Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Fev

    Qürur mənbəyimiz olan milli-mənəvi dəyərlərimizə mətbəximiz, milli geyimlərimiz, musiqi nümunələrimiz, qədim abidələrimiz, dövlət rəmzlərimiz və s. daxildir. Qonaqpərvərlik, böyüyə hörmət, ailəyə qayğı və s. digər yüksək keyfiyyətlər millətimizə xas olan xüsusiyyətlərdir.
    Bu nümunələr gələcəyimizin inkişafına örnək olan varlığımızdır. Buna görə də müstəqil ölkəmizdə mətbuatın, televiziyanın və pedaqoji heyətin hər bir üzvi milli dəyərlərimizi geniş surətdə təbliğ etməlidirlər.
    Ümummilli lider Heydər Əliyev deyib: “Bizim milli dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır. Milli dəyərləri olmayan millət həqiqi xalq ola bilməz. Biz heç vaxt öz milli dəyərlərimizi unutmamalıyıq. Onu yaşatmaq, ondan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir”.
    Hal-hazırda möhtərəm Prezidentimiz İlham Əliyev milli-mənəvi dəyərlərin qorunması üçün əhəmiyyətli tədbirlər həyata keçirir. 2012-ci ilin Naxçıvan Muxtar Respublikasında “Milli dəyərlər ili” elan olunması buna nümunədir.
    Azərbaycan ədəbiyyatında milli-mənəvi dəyərlərimiz həmişə uca tutulub. Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanına daxil olan “İtə ataram, yada satmaram” epizodu xalqımızın milli dəyərləri sırasına daxil olan xalça ilə bağlıdır. Yazıçı bu əsərində pula-çox ehtiyacı olan Sona adlı qadının özü toxuduğu “Yusif-Züleyxa” xalçasını satmaq üçün bazara gətirdiyindən bəhs edib. Lakin Azərbaycan qadını xalçanı heç bir pula dəyişmir və “İtə ataram, yada satmaram”–deyir.
    Azərbaycanın tarixi, mədəniyyəti hər zaman başqa dövlətlərin nəzər nöqtəsi olmuşdur. Böyük rus yazıçısı Lev Tolstoy “Hacı Murad” əsərində adət-ənənələrimizə yüksək qiymət verib.
    Lakin tarixdə milli-mentalitetimizə zidd olan təsirlər olsa da, (Sovet imperiyasının dövründə dini bayramların qeyd olunmaması və s.) Azərbaycanda milli dəyərlərimizə mənfi təsir etsə də, onlar xalqın yaddaşından silinməmişdir. Millətimiz tarixi şəxsiyyətlərin “Keçmişi unutma, çünki o gələcəyin müəllimidir” sözünə həmişə sadiq olub.
    Acınacaqlı haldır ki, işğal olunan torpaqlarımızda tarixi abidələrimiz erməni vandalizminə məruz qalır, dağıdılır. Bunlar azmış kimi musiqimizi, mətbəximizi oğurlayıb, özlərininki etməyə çalışırlar.
    Mənəvi irsimizi yad təsirlərdən qorumaq üçün əlimizdən gələni əsirgəməyək!
                                                                                                                                                                                    Nübar XANLARQIZI

    Müəllif: Redaktor, 08:41

İsmarıclar bağlıdır.