“Torpaq əgər uğrunda ölən varsa vətəndir”. Vətən bizim anamız, and yerimiz, güvəncimiz,
taleyimizdir. Dünyaya gələndə beşiyimiz, dünyadan köçəndə məzarımız Vətəndir. Vətən yolunda şəhidlik ən ali bir zirvədir. Əsl qeyrət, hünər və mərdlik, şərəf və ləyaqət zirvəsidir.
Bu günlərdə rayonumuzun ümumtəhsil məktəblərində adlarını daşıdıqları şəhidlərin anım günləri keçrilib
.Fəxrəddin Orucov adına Seydimli, Adil Həsənov adına Buruc, Vüqar Cəfərov adına Əksipara, Rizvan Nəbiyev adına Soyulan kənd tam orta məktəblərində keçirilən tədbirlərdə müəllimlər, şagirdlər, şəhidlərin hər birinin doğmaları, Qarabağ müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Hər bir məktəbdə şəhidlərin həyatı və keçdikləri döyüş yolu haqqında məlumat verilib, qəbirləri ziyarət olunaraq, üzərlərinə gül-çiçək dəstələri qoyulub. Çıxış edənlər–Fəxrəddin Orucovun, Adil Həsənovun, Vüqar Cəfərovun və Rizvan Nəbiyevin, bir amal uğrunda–Vətənin, xalqın müdafiəsi, torpaqlarımızın toxunulmazlığı, ərazi bütövlüyümüz uğrunda gedən mübarizədə şəhid olmalarından danışdılar. Məktəblilərin söylədikləri şeirlər, ədəbi-bədii kompozisiyalar tədbir iştirakçılarını duyğulandırdı. Qəhrəmanlıqla şəhid olmuş mərd oğullarımızın ruhuna şamlar yandırıldı, dua-lar oxundu. Onların hər birinin həyatı cild-cild kitabların yazılmasına layiqdir, hər biri tarixin qəhrəmanlıq səhifəsində bir mövzudur. Allah şəhidlərimizə rəhmət eləsin! “Yeni Tərtər”