyat olunduqdan bir gün sonra müalicə üçün məni Bakı şəhərindəki Sabunçu xəstəxanasına göndərdilər. 9 ay müalicə aldıqdan sonra yenidən əməliyyat olundum. 1994-cü ildən ordudan tərxis edildim…
İlqar Vəliyev Qarabağ əlili kimi ona göstərilən dövlət qayğısından razılıqla söz açır. Təqaüd aldığını, dövlət tərəfindən 2 otaqlı evlə təmin olunduğunu və minik avtomobili verildiyini bildirirdi. Göstərilən diqqət və qayğıya görə respublika Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədova öz minnətdarlığını ifadə etdi.
İlqar Vəliyev ailəlidir. 2 övladı var. Qızı Fəridə ailə qurub, oğlu Şahin orta məktəbdə təhsil alır. İlqar qısa bir döyüş yolu keçsə də, müharibənin dəhşətlərini yaşamışdır. Ağır günlərin dostları haqqındakı xatirələr İlqar Vəliyev üçün müqəddəsdir.
Elfuzə CAMALQIZI