Tərtər Rayon İcra Hakimiyyəti və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Tərtər şəhərində “Ölkə üzrə
icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd əhalini icbari tibbi sığorta sistemi, sistemin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlıq barədə məlumatlandırmaq olub.
Tədbirdə Tərtər rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov, Tərtər Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Yaşar Hüseynov, Agentliyin əməkdaşı Elvin Abbasov iştirak ediblər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov bildirib ki, ölkə rəhbərliyi əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirir. Onlardan biri də ölkə üzrə icbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı verilən qərardır.
Mərkəzi rayon xəstəxanasının baş həkimi Yaşar Hüseynov bildirib ki, icbari tibbi sığortanın tətbiqi ilkin səhiyyə xidmətinin, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşməsinə səbəb olacaq.
Agentliyin əməkdaşı Elvin Abbasov icbari tibbi sığorta sisteminin mahiyyəti, xidmətlər zərfi çərçivəsində təminata alınan tibbi xidmətlər, əhali qrupları üzrə sığortahaqları, sığortaolunanların, eləcə də sığortalıların hüquq və vəzifələri barədə məlumat verib.
Sonda vətəndaşları maraqlandıran suallar cavablandırılıb.
“Yeni Tərtər”
-
30Yan
Müəllif: Redaktor, 15:27