Dünya ədəbiyyatına gözəl nümunələr bəxş edən Məhəmməd Süleyman oğlu Füzuli 1494-cü ildə Kərbəlada dünyaya göz açıb. Füzuli sözünün mənası çox danışan deməkdir. Bayat tayfasının nümayəndəsi olan bu şəxsiyyət mükəmməl təhsil almışdı. Savadlı olduğu üçün (tarix, fəlsəfə, tibb və başqa elmlərə bələd idi) ona “Molla”, “Mövlanə Füzuli” deyirdilər. Əhdü Bağdadi “Gülşənüş şüara”(“Şairlərin gülşəni”) əsərində onu dövrünün alimi adlandırıb. Sadə həyat yaşayan Füzuli saraylardan uzaq olub.
İngilis alimi Gibb Füzulini “qəlb şairi” adlandırıb və deyib: “Füzuli ilhamını hər hansı bir şairin əsərindən deyil, öz qəlbindən alırdı. O, öz dühasının işığı ilə parlayaraq özünə xas olan yeni yol tapmışdır. Bu yolda onun sələfi yoxdur”.
Yaradıcılığa gənc yaşlarından başlayıb. Əsərlərini üç dildə(azərbaycan, ərəb və fars) qələmə alıb. O, epik, lirik növdə və nəsr həm də nəzmlə bənzərsiz nümunələr yaratmışdır. Ədəbiyyatımızda ana dilində ilk nəsr əsəri(“Şikayətnamə”), tərcümə əsəri(“Hədisi-ərbəin”), bir əsərdə bir neçə bəhrdən istifadə olunan əsər(“Leyli və Məcnun”), alleqorik poeması(“Həft Cam”) Füzuli yaradıcılığına məxsusdur.
Öz əsərlərinin bir çoxunda insanların ehtiyaclarını qabarıq şəkildə ifadə edib. Yaradıcılığı qiymətli nümunələrlə zəngin olan şairə Nizaminin, Nəvainin, Həbibinin, Nəsiminin təsiri olub. Özündən sonra örnək olacaq yaratdığı ədəbi məktəbin davamçıları–Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan və Qasım bəy Zakir kimi Azərbaycanın klassik şairləri hamımıza məlumdur.
Qəzəl janrının görkəmli nümayəndəsi olması ilə bağlı belə bir deyim var ki, rübai deyəndə Ömər Xəyyam yada düşdüyü kimi, qəzəl adı çəkiləndə də Məhəmməd Füzuli xatırlanır. “Əql yar olsaydı”, “Söz”, “Məni candan usandırdı”, “Can vermə qəmi-eşqə ki, eşq afəti-candır”, “Aşiq oldum yenə bir tazə güli-rənayə”, “Heyrət ey büt”, “Yenə ol mah mənim aldı qərarım bu gecə” və s. möhtəşəm qəzəl nümunələri yaradıb.
Məhəmməd Füzuli eşqi ecazkar şəkildə əsərlərində tərənnüm edirdi. Onun məhəbbət mövzusunda, əruzun rəməl bəhrində, 8 beytdən ibarət, bədii suallar əsasında qurulan yazdığı “Əql yar olsaydı” qəzəlinin təhlilinə diqqət yetirsək, Füzulinin məhəbbəti necə saf bir ucalıqdan duyduğunu görərik:
Əql yar olsaydı, tərki-eşqi yar etməzmidim?
İxtiyar olsaydı, tərki-eşqi yar etməzmidim
–bu misrada şair ağılla eşqi qarşılaşdırır və üstünlüyü eşqə verir. Çünki ixtiyar olsaydı eşqdən qurtulardı deyir.
Ləhzə-ləhzə surətin görsəydim, ol şirin ləbin,
Sən kimi, ey Bisütun, mən həm qərar etməzmidim?
–beytdə Nizaminin “Xosrov və Şirin” poemasındakı Fərhad hekayətindəki Fərhadın dağın üzərində Şirinin rəsmini həkk etməsindən bəhs edib.
