Azərbaycan xalqının mentalitetinə uyğun olaraq yaşlı insanlara qayğı göstərməyi cavan nəsil hər zaman özünə borc bilir. Bütün dünyada olduğu kimi Azərbaycanda da oktyabrın 1-i Beynəlxalq Ahıllar günü kimi qeyd olunur. Lakin nənə və baba olan insanlar üçün ayrıca bir gün müəyyən edilib. Bir çox Avropa ölkələrində “Nənələr və babalar” günü qeyd olunur. 2008-ci ildən 8 fevral günü Beynəlxalq nənələr və babalar günü kimi qəbul olunub və bu təşəbbüsü həm YUNESKO, həm də Avropa Birliyinin mədəniyyət üzrə komissiyaları dəstəkləyib. Həmin gün yaşından aslı olmayaraq nənə və babası olan hər kəs onların ziyarətinə gedir.
Ailəni evin kişisi ilə tanıyarlar.
Ailələrimizin ağıllı, dünyagörüşlü böyüklərə–nənə və babaya həmişə ehtiyacı var. Həm böyük, ağsaqqal-ağbirçək kimi, həm də nəvələrin böyüdülməsində və tərbiyə olunmasında ata-analarla bərabər bu iki şəxsin də zəhməti olur. Nənə və babalar təkcə bi-zum nağıl dünyamız deyil, həm də ağıl dünyamızdır.
Bu günlərdə fotomüxbirimiz Kənan Hüseynzadənin bələdçiliyi ilə bir nənə-babanın görüşünə getdim. Onlarla görüşüm məni heyrətləndirdi. Xüsusilə babanın sinədəftər və iti yaddaşlı olması məndə təəccüb yaratdı. Onun sinəsi ibrətamiz sözlərlə dolu idi. Olanları sanki dünən olubmuş kimi danışması, söz xəzinədarlarımız Aşıq Ələsgərdən, Molla Vəli Vidadidən, Füzulidən, Əliağa Vahiddən və başqalarından gətirdiyi nümunələr elə bil məni sehirləmişdir.
Özlüyümdə düşündüm ki, bu yaşda Allahın heç nəyi əsirgəməmiş ahıl bir insanın zəkası budursa gör cavanlığı necə olub?! Əlbəttə, bu nürani insanın söylədikləri hikmət bir iliniki ilin işi deyil, bir ömrün qazancıdır. Keçdiyi ömür yolu onu belə müdrikləşdirib, el-obaya, xalqa tanıdıb. Bu ailənin görüşünə tanınmış ziyalılar, telekanalların nümayəndələri, bir çox insanlar gəlib. Bu el ağsaqqalı indi də yaşının bu çağında zəhmətdən ayrılmır. Əkdiyi cinar ağacı kimi köklü və qollubudaqlıdır. Hələ çoxlarının marağına səbəb ola biləcək bu insan doğma rayonumuzun İrəvanlı kəndində yaşayan Məmmədov Məhərrəm Nəsrulla oğludur.
Məhərrəm Məmmədov kimdir?
Əslən Qərbi Azərbaycanın Kotayk (İndiki Abovyan) rayonunun Koxt kəndində 1932-ci ildə dünyaya gəlib. 1949-cu ildə ailəsi və yaxın qohumları ilə birgə 11 ailə Tərtərin İrəvanlı kəndində məskunlaşıb. Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini bitirən Məhərrəm Məmmədov rayonumuzdakı bir çox inzibati binaların inşasında, hətta Sərsəng Su Anbarının tikintisində çalışıb. Söhbətimiz zamanı bildirdi ki, strateji əhəmiyyətli Tərtər körpüsünün salınmasında, Bərdə rayonundakı abidənin tikintisində bir inşaatçı kimi böyük əmək sərf edib.
Söz-sözü çəkib gətirdi. Sərsəng Su Anbarı və Tərtər çayı üzərindəki Tərtər körpüsü haqqında fikirlərini bildirərkən dedi ki, on-ların uçulub dağıdılması asan məsələ deyil.
Həyatını qurub-yaratmağa sərf etmiş bu insan ömrünün bir hissəsini “RTS”-də təchizat mexaniki vazifəsində çalışdığını söylədi. O, 1990-cı illərin əvvəlinə kimi burada çalışıb. Məhərrəm Məmmədov təkcə hökümət işləri ilə kifayətlənməyib. O, təsərrüfat işləri ilə də məşğul olub, ailəsi ilə birgə həyət-bacasında mal-heyvan saxlayıb, toyuq-cücə bəsləyib. “Ailəni həmişə kişi ilə tanıyarlar”– deyib.
Bəs Məhərrəm Məm-mədovun ömür-gün yoldaşı kim olub?
Bir sevginin şahidi çinar
Xeyli vaxt idi ki, gənc Məhərrəmin ürəyinə bir qızın sevgisi düşmüşdü. Bundan ailəsinin də xəbəri vardı. Doğrudur, bu qızın qohumluğu çatsa da, şəhər mühitində yaşaması onun ailəsini tərəddüdə salırdı. Palkovnik qızı kənd mühitində necə yaşayacaq deyə düşünürdülər. Lakin Məhərrəm Şəfiqədən başqa heç kimlə evlənməyəcəyini bildirmişdi.