Nişə məhrəm eylədin şəmi, məni məhrum edib,
Mən sənin bəzmində can nəqdin nisar etməzmidim?
özünü şamla müqayisə edir və sevgilinin yolunda şamtək əriməsini dilə gətirir.
Dərdimi aləmdə pünhan tutduğum naçardır,
Uğrasaydım bir təbibə, aşkar etməzmidim?
–bu sözlərlə dərdinin dərmanın olmadığı üçün həkimə getmədiyini və çarəsinin ancaq məşuqədə olduğunu ifadə edir.
Yar ilə əğyarı həmdəm görməyə olsaydı səbr,
Tərki-qürbət eyləyib, əzmi-diyar etməzmidim?
–aşiqin öz məşuqunu əğyarla birlikdə görməyə səbri olmadığı üçün özü qürbət elə gedir.
Vaizin küfrün mənim rüsvalığımdan qıl qiyas,
Onda sidq olsaydı, mən təqva şüar etməzmidim?
–öz rüsvayçılığı ilə vaizin günahlarını müqayisə edir, din xadiminin ibadətinin düzgün olmadığını göstərir.
Ol güli-xəndanı görmək mümkün olsaydı mənə,
Səntək, ey bülbül, gülüstanə güzar etməzmidim?
–aşiq sevgilisini gülə, özünü isə bülbülə bənzədir.
Ey Füzuli, daği hicran ilə yanmış könlümü,
Laləzar açsaydı, seyri-laləzar etməzmidim?
–ayrılıq közü ilə yanmış qəlbini laləyə bənzədir.
Şeirlərinin dili çətin olsa da, hər bir söz məntiqdir və kəskin məna daşıyır. Həm eşq, həm də kədər şairi olan Füzulini “Söz Allahı” adlandırırlar. Sözə yüksək qiymət verən Füzuli “Söz” qəzəlində yazırdı:
Xəlqə ağzın sirrini hərdəm qılır izhar söz,
Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz.
–beytində dahi şair sözün insanın sirrini hər kəsə açdığını söyləyir.
Onun “Padişahi-mülk”, “Saqinamə” və digər qitələri vardır.
Təhsilə, tərbiyəyə böyük üstünlük verən Azərbaycan ədəbiyyatının fəxri Məhəmməd Füzulinin “Ey müəllim” qitəsindən nümunəyə nəzər salaq:
Ey müəllim, aləti təzvirdir əşrarə elm,
Qılma əhli məkrə təlimi məarif, zinhar!
Hiylə üçün elm təlimin qılan müfsidlərə
Qətliam üçün verər cəllada tiği abidar–bu qitədə Füzuli məkr əhlinə elm öyrədənin ona baş kəsmək üçün qılınc verdiyini bildirir.
“Məni candan usandırdı” adlı qəzəlini isə əruzun həzəc bəhrində yazıb.
Məni candan usandırdı, cəfadan yar usanmazmı,
Fələklər yandı ahumdan muradım şəmi yanmazmı?
–beytində aşiqin cəfası təsvir edilir. Aşiqin iztirabı şəmin gecələr yanmasına bənzədilir.
“Padişahi-mülk” qitəsində göstərilib:
Padişahi-mülk, dinarü-dirhəm rüşvət verib,
Fəthi-kişvər qılmağa eylər mühəyya ləşkəri
Yüz fəsadü fitnə təhrikilə bir kişvər alır,
Ol dəxi asari-əmnü istiqamətdən bəri.
Həmin sözlərlə şair demək istəyir ki, hökmdarın rüşvət verib qoşun yaradır və hiylə ilə ölkəni alır. Padşahın taladığı dövlətlərdə narahatçılıq hökm sürür. Çünki əhali çətinliklərə məruz qalıb.