Nəhayət, Məhərrəmin elçiləri Şəfiqəgilə yollanır. Çox söz-söhbətdən sonra razılıq alınır və nişan günü təyin olunur. Deyilən vaxt qohum-əqraba yığışır ki, nişan aparılsın. Hamı sevinir. Məhərrəm isə doğmaları nişana yola düşməmiş bir pöhrə çinar ağacını həyət qapısının ağzında əkir. Əkir ki, bu Şəfiqə ilə Məhərrəmin sevgisinin ilk nişanəsi olsun. El adəti ilə nişan qoyulur. Onlar iki il nişanlı qalırlar. Məhərrəm nişanlısı üçün Tərtərdən Bakıya qurbanlıq qoç da göndərir. Əkdiyi pöhrə çinar isə həm əkildiyi torpağı sevdiyindən, həm ona göstərilən nəvazişdən pöhrələnib böyüyür, gündən-günə çinarın kökü torpağın dərinliyinə işləyir. Nəhayət, hər iki gəncin həsrətinə son qoyulur. 1959-cu il oktyabr ayının 25-də Məhərrəm Məmmədovla Şəfiqə Xudaverdiyeva ailə həyatı qururlar. Toy gününə kimi iki gəncin sevgisinin şahidi olan çinar ağacına təkcə Məhərrəm qulluq edirdisə, indi Şəfiqənin də diqqətindən kənarda qalmırdı bu ağac.
Artıq illər ötürdü. Həm şahid çinar qol-budaq atırdı, həm də Məhərrəmlə Şəfiqənin ailəsi böyüyürdü. Onların birgə evlilikdən 5 övladları doğulmuşdu – 2 oğlan, -3 qız. Yaşar, Rəsul, Nailə, Nüşabə, İradə. Ata-ananın arzusu tərbiyəli, ağıllı, savadlı övlad böyütmək idi. Uşaqlar ev işlərində anaya kömək durar, həyət-bacada əkin-biçin edər, mal-heyvanın, toyuq-cücənin saxlanmasında öz yardımlarını göstərərdilər, hətta şahid çinarın qorunub saxlanmasında öz qayğılarını əsirgəməzdilər.
Yel qanadlı illər bir göz qırpımında ötüb keçirdi. Şahid çinar da qol-budaq atıb böyüyürdü. Məhərrəm və Şəfiqə Məmmədovların övladları da. Yorulanda çinarın kölgəsində nəfəs alıb dincələrdilər.
Beləcə Məhərrəm və Şəfiqə cütlüyü birgə ömür sürərək bu günümüzə kimi gəliblər. Düz 61-ildir nişan günü əkilən çinarın şahidliyi ilə ömürlərini davam etdirirlər. 80 yaşlarını ötürüblər. Bu günə kimi abır-ismətlə dolanıblar, söz-söhbətsiz, dava-şava-sız.
Nənə və babanın arzusu nəvələr
Bu gün Məhərrəm baba, Şəfiqə nənə bir evin, bir ailənin, hətta bir elin-obanın ağsaqqal-ağbirçəyinə çevriliblər, əzizi, sevimlisi olublar. Ailələri böyüyüb. Oğullu-qızlı, gəlinli, nəvəli-nəticəli böyük ailə olublar. Burada hər kəs sözlü-söhbətli babadan, ismətli nənədən dərs alıb-lar. Şəhərdə yaşayanı da var, kənddə yaşayanı da… Lakin nənə və baba tikdikləri evdə Qarabağ müharibəsi əlili olan oğlu Rə-sulun ailəsi ilə birgə yaşa-yırlar. Şad günlərdə bir yerə toplaşaraq baba və nənəni yad edirlər. Nəvələrin ən dəli-dolusuna sözlü-söhbətli babanın adını qoyublar. Baba Məhərrəmin davamçısı sayılır nəvə Məhərrəm. Kənd ça-maatı və qohum-əqraba arasında sayılıb-seçilən şəxslərdən hesab olunur Məhərrəm baba. Sinəsi sözlə dolu olan bu adam indi el ağsaqqalına çevri-lib. Nişan, toy məclislə-rində iştirak edərək gənc-lərə xeyr-dua verər. Həmişə gənclərə ağıllı məsləhətlər verər Məhərrəm baba. Ona görə də Məhərrəm babanın hər evdə yeri var.
Sorağı ilə gəldiyimiz nənə-babadan xoş ovqatla ayrılırıq. İnanıram ki, bu nənə-babanın arzusu olan nəvələrin, nəticələrin sayı da gündən-günə artacaq, şahid çinarın qol-budağı da çoxalacaq. Nəvə-nəti-cələr isə Məhərrəm baba ilə Şəfiqə nənəni arayıb-axtararaq könüllərini sevindirəcəklər.
Elfuzə VƏLİYEVA