Qiymətli nümunələrin müəllifinin 4 poeması var. Onlardan üçü ana dilində–“Leyli və Məcnun”, “Bəngü Badə”(“Tiryək və Şərab”), “Söhbətül Əsmar”(“Meyvələrin söhbəti”), biri–“Həft Cam”(“Yeddi Cam”) isə fars dilində yazılıb. “Bəngü Badə”ni tiryək və şərabın timsalında Səfəvi hökmdarı Şah İsmayıl Xətai ilə Osmanlı hökmdarı Sultan Süleyman Qanuni arasında gedən münaqişəyə həsr edib. “Həft Cam” poemasında dövrün haqsızlıqlarını, “Söhbətül Əsmar”da özündən razılıq, “Leyli və Məc-nun”da qadın azadlığı problemi tənqid olunur. “Şikayətnamə” adlı nəsr əsərində cəmiyyətdə baş verən haqsızlıqlardan(hətta bu poemada məşhur “Salam verdim, rüşvət deyildir, deyə almadılar” ifadəsi var), “Hədiqətüs-süəda”da isə din xadimlərindən bəhs edib. Bundan başqa “Rindü Zahid”, “Səhhət və Mərəz” adlı fars dilində yazdığı əsərləri vardır. Füzuli həm də “Hədisi-ərbəin”(40 hədis) adlı tərcümə əsərinin müəllifidir, həm də “Mətləül etiqad” adlı elmi fəlsəfi traktat yazıb.
Ədəbiyyatımızın ən böyük klassiklərindən biri olan Məhəmməd Süleyman oğlu Füzulinin yaradıcılığından yazmaqla qurtarmaq olmaz. Böyük dramaturq Cəfər Cabbarlı deyib: “Şairlər, ədiblər Füzulini ötmək deyil, bəlkə yanına yetişmək və var qüvvələri ilə öz əsərlərini Füzulinin əsərlərinə bənzətməyə çalışırdılar”.
Çox qısa şəkildə olsa da, onun həyat və fəaliyyətinə ani nəzər saldıq. Füzulinin yaradıcılığı təkcə Azərbaycanda deyil Avropada(Hammer, Purtiqal, Braun Rio, Beq-li, Aibb), Rusiyada(D.Smirnov, A.Krımski, Y.E.Bertels) və Yaxın Şərqdə öyrənilib. Həmid Araslı “Böyük Azəzərbaycan şairi Füzuli”(1958), Məmməd Cəfər “Füzuli düşünür”(1959), Fuad Qasımzadə “Qəm karvanı” və ya “Zülmətdə nur”(1967), Sabir Əliyev “Füzulinin poetikası”(1986) adlı monoqrafiyaları Məhəmməd Füzuliyə həsr ediblər. Üzeyir Hacıbəyov şairin “Leyli və Məcnun” əsərinə “Leyli və Məcnun” operasını, Cahangir Cahangirov “Məni Candan usandırdı” qəzəlinə “Füzuli kantatası”nı, Bəxtiyar Vahabzadə “Şəbu Hicran” poemasını yazıb.
Azərbaycanda Füzuli irsi uca tutulub. Belə ki, 1994-cü il Füzuli ili elan olunmuş, 1996-cı ildə isə ulu öndər Heydər Əliyevin sərəncamı ilə Əlyazmalar İnstituna dahi mütəfəkkirin adı verilib. Onun əsərləri Azərbaycanda 5 cilddə çap olunub.
Ölkəmizdə bir çox məşhur yerlərə Füzulinin adı verilib, Azərbaycanın rayonlarından biri Füzuli rayonu adlandırılıb. Onun adına küçələr, meydanlar, xiyabanlar, mədəniyyət və istirahət ocaqları, məktəblər vardır. Məhəmməd Füzuli, ələlxüsus, Azərbaycan xalqının ürəyində özünə əbədi heykəl ucaldıb.
Şair öz vəsiyyətinə əsasən İmam Hüseyn məqbərəsinin yaxınlığında torpağa tapşırılıb.
NÜBAR XANLARQIZI